Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6080/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5815/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(011)-7322/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdın başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 yetikinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 30 manat məbləğinda dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5815/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulmalı olan alimentin miqdarının artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 2016-cı il tarixdə Bakı şəhərində Xətai Rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 27 iyul 2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5815/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 193 manat məbləğində alimentin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(01 1)- 5815/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment ilə uşağın minimum dolanacaq xərclərinin ödənilməsi üçün kifayət etmir.Uşaq hazırda iddiaçının yanındadır. Onun ehtiyaclarını ödəməkdə iddiaçı çətinlik çəkir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(011)-5815/2022 saylı qətnaməsi əsasında 27 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması və Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddəsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 13-cü maddələri, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət rüsumu haqqında” Qanununun 9.1.2, 9.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88,112, 119.1, 124.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-4057/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsi və cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağn əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Lakin, buna baxmayaraq məhkəmə işə öz mülahizəsinə və formal əsaslarla baxaraq qanunsuz yekun məhkəmə aktı qəbul etmişdir. Müəyyən edilməli olan hal məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə işin ədalətli və düzgün araşdırlmasını təmin etməyərək qəbul etdiyi qətnamə ilə yalnız iddiaçının mövqeyini müdafiə etməklə cavabdehin qanundan irəli gələn hüquqlarını pozaraq məhdudlaşdırmışdır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olsalarda, iddiaçı öz üzərinə düşən valideynlik vəzifəsini yerinə yetirmir, işləməli olduğu halda işləmir. Məhkəmə hec bir sübutu qiymətləndirməyib. Çünki sübut yoxdur. Tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimnetin miqdarının artırılması imkanı yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və maddi vəziyyətində əhəmiyyətli pisləşməni təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı araşdırma aparmamış və cavabdeh barəsində inzibati protokolu nəzərə almamışdır. Məhkəmə alimnetin artırılması barədə formal nəticəyə gəlsə də, cavabdehin maddi və sosial (yeni nikaha daxil olma) vəziyyətini araşdırmamışdır. Eyni zamanda məhkəmə iddiaçının stabil işə sahib olmasını da araşdırmamışdır. Cavabdehə isə yeni sübut təqdim edilməsi üçün şərait yaradılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Xətai Rayon Məhkəməsinin alimentin artırılması ilə bağlı həmin vaxt hər hansı bir əsas mövcud olmayıb. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən aliment artırılan zaman artıq köhnə təcrübə yox,yeni təcrübə üstün tutulur və istər iddiaçının,istərsə də cavabdehin vəziyyətində hər hansı dəyişiklik olarsa bu nəzərə alınmalıdır.İddiaçının vəziyyətinin yaxşılaşması,cavabdehin vəziyyətinin yaxşılaşması və bu kimi hallar nəzərə alınmalıdır.Məhkəmə işə yaşayış minimumun tələbləri əsasında qiymət verib.Ailə Məccəlləsində uşaqları saxlamaq valideynlərin borcudur,orada bir valideynin borcu olması yazmayıb.Bunu nəzərə alaraq qətnamə qəbul edilməlidir.Mənim məhkəməyə təqdim etdiyim nikah haqqında şəhadətnamədən də göründüyü kimi cavabdeh yenidən nikaha daxil olmuşdur.Bununla bağlı tərəfin xərcləri də artmışdır.Eyni zamanda qarşı tərəf fərdi əməklə məşğuldur və müvafiq gəlir əldə edir,ata da köhnə aliment məbləğini ödəyir. Cavabdehin vəziyyətinin yaxşılaşması və uşağın tələbatının artması ilə bağlı heç bir sübut yoxdur.Xətai Rayon Məhkəməsi mövcud qanunvericilikdən uzaqlaşaraq formal yanaşma vermişdir.Ona görə də məhkəmədən xahiş edirik ki,10 iyul 2023-cü il tarixli qətnaməni ləğv edərək iddia tələbini təmin edilsin. Atanın yeni yoldaşı ilə bağlı da xərcləri var.İddiaçı tərəf də atanın vəziyyətinin yaxşılaşması və özünün vəziyyətinin pisləşməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməyib.Sadəcə olaraq dövlət alimentin miqdarını artırıb. Məhkəmə alimenti artırmaqla qanunvericiliyin tələbini pozub.
10. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirir ki, 193 manatla uşaq saxlamaq mümkün deyil,uşağın məktəb xərcləri, əlavə dərsləri və başqa xərcləri var. O, kirayədə qalır və uşağını saxlamalıdır. Kirayə qalmaqla bağlı məhkəməyə sübut təqdim etməyib,amma lazım olsa edə bilər.193 manat aliment alır,7 manat da cavabdeh əlavə ödəyir. 500 manat əmək haqqı alır. O, anası ilə qalır,tək qalmır. Anası heç bir yerdə işləmir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
16. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5815/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu artırılaraq 2022-ci il üçün 193 manat, 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.
24. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
25. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh 27 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment İddiaçı xeyrinə ödənilməsini ədalətli və ağlabatan hesab edir.
26. Cavabdehin yenidən nikaha daxil olması və maddi vəziyyətinin aşağı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
27. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.
32. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4057/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev