Məhkəmə qərarları › İş №2(103)-6081/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6081/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6081/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6081/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X6 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

2. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən o, qohumu Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Daha sonra Eyvaz ona zəng edərək göndərdiyi 93000 manata 2 (iki) ədəd ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısa müddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını Eyvazdan tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır.

3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən İddiaçı onun qohumudur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər-hansı mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Qafar ona zəng edərək, rus pulunun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları Qafarın həyat yoldaşına çatdırmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində Qafar ona hissə-hissə olmaqla, ümumilikdə 42000 manat pul göndərmiş, o isə həmin pulu Qafarın həyat yoldaşı Salahova Çinarəyə vermişdir. O, İddiaçı yalnız 42000 manat pul almışdır, həmin pulu da Qafarın həyat yoldaşı Çinarə xanıma vermişdir. bundan əlavə aralarında pul məsələsi olmamışdır.

4. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, həyat yoldaşı Cavabdeh və İddiaçı arasında olan danışıqlara qarışmamış, xəbəri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Qafar onun adına 5000 ABŞ dolları göndərmiş, daha sonra göndərilən pulu Eyvazla bankdan götürdükdən sonra Eyvaza təhvil vermişdir.

5. Əsgərov Hicran Xeybər oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, Cavabdeh onun qonşusudur. İddiaçı xx.xx.2021-ci il tarixdə onun adına 10000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə yenidən 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə göndərilən 20000 ABŞ dolları məbləğində pulu Eyvaza təhvil vermişdir.

6. İddiaçı ilə nikahda olan X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, 2014-cü ildə İddiaçı ilə ailə qurmuşdur və birgə nikahdan üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Qafar RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmaqla 1 (bir) il Azərbaycanda yaşamış və yenidən həyat yoldaşının yanına qayıtmışdır. O, ikinci dəfə Yakutiyaya qayıtdıqda Qafarın orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il birtəhər dözüb, Qafarın ailəsinə qarşı diqqətsizliyini görüb 2021-ci ildə yenidən Azərbaycana qayıtmışdır. Qafar onu yola salanda hissə-hissə pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. O, həmin pulu müxtəlif adamların adından və öz adından qohumu olan Cavabdeh adına yollayırdı. Qafar pulu göndərən kimi ona zəng edərək hansı məbləğdə pul göndərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra Eyvaz da pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. Bildirir ki, onun 2021-ci ildə RF-dan Azərbaycana qayıtmağına səbəb o olmuşdur ki, Qafar orada saxladığı qadını artıq gətirib onunla bir evə salmışdır. O, qayıtdıqdan sonra boşanmaya ərizə verdi. Lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymadı və onları barışdırdılar. Bir müddət sonra o, Qafarın artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023-cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları Ələt qəsəbəsinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, Qafar Bakıda bacısının adına ev almışdır. Qeyd edir ki, Qafar iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparmışdır. Qafarın göndərdiyi bütün pulları Eyvaz ona gətirib çatdırmış və sonra həmin pulları Qafar ondan almışdır. Qafar Azərbaycana gəldikdə Eyvazın bacısı qızı olan, boşanan qadınla ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə Qafarla mübahisə etmiş, Qafar onu döymüş və demişdir ki, Eyvazın da, onun da başına oyun açacaq.

7. Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovniki A.Mahmudovun xx.xx.2023- cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, İddiaçı müraciətində göstərdiyi fakt öz təsdiqini tapmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 ABŞ dolları və 50.500 manat olmaqla, ümumilikdə 93.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuşdur, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. İddiaçı Azərbaycanda özünə ev almaq məqsədilə qohumu Eyvazla məsləhətləşən zaman Eyvaz əgər iddiaçı ona pul göndərərsə onun adına ev alacağını bildirmişdir. İddiaçı Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Həmin pulun bir hissəsini 25000 ABŞ dolları, bir hissəsini isə 50500 manat şəkilində vermişdir. İddiaçı həmin pulun bir hissəsini Eyvazın həyat yoldaşı X7 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu vasitəsi ilə Cavabdeh göndərmişdir. X4 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dollarını iddiaçıdan alaraq Cavabdeh verdiklərini bildirmişlər. Eyvaz iddiaçıya bildirmişdir ki, 93000 manata Qaradağ rayonu Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə evləri öz adına alar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə evləri dərhal onun adına keçirər. İddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra Eyvaz iddiaçıya zəng edərək bildirmişdir ki, iddiaçının göndərdiyi 93000 manata 2 ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onun iddiaçını aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri iddiaçı Azərbaycana gələndə satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. İddiaçı isə bununla razılaşmış və xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. İddiaçı dəfələrlə qohumları vasitəsilə 93000 manat pulu geri verməsini tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. Aradan 2 il keçməsinə baxmayaraq, Cavabdeh nəinki 93000 manat pulu ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Qaradağ RPİ-nin 11ci Polis Şöbəsinə şikayət etmiş və Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İzahatında Cavabdeh qeyd etmişdir ki, guya İddiaçı ona hissə-hissə olmaqla ümumilikdə 42000 manat pul vermişdir, geri qalan 51000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsində ayrı-ayrı izahatları alınmış, Cavabdeh həyat yoldaşı X7 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu izahat verərək bildirmişlər ki, İddiaçı X4 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişlər. Beləliklə, 42000 manat pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 məktubundan görünür ki, cavabdehin həyat yoldaşı X3 adına xx.xx.2018-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 22, mənzil 15 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Rusiyadan iddiaçının həyat yoldaşı və uşaqları gələndə həmin evdə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır.

10. Cavabdeh iddiaya etirazında qeyd edilir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, aralarında heç bir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu həyat yoldaşı Çinarəyə verməli olduğunu bildirmişdir. 2021-ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5000 ABŞ dolları hissəsi cavabdehin həyat yoldaşının adına, 20000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusunun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının həyat yoldaşı Çinarəyə vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdeh halhazırda İddiaçı heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. İddiaçı tərəf cavabdehin 42000 manatla bağlı polis orqanında verdiyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin həyat yoldaşının adına 2018-ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının həyat yoldaşı Rusiyadan gələndə yaşadığı mənzilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. Hesab etmişdir ki, iddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şahid qismində dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə atasının bibisi oğludur. Qardaşı 17 yaşından Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Qardaşı 2014-cü ildə X17 ilə ailə qurmuş və elə həmin il onlar birlikdə Rusiya Federasiyasına getmişlər, orada 3 övladları dünyaya gəlmişdir. Qafar Rusiyada yaşadığı dövrdə həmişə Azərbaycana gəlib ev alacağını deyirdi. Lakin ata-anasına, bacısına xəbər vermədən özünə ev almaq məqsədilə Cavabdeh 2017-ci ildən etibarən hissə-hissə olmaqla 93000 manat məbləğində pul göndərmişdir. X41 etibarından sui-istifadə edərək biri öz adına, digəri həyat yoldaşı X3 adına olmaqla iki ev almışdır. O, atası və anası bu hadisədən sonradan xəbər tutmuşlar. Hətta atası Eyvaza təşəkkür etmişdir. X2 3 uşağı ilə birlikdə həmin evdə yaşamağa başlamış, qardaşı Qafar isə işlə əlaqədar Rusiya Federasiyasına qayıtmışdır. Qafar Rusiyaya qayıtdıqdan sonra 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə pul göndərməyə davam etmiş və Eyvaz 2022-ci ildə ikinci evi almışdır. Hətta Eyvaz həmin evə ləvazimatların alınıb evin kirayə verilməsi üçün əlavə 3000 manat da almışdır. Amma sonradan kirayə pulunu Qafara göndərməmişdir. 2022-ci il mart ayında Qafar gələndə Eyvaz evlərin hər ikisini onun adına keçirəcəyi barədə verdiyi sözlərdən yayınmağa başlamışdır. Qafar həmin evlərin satılıb 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Buna əməl etmədiyi üçün o, atası, anası və Qafar Eyvazın evinə getmişlər. Orada onların arasında mübahisə yaranmış, Eyvaz onları 102 qaynar xəttinə zəng edəcəyi ilə hədələmiş və evi tərk etmələrini tələb etmişdir. Onlar mübahisə böyüməsin deyə Eyvazın evini tərk etmişlər. Qafar atasına Eyvazdan borcunu tələb edə bilməsi üçün etibarnamə verib Rusiyaya qayıtmışdır. Hesab etmişdir ki, qardaşı Qafar böyük səhv etmiş, Eyvaza həddən artıq etibar etmiş, öz yaxınlarına belə demədən ona ev alması üçün pul göndərmişdir. Hətta uşaqlarını bağçaya aparıb-gətirməyi belə Eyvaza etibar etmişdir. Bu məqsədlə Eyvazın avtomobil alması üçün ona 3000 manat kömək etmişdir. Bir müddət sonra qardaşı X39 arasında münasibət yaranmasından şübhə etmiş və bundan sonra Eyvazdan evlərin sənədlərini, pulunu tələb etməyə başlamışdır. Eyvaz ikinci evi satmış, lakin Qafarın pulunu yenə də qaytarmamışdır. Pulların Qafar tərəfindən Eyvaza göndərilməsində və verilməsində şəxsən iştirak etməsə də, həmin məbləğin Eyvaza verilməsinə tam əmindir. Hesab etmişdir ki, həmin 93000 manat pul Eyvazdan alınaraq Qafara verilməlidir.

12. Şahid qismində dindirilmiş X20 ifadə verərək bildirmişdir ki, iddiaçı onun oğlu, cavabdeh isə bibisi oğludur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Oğlu Rusiyada yaşayır, oğlunun hissə-hissə olmaqla 93000 manat pulu Eyvaza göndərdiyini və Eyvazın onun üçün iki ev aldığını 2022-ci ildə öyrənmişdir. Hətta bunu eşidəndən sonra Eyvaza təşəkkür etmişdir. Bir müddət sonra Qafar televizor, soyuducu, mətbəx mebeli alınması və 2-ci evin kirayəyə verilməsi məqsədilə yenə pul göndərmişdir. Hətta bəxşiş kimi Eyvazın özünə avtomobil alması üçün pul da vermişdir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün Qafar evlərin satılaraq verdiyi 93000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. Hətta o, qızı, yoldaşı və Qafarla birgə Eyvazın evinə getmişlər. Bir az söhbət edəndən sonra mübahisə yaranmış və Eyvaz polisə zəng edəcəyi ilə hədələyib onları evdən qovmuşdur. Evlərin alınması üçün Qafar pulu Eyvaza onun iştirakı ilə verməmişdir. Qafarın evləri almasından 2022-ci ildə xəbərdar olmuşdur. Oğlu Qafarın dediyinə görə, oğlu ona sürpriz etmək istəmişdir.

13. Şahid qismində dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, iddiaçının ailəsi ilə 25 ildir ki, yaxın ailə dostudur, Eyvazı isə onların xeyirşər məclislərində görmüş, şəxsən bir dəfə toyda üz-üzə gəlmişdir. Onun bildiyinə görə, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında oğlu üçün ev almaq istədiyini Mirvariyə bildirmişdir. Mirvari isə qardaşı Qafarın ev satdığını demiş və məlumat üçün Qafarın telefon nömrəsini ona vermişdir. Qafarla telefon danışığı zamanı Qafar Eyvaza müraciət etməsini məsləhət görmüşdür. Eyvaza zəng edib evin qiymətinin 50000 manat olduğunu öyrənəndə bu məbləğin Ələt qəsəbəsi üçün çox yüksək olduğunu bildirmişdir. O isə cavabında evin Qafara məxsus olduğunu, qiyməti də onun müəyyən etdiyini demişdir. Növbəti gün Eyvaza telefon vasitəsilə zəng vuranda onun telefon nömrəsinə artıq zəng çatmamışdır. O, Qafar ilə Eyvaz arasında hər hansı pul məbləğinin alınıb-verilməsində iştirak etməmiş və bunun şahidi olmamışdır. Sadəcə Qafarla telefon danışıqları zamanı Qafar ona məxsus iki evinin olduğunu, birində ailəsinin yaşadığını, digər evi isə satmaq istədiyini bildirmişdir.

14. Şahid qismində dindirilmiş Əsgərov Hicran Xeybər oğlu ifadə verərək bildirmişdir ki, cavabdeh onun qonşusudur, iddiaçı isə cavabdehə görə tanımışdır. O, Eyvazla Qafarı bir dəfə öz maşını ilə Şirvan şəhərinə aparmışdır. Onlar arasında münasibətlər yaxşı olmuşdur. 2021-ci ilin dekabr ayında Eyvaz Rusiyada rus rublunun inflyasiyası səbəbindən Qafarın pul göndərəcəyini bildirmişdir. Eyvaz pandemiya dövründə peyvənd vurdurmadığı üçün evdən çölə çıxa bilmirdi deyə, Qafar 27 və 29 dekabr 2021-ci il tarixlərində hissəhissə olmaqla ümumilikdə 20000 ABŞ dolları məbləğində pulu onun adına göndərmişdir. O, həmin pulu Eyvaza təhvil vermişdir. Eyvaz isə həmin pulu Qafarın ailəsinə, yəni həyat yoldaşına çatdıracağını bildirmişdir.

15. Şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. 2014-cü ildə ailə qurduqdan sonra Rusiyaya köçüb orada yaşamışlar. 2021-ci ilin avqust ayında Qafar onu və uşaqları Azərbaycana göndərmişdir. Qafarın Bakıda ev almaq fikri var idi, uşağı balaca olduğu üçün banka gedə bilmədiyindən Qafar telefonla ona Eyvaz əmi vasitəsilə pul göndərəcəyini demişdi. Onun uşağı həmin vaxt balaca olduğu üçün Qafar pulu Eyvaz əmiyə göndərir, Eyvaz əmi isə pulu qəbzləri ilə birlikdə ona təhvil verirdi. Dəqiq vaxtlarını deyə bilər, çünki qəbzlər halhazırda ondadır və qəbzləri məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci ildə 10000 dollar, xx.xx.2021-ci ildə 9990 dollar, xx.xx.2022-ci ildə 5000 dollar pulu Qafar Eyvaz əmiyə göndərmiş, Eyvaz əmi də ona təhvil vermişdir. Bunlardan başqa Qafar tərəfindən Eyvaz əmiyə hər hansı pul göndərilməmişdir. O, gündəlik xərclərini həmin pulla ödəyir, qalan məbləği isə saxlayırdı. 2022-ci ilin sentyabr ayında Azərbaycana gələn Qafar ondan 37000 manat məbləğində pulu götürüb Bakıda ev almışdır. Qalan məbləği Eyvaz əmiyə məxsus evdə kirayədə yaşadığı üçün hər ay 200 manat kirayə pulu vermiş, uşaqların bağça və sağlamlıq problemlərinə xərcləmişdir. Qafarın əslində ondan boşanmaq fikri yox idi. Ailəsi ona təzyiqlər göstərdikdən sonra münasibətləri bir qədər pozulmuşdur. Həmin vaxtlarda, daha dəqiq 2023-cü ildə Qafar onlara bir müddət ayda 700 manat pul göndərmişdir. Artıq uşaq bir qədər böyümüşdü və o, sərbəst surətdə özü banka gedib pulu qəbul edə bilirdi. O, 2021-ci ilə kimi bir neçə dəfə Azərbaycana gəlib yenidən Rusiyaya qayıtmış, o cümlədən 2018-ci ildə gəlib bir il qaldıqdan sonra Rusiyaya qayıtmış, 2021-ci ildən sonra isə getməmişdir. Əgər Qafar 2018-ci ildə Eyvazın vasitəsilə Bakıda ev alsaydı, onun bu hadisədən mütləq xəbəri olardı. O, Rusiyadan qayıtdıqdan sonra Eyvaza məxsus evdə kirayədə yaşamışdır. Qafarla Eyvazın münasibətlərinin pisləşməsinin səbəbi pul məsələsi deyil, şəxsi zəmində mübahisədir. Belə ki, Qafar onunla nikahı pozulmadan Eyvazın qohumu olan qadınla ailə qurmaq istəyirdi. Bu niyyətinin alınmaması səbəbindən onlar arasında münasibət kəskinləşmişdir. O, hal-hazırda ünvan 1 ünvanında yerləşən, Eyvazın ailəsinə məxsus evdə kirayədə yaşayır. Qafarın Eyvaza ev almaq məqsədilə guya 93000 manat pul göndərməsi və həmin pula Eyvaz tərəfindən ev alınması həqiqətə uyğun deyildir.

16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(002)- 716/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Fuad Hüseynov).

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin cavabdeh tərəfə Rusiya Federasiyasından “zolotaya korona” və “contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlu və X7 vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı Ç.Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid H.Əsgərovun ifadəsi, habelə iddiaçının həyat yoldaşı olan şahid Ç.Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Ona görə də 42000 manata dair hissədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir.

18. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, iddia tələbinin qalan 51000 manata dair hissəsi ilə bağlı məhkəməyə ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu barədə iddiaçının atası şahid M.Miriyevin, bacısı şahid M.Miriyevanın, ailə dostu Ş.Hüseynovanın ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 məktubları, eyni zamanda iddiaçının həyat yoldaşı Ç.Salahovanın ifadəsi ilə təkzib olunur. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.6, 385.1, 394-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, iş üzrə hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı işə baxmış birinci instansiya məhkəməsinə bildirmişdir ki, onun anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə diski sübut kimi qəbul etməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)-4256/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçının cavabdehə Rusiya Federasiyasından “Zolotaya korona” və “Contact” pul köçürmə sistemləri ilə Hicran Əsgərov və Sevinc Mustafayeva vasitəsilə 42.000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının arvadı Çinarə Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid Hicran Əsgərovun ifadəsi, habelə iddiaçının arvadı olan şahid Çinarə Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır.

24. İddia tələbinin 51.000 manata dair hissəsi ilə bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının atası Mirbaba Miriyev, bacısı Mirvari Miriyeva, ailə dostu Şölə Hüseynovanın şahid ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür.

25. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 məktubları, eyni zamanda iddiaçının arvadı Çinarə Salahovanın ifadəsi ilə təkzib olunur.

26. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

27. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, onun (hazırda mərhum) anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski Rayon Məhkəməsinə təqdim etsə də, birinci instansiya məhkəməsi diski sübut kimi qəbul etməmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən disk apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dinlənilmiş və bu zaman müəyyən edilmişdir ki, həmin danışıq MPM-in 95.2-ci maddəsinin tələbi pozulmaqla yazılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin diski sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 324, 385, 386, 394, Mülki Prosessul Məcəlləsinin 14.2, 77.1, 95-ci maddələrinə istinad etmişdir.

c)Kassasiya instansiya məhkəməsindəki birinci icraat

29. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-102/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli 2(103)-4256/2024 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apelyasiya baxışına qaytarılmışdır (hakimlər X14 (məruzəçi), X40 və X21 ibarət tərkibdə).

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə etdiyinə mübahisəyə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona müəyyən tapşırıq verildiyini və bu tapşırıqla bağlı 42.000 manat məbləğində pul göndərildiyini qəbul etdiyindən MPM-nin 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır. İşdən görünür ki, tərəflər arasındakı mübahisəli məsələ verilmiş tapşırığın məzmunu ilə bağlıdır. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının həyat yoldaşına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. MPMnin 77.1-ci maddəsinin tələbinə əsasən tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiq etmək üçün məhkəməyə şahid ifadələri və xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısı təqdim etmişdir.

32. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi səs yazısını sübut qismində qəbul etməməsi MPMnin 95.2-ci maddəsinin tələbinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Hazırkı halda sübut kimi təqdim edilmiş səs yazısındakı danışıq iddiaçı ilə deyil, onun anası ilə aparıldığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi prosessual pozuntu hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahid Ç.Salahovanın ifadəsinin mötəbərliyinə (həqiqətə uyğun olub-olmadığına) qiymət verərkən işin hallarını, onunla iddiaçı arasındakı münasibətlərin 2021-ci ildən pozulmasının şahidin özünün Qaradağ RPİ TŞ-nə verdiyi, iş materiallarına əlavə edilmiş yazılı ifadə ilə təsdiq edildiyini, 2023-cü ilin avqust ayında nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair iş materiallarında sübut olduğunu (Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı), şahidin birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin sualına cavab olaraq hazırda cavabdehin ailəsinə məxsus evdə yaşadığını təsdiq etdiyini, bu səbəbdən cavabdehlə şahidin maraqlarının üst-üstə düşdüyünü nəzərə almamış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X15 pulun verilməsində və alınmasına şəxsən iştirak etmədiyini bildirmiş, lakin pulun cavabdehə ev almaq məqsədilə verildiyini, cavabdeh tərəfindən iki ev alındığını, həmin evlərdən birində hal-hazırda Çinarə Salahovanın yaşadığını qeyd etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X17 iddiaçı tərəfindən 42.000 manat pulun 27 dekabr 2021, 29 dekabr 2021 və 07 yanvar 2022-ci il tarixlərində üç dəfəyə cavabdehə göndərildiyini, cavabdeh isə həmin pulları gətirib ona verdiyini qeyd etmiş, həmin puldan özünün 5000 manatı xərclədiyini, 2022-ci ilin sentyabr ayında Qafarın Azərbaycana gəldiyini, dava salaraq ondan pulları istədiyini, Qafarın həmin pula ev alacağını inandığından qalan pulu Qafara verdiyini, daha sonra isə Qafarın zəng vuraraq həmin pula bacısının adına ev aldığını dediyini bildirmişdir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (X1 (sədrliyi və məruzəsi ilə), X36 və X12 ibarət tərkibdə) 12 may 2025-ci il tarixli, 2(103)-1943/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-716/2024 saylı işi üzrə 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Lakin iddiaçı tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə edir. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının arvadına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. Tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı bununla bağlı dəlilini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq, tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlmiş, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilmişdir ki, onun da icra edildiyi X10 etirafı ilə öz təsdiqini tapmışdır.

e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1943/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2664/2025 nömrəli 10 sentyabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli 2(103)- 1943/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər X19 (məruzəçi), X27, X8 ibarət tərkibdə).

40. İşə baxan kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısındakı məlumatlar, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri hazırkı işin halları ilə bağlıdır. Bu yazıdakı məlumatların və şahid ifadələrinin mötəbərliyi isə işdə olan digər sübutların qiymətləndirilməsindən sonra müəyyən oluna bilərdi ki, apellyasiya instansiya məhkəməsi belə qiymətləndirmə aparmamışdır.

41. Bundan əlavə kollegiya qeyd etmişdir ki, hakimin şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı mövqeyi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər. İşə baxmış məhkəmə cavabdeh tərəfindən şahid qismində təqdim edilmiş, Ç.Salahovanın ifadəsini cavabdehin etirazında istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul etmiş və göstərmişdir ki, onun ifadəsi pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə təsdiq edilir.

42. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı mübahisənin həlli üçün, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq qiymətləndirmə aparılmalı olduğu halda belə qiymətləndirmənin aparılması təmin olunmalı idi.

43. Lakin apellyasiya məhkəməsi göstərişlərlə bağlı hər hansı araşdırma aparmadan hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərində olmasına, iddiaçının tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməməsinə əsaslanmaqla tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlmişdir. Sonda apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilmişdir ki, onun da icra edildiyi X10 etirafı ilə öz təsdiqini tapmışdır.

44. İddiaçı tərəfindən təqdim olunmuş səs yazısındakı məlumatlar, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri hazırkı işin halları ilə bağlıdır. Bu yazıdakı məlumatların və şahid ifadələrinin mötəbərliyi isə işdə olan digər sübutların qiymətləndirilməsindən sonra müəyyən oluna bilərdi ki, apellyasiya instansiya məhkəməsi belə qiymətləndirmə aparmamışdır.

Proses iştirakçılarının izahatı

45. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iddia ərizəsi və apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehə onun üçün iki ev alması məqsədilə hissə-hissə 93.000 manat pul verdiyini, həmin pulun bir qismini əlbəəl, bir qismini isə müxtəlif şəxslərin adına göndərməklə verdiyini bildirmiş, cavabdeh də 42.000 manat pulu aldığını Polis Bölməsində izahatında etiraf etmişdir. Cavabdehin həmin pulu kimə verməsinin iddiaçıya aidiyyəti yoxdur, pulu cavabdehə verdiyindən, cavabdehdən də tələb edir.

46. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilən iddiaçının anası ilə cavabdeh arasında aparılan telefon danışığına dair yazıdaki səs cavabdehə aid deyil. Birinci instansiya məhkəməsində qeyd edilən səs yazısının iş materiallarına əlavə edilməsinə etiraz etməməsinin səbəbi isə danışığın cavabdehin icazəsi və razılığı olmadan aparılması ilə bağlı olduğu üçün sübut kimi istifadə oluna bilməməsi ilə bağlı olmuşdur. Qanunsuz əldə olunduğu üçün sübut kimi istifadə oluna bilməz. Bundan əlavə telefon danışığı tərəflər arasında aparılmamışdır. Cavabdeh iddiaçıdan 25.000 ABŞ dolları almasını danmır, lakin həmin pul o, iddiaçının arvadı, hazırki iş üzrə şahid Çinarə Salahovaya vermişdir. Bu faktı Ç.Salahova özü də təsdiq etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

47.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 48.Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 49.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 50.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 51.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 52.Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: - 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; - 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; - 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; - 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

53. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

54. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 55.Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 56.Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 57.Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 60.Maddə 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. 61.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 62.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 63.Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 67.Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 68.Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 69.Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

70. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

71. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

74. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdeh X5 25.000 ABŞ dolları tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

76. İşin yuxarıda sadalanmış hallarından göründüyü kimi, iddiaçı cavabdehə tapşırıq verdiyini, tapşırığa əsasən onun icrası üçün 93.000 manat pul göndərdiyini, cavabdeh tərəfindən pul qəbul olunsa da tapşırığın icra edilmədiyini, göndərilmiş pul məbləğinə cavabdehin özünə mənzillər aldığını, hazırda isə mənzilləri və ya pulu ona qaytarmaqdan imtina etdiyini göstərir.

77. Cavabdeh isə iddiaçı tərəfindən ona müəyyən tapşırıq verildiyini və bu tapşırıqla bağlı 42.000 manat məbləğində göndərilmiş pulu qəbul etdiyini, həmin pul məbləğinin iddiaçının həyat yoldaşına təhvil verdiyini, onun iddiaçıya hər hansı borcunun olmadığını, iddiaçıya mənzillər alınması ilə bağlı vəzifəsinin olmadığını qeyd edir.

78. İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə iddiaçı Rusiya Federasiyasında olarkən cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğlu və həyat yoldaşı X7 vasitəsilə cavabdehə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 25.000 ABŞ dolları məbləğində pul göndərmişdir. İddiaçının bu məbləğdən artıq vəsait göndərdiyi cavabdeh tərəfindən qəbul edilməmiş və iddiaçı bu barədə yazılı sübutlar təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın 50.500 manat tələbinə aid hissədə rədd olunması barədə qənaəti düzgün olmuşdur, həmin hissədə qətnamə əsaslı və qanunidir.

79. Bununla belə, Kollegiya 25.000 ABŞ dolları məbləğində pul tələbinə aid hissədə də iddianın rədd olunması ilə razılaşmır və aşağıdakıları qeyd edir.

80. İddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiqi kimi məhkəməyə şahid ifadələri və xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısını təqdim etmişdir.

81. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya icraatı zamanı səs yazısının cavabdehə aid olmadığını bildirsə də, iddiaçının anası ilə cavabdeh arasında telefon danışığının baş tutduğunu da inkar etməmişdir.

82. Bundan əlavə cavabdehin nümayəndəsi daha əvvəlki məhkəmə iclaslarında da telefon danışığının olmasını inkar etməmiş, lakin həmin səs yazısının sübut kimi qəbul edilməməsini xahiş etmişdir.

83. İşə ikinci dəfə baxan kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısındakı məlumatlar və şahid ifadələri hazırkı işin halları ilə bağlıdır. Bu yazıdakı məlumatların və şahid ifadələrinin mötəbərliyi isə işdə olan digər sübutların qiymətləndirilməsindən sonra müəyyən oluna bilərdi ki, apellyasiya instansiya məhkəməsi belə qiymətləndirmə aparmamışdır.

84. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Həmin qərarda qeyd edilmişdir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”

85. Hazırki halda isə iddiaçının tapşırığı ilə onun valideyni olan anası cavabdehlə telefon əlaqəsi saxlamış və danışığı qeydə almışdır. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında mübahisə məhkəmə müstəvisinə çıxanadək iddiaçı valideynləri və bacısı ilə birgə cavabdehin yaşadığı evə getmiş, yaranmış mübahisə zamanı isə cavabdeh DİN-in 102 xidmətinə məlumat vermişdir. Yəni, iddiaçının anası tərəflər arasında aparılan danışıqların bilavasitə iştirakçısı olmuşdur. Həm də nəzərə alınmalıdır ki, tərəflər qohumdurlar.

86. Kollegiya hesab edir ki, iddiaçı özü RF-da yaşadığı üçün onun xahişi ilə anasının cavabdehlə telefon danışığı aparması Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş “birbaşa əlaqədar tərəflər arasında olan danışıqlar” konteksində qiymətləndirilməklə hazırki işə aidiyyəti istisna edilməməlidir.

87. Telefon danışığında isə iddiaçının anası cavabdehə evin satılması bağlı suallar verir. Cavabdeh isə öz növbəsində iddiaçının ona göndərdiyi pullarla bağlı sənədləri təqdim etdiyini, iddiaçının təxminən 40.000 manat göndədiyini, evi isə 50.000 manata satışa qoyduğunu bildirir. Evin satılması üçün iddiaçı tərəfdən müştəri axtarıldığı qeyd edilir.

88. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehə 25.000 ABŞ dolları göndərmiş, həmçinin qeyd edilən məbləğin alınmasını cavabdehin nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir.

89. Lakin cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, cavabdeh pulu aldıqdan sonra onu iddiaçının keçmiş arvadına vermiş, o da öz növbəsində pulu aldığını, daha sonra isə iddiaçıya verdiyini bildirmişdir.

90. Cavabdeh iddiaçının göndərdiyi pulla ev alınması barədə tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlnmasını etiraf etməsə də, qeyd edilən məsələ iddiaçının anası ilə cavabdeh arasında baş tutan telefon danışığında öz təsdiqini tapmışdır.

91. Mübahisə ilə bağlı məhkəməyə müraciət edilməzdən əvvəl baş tutan telefon danışığında iddiaçının anası cavabdehə müraciət edərək, “onu arvadı bir pencəklə evdən qovdu” ifadəsini cavabdeh təsdiq edir.

92. Göründüyü kimi iddiaçı ilə arvadı Çinarə Salahovanın münasibətləri sonuncu polis orqanlarında və məhkəmədə ifadə verənədək kəskin şəkildə pozulmuşdur, ona görə də onun ifadəsinin mötəbər hesab edilməsi mümkün deyil.

93. Çinarə Salahovanın mübahisəli münasibətlər yarandığı vaxt cavabdehə məxsus mənzildə kirayə yaşaması, iddiaçı ilə nikahlarının pozulması, birgə təsərrüfata son qoymaları, hazırda da cavabdehin evində yaşaması belə nəticəyə gəlməyə əsas verir ki, o, hazırda cavabdeh tərəfə daha yaxın münasibətdədir və cavabdehin mövqeyini müdafiə etməyə çalışır. Məhz buna görədir ki, Çinarə Salahova 25.000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən ona təhvil verilməsi barədə ifadələr vermişdir.

94. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələri səs yazısı ilə birgə tədiqiq edildikdə, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə əsasən, iddiaçının Rusiya Federasiyasından göndərdiyi pul hesabına cavabdehə ev alınması ilə bağlı şifahi tapşırıq verildiyi və 25.000 ABŞ dolları məbləğində pulun da cavabdehə məhz bu məqsədlə göndərildiyi öz təsdiqini tapmış olur.

95. Odur ki, iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır.

96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-716/2024 nömrəli 02 may 2024cü il tarixli qətnaməsi qismən - cavabdeh X5 25.000 ABŞ dolları tutularaq İddiaçı Mirababa oğluna ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Cavabdeh X5 25.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı Mirababa oğluna ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar