Məhkəmə qərarları › İş №2(103)-6083/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6083/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6083/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh, onun nümayəndəsi-vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3666456Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pulun ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008) 2788/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edərək, 2018-ci ilin axırlarında qohumu Elminin vasitəsi ilə tanış olduğu Cavabdeh övladını işə düzəltmək adı ilə müxtəlif vaxtlarda ümumilikdə 44.500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar olmadığı əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı borc verdiyi pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (iddia tələbinin həcmi artırılmışdır) məhkəməyə müraciət edərək, cavabdehdən 45.050 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə qohumu Elmirin vasitəsilə tanış olmuşdur. Söhbət əsnasında Anar “SOCAR” şirkətində yuxarı vəzifədə işlədiyini, geniş əlaqələrinin olduğunu bildirmişdir. Oğlu Elçin işsiz olduğundan onu həmin şirkətə işə düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Anarla görüşüb oğlu Elçini həmin şirkətə işə düzəltmək istədiyini bildirdikdə Anar 25.000 manat pulun müqabilində oğlunu şirkətə “Kraz” markalı yük avtomobilinə sürücü vəzifəsinə işə düzəldərək ayda 1.800- 2.000 manat məbləğində maaş alacağına söz vermişdir. Anarla yaşadığı evdə görüşmüş, oğlu Elçinlə bərabər qohumu Laləzar xanımın, qonşusu Maarif və Amilin iştirakı ilə ilkin 10.000 manat, bundan 4 gün sonra isə yerdə qalan 15.000 manat pulu onların iştirakı ilə Anara vermişdir. Təxminən bundan 20 gün sonra Anar ona müraciət edərək ona təcili olaraq yaranmış borcunu qaytarmasına görə 20.000 manat pul lazım olduğunu bildirmiş, 12.000 manatı özü, 5.000 manat bacanağı Abbasov Vəzirdən, 1.500 manat dostu Amildən, 1000 manat Maarifdən almış və cəmi 19.500 manatı Maarif, Amil və oğlu Elçinin yanında, evində Anara vermişdir. Bir müddət sonra bacanağı Vəzirə pul lazım olduğundan ondan 5.000 manatı geri istəmiş, o da Vəzirin pulunu Anardan tələb etmiş, o isə hazırda pulunun olmadığını, bankdan kredit götürərək 5.000 manatı qaytarmasını, kredit üzrə aylıq ödənişləri isə özünün maaş kartı ilə ödəyəcəyini bildirərək kartı ona vermiş, ayda 800 manat kredit üzrə ödənişlər etməsini bildirmişdir. "xxxx"dan 5.000 manat kredit götürüb bacanağı Vəzirin pulunu qaytarmış, maaş kartı vasitəsilə krediti ödəmək istəyərkən kartın bağlandığı məlum olmuşdur. Bu barədə Anara iradını bildirdikdən sonra o kredit borcu üzrə ödənişləri icra edəcəyini bildirmişdir. Lakin kreditin ödənilməsini təmin etmədiyindən 5.000 manat kredit borcu bankın hesabladığı faizlərlə birlikdə cəmi 6.200 manat Anarın əvəzindən tərəfindən banka ödənilərək kredit borcu bağlanılmışdır. O, Anarla görüşərək oğlu Elçinin işinin düzəlməsini, kredit borcunun qaytarılmasını tələb etsə də, yaxın günlərdə işin düzələcəyini vəd etmiş, müxtəlif bəhanələrlə vaxtı uzadaraq vədlərinə əməl etməmiş, Elçinin işə düzəlməsini təmin etməmiş, kredit borcuna görə 2022-ci ilin mart ayında ona cəmi 650 manat ödəyərək yerdə qalan 38.300 manat borcu olduğunu etiraf edərək bu barədə qəbz versə də, qalan pulları geri qaytarmamış, ona ödənilmiş 44.500 manat vəsaitini mənimsəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2788/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 11.850 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı oğlu Elçini “SOCAR”-da sürücü vəzifəsinə işə düzəltməsi üçün cavabdehə ümumilikdə 45.700 (10.000+15.000+12.000+5.000+1.500+1.000+1.200 (5.000 manat kreditin faizi) manat məbləğində pul verdiyini, lakin cavabdehin vədinə əməl etməyərək oğlunu işlə təmin etmədiyini iddia edir. Bundan sonra o, cavabdehə verdiyi pul məbləğlərini tələb etsə də, sonuncu ona cəmi 650 manat pul qaytarmış, qalan 45.050 manat borcunu isə bugünədək ödəməmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin iddiaçıya 45.050 manat məbləğində borcun olması, həmin pul vəsaitini iddiaçının oğlunu işə düzəltmək məqsədi ilə alması öz təsdiqini tapmamışdır. Məhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr verilən pulun məbləğləri, verilmə tarixləri, pulun verilməsində iştirak edən şəxslərin dairəsi baxımından bir-biri ilə (həmçinin, X6 məhkəmədəki ifadəsi ilə və istintaq orqanındakı izahatı) ziddiyyət təşkil edir. Bundan başqa, iddiaçı qohumu-bacanağı Vəzirdən alaraq cavabdehə verdiyi 5.000 manat pulu qohuma qaytarmaq üçün "xxxx" ASC-dən 5.000 manat kredit aldığını, faizi ilə birlikdə 6.200 manat krediti banka qaytardığını bildirərək, həmin pulu da cavabdehdən tələb etmişdir ki, həmin hissədə də iddia tələbi (iddiaçı tərəfindən bankdan kreditin alınması, kreditin məhz qohumuna olan 5.000 manat borcun qaytarılması məqsədi ilə alınması) öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış şifahi borc müqaviləsi əsasında iddiaçının cavabdehə ümumilikdə 12.500 (4.500+8.000) manat məbləğində borc pul verməsi, cavabdehin həmin pul vəsaitindən 650 manatını iddiaçıya qaytarması, qalan 11.850 (12.500-650) manatı isə hazırkı vaxtadək qaytarmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 12.500 manatı tam şəkildə qaytardığını, hazırda iddiaçıya heç bir borcunun olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, pulu alan və qaytaran zaman hər hansı sənədi imzalamadıqlarını, həmin vaxt yanlarında özlərindən başqa heç kimin olmadığını bildirmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan 12.500 manat (650 manatın qaytarıldığını iddiaçı etiraf edir) borc aldığını etiraf etdiyindən, lakin həmin pulu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, 11.850 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə iddia rədd edilməlidir”. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, iddiaçı isə qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ondan ümumi olaraq 44.500 manat pul almış, həmin pulun bir qismini hissə-hissə qaytarmış, yerdə qalan 38.300 manatı qaytara bilməmiş və bununla bağlı öz xətti ilə qəbz yazaraq öz borcunu etiraf etmiş, sonda isə öz öhdəliklərinin icrasını təmin etməmişdir. İlkin məhkəmə iclaslarında cavabdeh həmin qəbz onun tərəfindən yazılmadığını, ümumiyyətlə həmin məbləğdə borcunun olmadığını qeyd etmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş rəyə əsasən qəbzin məhz cavabdeh tərəfindən tərtib edilərək imzalanması təsdiq olunaraq sübuta yetirilmişdir. Buna baxmayaraq məhkəmə nədənsə bu cür mötəbər sübuta heç bir hüquqi qiymət verməmış, qərardad üzrə təyin etdiyi ekspertiza üzrə təqdim edilmiş rəyin nəzərə alınmamasını qanunla nəzərdə tutulmuş qaydada qətnaməsində əsaslandırmamışdır. Daha sonra mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən şahid ifadələri də təhrif edilmiş, guya izahatlar arasında ziddiyyətlər olduğuna, cavabdehin iddiaçıya borcunun çox hissəsini qaytarmağını özündə ehtiva edən hər hansı bir sübut növünün mövcud olmadığı halda cavabdehin və onun vəkilinin yalnız şəxsi mülahizələrinə istinad edərək öz daxili inamına əsaslanıb qətnamə qəbul etməsi halı qəbul edilməzdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan sələmə pul almış, lakin həmin pulu faizləri ilə birlikdə qaytarmışdır. Belə ki, iddiaçıya məxsus "xxxx" ASC-yə aid və Səyarə Baxşəliyevaya məxsus "xxxx" ASC-nin əmək haqqı kartları iddiaçıda olmuşdur. İddiaçı həmin kartla faizə verdiyi pulları götürmüşdür. Banklara sorğu göndərilsə də sorğular cavablandırılmamışdır. Məhkəmə bu məlumata diqqət yetirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(103)-1089/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, Cavabdeh İddiaçı xeyrinə 18.850 manat pulun tutulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “işin müəyyən edilmiş hallarına görə pul verilərkən tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasında şifahi borc münasibətlərinin olduğu qənaətinə gələrək mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmiş və iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu halına, yəni tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamasına baxmayaraq, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739-cu maddəsini mübahisəyə tətbiq edib, iddianı həmin maddi hüquq norması əsasında təmin etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd edildiyi kimi işin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 45.050 manat pul verdiyini və bunun 19.500 manatını borc olaraq verdiyini bildirsə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi. Qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllə, 329.1, 337.1). Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Çünki, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd də onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də etibarsız borc müqaviləsi əsasında iddianın Mülki Məcəllənin borc müqaviləsini nizama salan norması ilə təmin edilməsi maddi hüquq normasının pozulması olmaqla əsaslı sayıla bilməz. Hazırkı işdə ortada bir etibarsız borc müqaviləsi olduğu və borc verilən pul əvəzedilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı müzakirə edilə bilərdi. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır. İddiaçı tərəfindən təqdim olunmuş əlyazmada “Cavabdeh İddiaçı 38.300 borcum var otuz səkkız mın üç yuz manat borcum var” qeyd olunub. Cavabdeh həmin əlyazmada olan imza və xətti birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirmiş, bununla bağlı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1176 nömrəli xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 61-ci vərəqində olan dama-dama şagird dəftəri vərəqinin üzərində “Mən Cavabdeh X7 38.300 borcum var otuz səkız min üç yuz manat borcum var” sözləri ilə bitən qəbzdəki yazılar və qəbzin sonundakı imza öz aralarında eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh əlyazmada qeydin onun xətti ilə yazılmadığını bir daha bildirsə də, təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin baş təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə polisə məlumat verərək qonşusu X10 faizə verdiyi pulu ödəməsinə baxmayaraq sonuncunun ona borclu qaldığını deyib, dəfələrlə narahat etdiyini və öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Həmin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh oglu İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul borc götürərək ona 19.500 manat məbləğində pul borclu qalmışdır. Tərəflər həmin əlyazmanın Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edilməzdən əvvəl tərtib olunduğunu bildirdilər. Yəni, həmin əlyazmadan sonra müəyyən müddət keçmiş və bundan sonra şikayət əsasında təhqiqat orqanı müvafiq araşdırma aparmışdır. İş materiallarında olan vəkil sorğusuna cavab məktubundan görünür ki, həmin qərarın verilməsi üçün əsas olmuş təhqiqat materialları saxlama müddəti bitdiyi üçün məhv edilmişdir (iş v.162). Bu səbəbdən həmin təhqiqat materiallarının apellyasiya baxışı zamanı nəzərdən keçirilməsi, yaxud tədqiq edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli Xətai RPİ-in istintaq şöbəsinin müstəntiqi X13 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə 37-ci polis söbəsinə müraciət edərək 2018-ci ilin axırlarında Anarın oğlunu işə düzəltmək adı ilə 44.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi barədə şikayət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh qeyd etmişdir ki, ilk olaraq Rafiqdən 500 manat faizlə pul almış və əvəzində qızıl-zinət əşyalarını girov qoymuşdur. Daha sonra Rafiqlə şəxsi münasibətləri yarandığından bir neçə dəfə ondan, ümumilikdə 12.500 manat faizlə pul almışdır. Ümumiyyətlə o, Rafiqdən faizə 12.500 manat pul aldığını və həmin pulu da qaytardığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2 ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarını sübut növlərindən biri kimi qiymətləndirib, tərəflərin izahatları, işdə olan digər sübutları araşdıraraq belə qənaətə gəlib ki, iddiaçı öz tələbini cavabdehə qarşı 19.500 manat pul tələbi hissəsində sübuta yetirə bilmişdir. Belə ki, cavabdeh 12.500 manat borc aldığını və əvəzində faizlə birlikdə 19.500 manat pul qaytardığını bildirsə də, bu barədə, yəni 19.500 manat pul vəsaitini qaytarmasına, eləcə də borcun faizə verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, iddiaçı isə cavabdehin 650 manat qaytardığını etiraf etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda isə borcun 19.500 manat olduğunun müəyyən edildiyi göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, nə qədər ki, iddiaçının istinad etdiyi borcla bağlı qəbz cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan əvvəl yazılmışdır və borc məsələsi təhqiqat orqanında araşdırılarkən qəbz ortada olsa da, borcun məbləğinin həmin vaxt nə 38.300 manat, nə də 12.500 manat deyil, cəmi 19.500 manat olduğu müəyyən edilmişdir, o zaman qaytarılmalı olan məbləğ 19.500 manat kimi də qəbul edilməlidir. Belə ki, əslində iddiaçı özü də tələb etdiyi məbləğin 19.500 manat hissəsinin borc olaraq verildiyini, qalan məbləğin isə oğlunun işə düzəldilməsi ilə əlaqədar verildiyini göstərmişdir. Lakin apellyasiya baxışı zamanı cavabdehin iddiaçıdan onun uşağını işə düzəltmək adı ilə hər hansı məbləğdə pul alması öz təsdiqini tapmamışdır. İddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İstər təhqiqat zamanı, istər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ziddiyyətli olduğundan və bir-birini tamamlamadığından məhkəmə kollegiyası onları mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya baxışı zamanı dindirilən şahid X5 ifadəsi onun təhqiqat zamanı müstəntiqə verdiyi izahatla uzlaşmır və ona uyğun gəlmir. Belə ki, apellyasiya baxışı zamanı şahid A.Mustafayev bildirdi ki, o, İddiaçı oğlu ilə birlikdə işləməklə onun dostudur və İddiaçı tərəfindən yaşadığı evdə Cavabdeh 10.000 manat, 15.000 manat və 19.500 manat olmaqla üç dəfə pul verilməsində şəxsən iştirak etmişdir. Həmin məbləğin 25.000 manatı iddiaçının oğlunun işə düzəldilməsi məqsədilə, 19.500 manatı isə borc olaraq verilmişdir. Lakin cavabdeh iddiaçının oğlunu işə düzəltməmiş və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə kollegiyası şahid A.Mustafayevin apellyasiya baxışı zamanı verdiyi bu izahatı onun Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiqə verdiyi izahata uyğun saymayaraq bildirmişdir ki, həmin izahatda o, yalnız İddiaçı tərəfindən Cavabdeh 15.000 manat verilməsində şəxsən iştirak etdiyini, Cavabdeh İddiaçı cəmi 44.500 manat borcu olması barədə isə dostu Elçindən (İddiaçı oğlu) eşitdiyini göstərmişdir. Məhkəmə Kollegiyası məhkəmə baxışı və istintaq vaxtı verilmiş ifadələrin bir birinə uyğun gəlmədiyini nəzərə alaraq və MPM-in 88-ci maddəsinin tələbinə əsasən müvafiq qiymətləndirmə apararaq şahid A.Mustafayevin apellyasiya baxışı zamanı verdiyi ifadəni inandırıcı və səmimi saymır və bu səbəbdən də onu mötəbər sübut kimi qəbul etmişdir. Kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığı məbləğin miqdarı cəmi 19..500 manat qəbul edilməli və həmin məbləğdən 650 manatın ödənildiyi iddiaçı tərəfindən etiraf olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 18.850 manat (19500-650) müəyyən edilməlidir”. Həmin qətnamədən İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda həmin qətnamədən Cavabdeh da (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2688/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(103) 1089/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasından göründüyü kimi, məhkəmə cinayət işi başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərarını sübut növlərindən biri kimi qiymətləndirib. Məhkəmə Kollegiyası ilk növbədə qeyd etmişdir ki, cinayət işi başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərar sübut kimi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmayıb. Bu halda apellyasiya instansiyası məhkəməsi həmin qərarın yeni sübut kimi qəbul edilməsinin mümkünlüyünü MPM-nin 372.2-ci maddəsinin şərtləri əsasında araşdırmalı, həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul etməli idi. Lakin iş materiallarından məhkəmə tərəfindən bu cür araşdırma və əsaslandırma aparılması görünmür. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin cinayət işi başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərarına istinadən gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Bu baxımdan məhkəmənin sübut kimi qəbul etdiyi xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təhlil edildikdə görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə polisə məlumat verərək qonşusu X10 faizə verdiyi pulu ödəməsinə baxmayaraq sonuncunun ona borclu qaldığını deyib, dəfələrlə narahat etdiyini və öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Həmin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul borc götürərək ona 19.500 manat məbləğində pul borclu qalmışdır. Lakin bu qərarda, Cavabdeh xx.xx.2020-ci il tarixdə polisə verdiyi məlumat əsasında alınmış izahatlar əksini tapmamış, yalnız təhqiqatçının gəldiyi nəticə əksini tapmışdır. Başqa sözlə, bu qərarın sübut kimi qəbul edilməsi, polis təhqiqatçısının gəldiyi nəticənin sübut kimi qəbul edilməsi deməkdir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi sübutlara obyektiv baxılması, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Bu baxımdan, cinayət işi başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilərkən təhqiqatçının əsaslandığı izahatların məzmunu məlum olmadığı halda, onun gəldiyi nəticənin düzgün və əsaslı olmasını, qərarın mötəbərliyini müəyyən etmək mümkün olmayacaqdır. Bundan başqa, iddiaçının təqdim etdiyi, mülki işin 61-ci vərəqində olan, dəftər vərəqi üzərində cavabdehin iddiaçıya 38.300 manat borcu olması barədə yazdığı qəbzin nəyə görə mötəbər sübut kimi qəbul edilməməsi aydın şəkildə əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 39-40-cı bəndlərində qəbzdən bəhs olunsa da, nəticə etibarilə məhz nəyə görə qəbzin sübut kimi qəbul edilmədiyi aydın deyil, halbuki, qəbzin cavabdeh tərəfindən yazılması və imzalanması ekspertiza yolu ilə müəyyən edilib və Məhkəmə Kollegiyasının özünün də qeyd etdiyi kimi cavabdeh bununla bağlı apellyasiya instansiyası məhkəməsində əlavə və ya təkrar ekspertiza təyin edilməsini də tələb etməyib. Məhkəmə bu qəbzin polisdə olan şikayətlərin araşdırılması zamanı təhqiqatçıya təqdim edilməməsi faktını qeyd etsə də, bu xüsusatın həmin qəbzin mötəbərliyinə təsirini izah etməyib. Cavabdeh bu qəbzi nə üçün yazdığını, həmin borcu nə vaxt qaytardığını izah etməli və məhkəmə bu sübutla bağlı qiymətləndimə aparmalı, gəldiyi nəticəni aydın izah etməlidir. Bundan başqa, Məhkəmə Kollegiyası hesab etmişdir ki, cavabdehin 12.500 manat faizlə pul alıb, faizlərlə birlikdə 19.500 manat qaytardığını bildirməsi, onun 19.500 manat aldığı barədə nəticəyə gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin - tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiyada). Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən - Cavabdeh 36.750 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə iddia tələbi cavabdehdən 45.050 manat pulun alınaraq ona verilməsi barədədir. İddiaçı iddia edir ki, o, 2018-ci ilin oktyabr ayında oğlunu “SOCAR”da sürücü vəzifəsinə işə düzəltməsi üçün cavabdehə ümumilikdə 45.700 (10.000+15.000+12.000+5.000+1.500+1.000+1.200 (5.000 manat kreditin faizi)) manat məbləğində pul vermiş, lakin cavabdeh vədinə əməl etməyərək oğlunu işlə təmin etməmişdir. Bundan sonra o, cavabdehə verdiyi pul məbləğlərini tələb etsə də, sonuncu ona cəmi 650 manat pul qaytarmış, qalan 45.050 manat borcunu isə bugünədək ödəməmişdir. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə şahidlər və 38.300 manat borcun etiraf olunmasına dair əlyazma qəbz təqdim etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçıdan 12.500 manat borc aldığını və tam şəkildə qaytardığını, hazırda iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş əlyazmada “Cavabdeh X8 38.300 borcum var otuz səkkız min üç yuz manat borcum var” qeydi var. Cavabdeh kollegiyanın iclasında verdiyi izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş qəbz 2020-ci ildə onun tərəfindən imzalanmışdır. İmza atarkən iddiaçının təkidi ilə boş vərəqi imzalamışdır. Göründüyü kimi cavabdeh tərəfindən qeyd edilən əlyazma ilə iddiaçıya olan borcunu qəbul etmiş və bununla da tərəflər arasında olan borc münasibətləri təsdiq edilmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, istinad edilən əlyazmanın mövcudluğu tərəflər arasında müqavilənin olmasını ehtiva edir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh həmin əlyazmada olan imza və xətti birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirmiş, bununla bağlı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1176 nömrəli xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 61-ci vərəqində olan dama-dama şagird dəftəri vərəqinin üzərində “Mən Cavabdeh X7 38.300 borcum var otuz səkkiz min üç yüz manat borcum var” sözləri ilə bitən qəbzdəki yazılar və qəbzin sonundakı imza öz aralarında eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçı Cavabdeh 45.050 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, işin faktiki halları ilə cavabdehin 38.300 manat borcunun olması müəyyən edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına hüquqi qiymət verməmış, qərardad üzrə təyin etdiyi ekspertiza üzrə təqdim edilmiş rəyin nəzərə alınmamasını qanunla nəzərdə tutulmuş qaydada qətnaməsində əsaslandırmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf 38.300 manat borcunun olmasını qəbul etməsə belə, iş materiallarından görünür ki, iddiaçı özü cavabdeh tərəfindən 650 manat qaytarılmasını etiraf etmişdir. Həmçinin də işə əlavə olan qəbzlərdən müəyyən edildi ki, cavabdehin anası tərəfindən iddiaçının həyat yoldaşına bank vasitəsilə 900 manat məbləğində vəsait köçürülmüşdür (i.v.185- 187). Məhkəmə Kollegiyası qeyd edilən 900 manat vəsaitin məhz cavabdehin iddiaçıdan aldığı vəsaitə görə ödəniş olması qənaətinə gəlir. Bu baxımdan Məhkəmə Kollegiyası cavabdehin dəlilləri ilə qismən razılaşır. Məhkəmə Kollegiyası həmçinin cavabdeh tərəfindən təqdim edilən “cinayət işi başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərara” münasibətdə qeyd edir ki, həmin qərar cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Bu halda həmin qərarın yeni sübut kimi qəbul edilməsinin mümkünlüyünü MPMnin 372.2-ci maddəsinin şərtləri əsasında araşdırmalıdır. Belə ki, MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki iş üzrə isə cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı iştirak etsə də, qeyd edilən qərarı birinci instansiya məhkəməsində təqdim etməmiş də həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə Kollegiyası “cinayət işi başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərarı” sübut kimi qəbul etmir. Belə ki, qərarda cavabdehin anasının izahatında oğlunun iddiaçıya borcu olmasının etiraf etməsi iddianın etirafı kimi qiymətləndirilə bilməz. Bu izahat işin digər halları ilə təsdiqləndiyi halda sübut əhəmiyyətli sayıla bilərdi. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəf iddiaçıdan aldığı vəsaitin qaytarılmasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, həmçinin qeyd olunanlara işin halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə istinad etməklə qeyd edir ki, hazırda iddiaçının eləcə də cavabdehin istinad etdiyi halları sübut etməsi hər bir tərəfin öz üzərinə düşür. Göründüyü kimi işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehin öz imzası ilə təsdiq etdiyi əlyazmaya əsasən iddiaçıya 38.300 manat borcunun olmasını qəbul etmiş, eyni zamanda həmin vəsaitdən iddiaçının qəbul etdiyi 650 manat hissəsi ödənilmiş, həmçinin sonradan 900 manat hissəsi də ödənilmişdir ki, bununla da həmin ödənilən vəsaitlər 38.300 manatdan çıxılmalıdır. Məhkəmə Kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya borcu cəmi 38.300 manat qəbul edilməli və həmin məbləğdən 650 manatın ödənildiyi iddiaçı tərəfindən etiraf olunduğundan və 900 manat vəsait sonradan ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 36.750 manat (38.300-650-900) müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, onun iddiaçıdan sələmə pul alma və həmin pulu faizləri ilə birlikdə qaytarması faktı təsdiqini tapmır. Araşdırma zamanı cavabdehin anasına məxsus işə əlavə edilmiş Səyarə Baxşəliyevaya məxsus "xxxx" ASC-nin əmək haqqı kartlarından çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda ümumilikdə 900 manat ididaçının arvadı X1 göndərilmişdir. İddiaçı köçürülən pullarla razılaşmasa da, müəyyən edilir ki, qeyd edlən köçürmələr borcdan ödənilmiş pullar olmuşdur. Belə ki, cavabdehin anasının iddiaçı tərəflə bu borcla bağlı məsələdən başqa digər münasibətlərinin olması müəyyən edilməmişdir. İddiaçı tərəf də bununla bağlı verilən suala cavabı tam aydınlıq gətirə bilməmişdir . Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən - Cavabdeh 36.750 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış məhkəməxətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 125 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2788/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh İddiaçı xeyrinə 36.750 (otuz altı min yeddi yüz əlli) manat pul tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 125 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar