Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6084/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X2 ilə "xxxx" ASC arasında 29.09.2010-cu il tarixdə İ-234 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borclu Cavabdeh istehlak məqsədilə 60 (altmış) ay müddətində qaytarmaq şərtləri daxilində va onun kredit aldığı gündən başlayaraq illik 24 faiz ödəməsi şərti ilə 30000 (otuz min) manat vəsaiti məbləğində pul götürmüşdür. Lakin borclu Cavabdeh 29.09.2010-cu il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Müqavilə bağlanan gündən bu günə kimi banka cəmi kredit borcu üzrə 1400 (bir min dörd yüz) manat, faiz borcu üzrə isə 5485 (beş min dörd yüz səksən beş) manat kredit ödənişi etmişdir. Hazırda borclu Cavabdeh banka kredit borcu üzrə 28600 (iyirmi səkkiz min altı yüz) manat, faiz borcu üzrə 11430 (on bir min dörd yüz otuz) manat olmaqla, cəmi 40030 (qırx min otuz) manat borcu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 28600 manat əsas borc və 11430 manat faiz borcu olmaqla, cəmi 40030 (qırx min otuz) manat məbləğində borc tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2010-cu il tarixli, İ-234 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməklə, Cavabdeh 30 (otuz) manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən iddia qaldırmağa dair 3 illik prosessual müddət ötürülmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin ötürülməsi nəzərə alınmamışdır. Məhkəmə gedişatından xəbərdar olmadığı üçün məhkəmə baxış iclasında iştirak etməmiş və bu səbəbdən də prosessual müddətin ötürülməsinə dair ərizə təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7156/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1904/2021 saylı, 20 aprel 2021ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7156/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayətinə əlavə təqdim etməklə, hazırki iş üzrə iddia müddətin ötürülməsini qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kasassiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 29.05.2013-cü il tarixli qərardadının ləğv olunmasının hüquqi əsaslarını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin həm 13.09.2019-cu il tarixli, 2(103)-11869/2019 saylı qərardadında, həm də həmin instansiya məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(103)- 14879/2019 saylı qərardadında qeyd olunmuşdur ki, mülki iş materiallarında iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilən tarixdə, yəni 29 may 2013-cü il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə ünvanlanmış məktub olsa da, onların həmin iclas barədə məlumat almalarına dair hər hansı məhkəmə qəbzi və ya poçt xəbərnaməsi mövcud deyildir və bununla da həmin tarixli məhkəmə iclası barədə bildirişin həqiqətən də tərəflərə göndərilməsini müəyyən etmək mümkün olmur. İş materiallarından göründüyü kimi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsinə dair iddiaçının ərizəsi məhz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən 29 may 2013-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə iddiaçıya heç bir məlumat verilməmiş və məhkəmə bildirişi göndərilməmişdir (i/v 32). Məhz bu əsasa görə birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)- 2974/2013 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Yasamal Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli, 2(004)-2974/2013 saylı qərardadı ləğv edilmişdir. Bundan əlavə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 29.05.2013-cü il tarixli birinci instansiya məhkəməsinin qərardadının surətinin lazımı qaydada vaxtında iddiaçıya təqdim olunması iş materialları ilə təsdiq olunmur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan 29.09.2010-cu il tarixdə İ-234 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 60 (altmış) ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 (otuz min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 07.03.2013-cü il tarixə kredit borcu üzrə 28600 (iyirmi səkkiz min altı yüz) manat, faiz borcu üzrə 11430 (on bir min dörd yüz otuz) manat olmaqla, cəmi 40030 (qırx min otuz) manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdeh banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi iddiaçı ilə cavabdehin arasında 60 ay müddətinə bağlanmış 29.09.2010-cu il tarixli, İ-234 nömrəli kredit müqaviləsindən irəli gəlir. Tələbin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti keçib. Belə ki, kredit müddəti 29.09.2015-ci ildə bitib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Kredit müddəti 29.05.2015-ci ildə bitdiyinə görə hesab olunur ki, öhdəliklər üzrə icra müddəti də 29.05.2015-ci ildə bitib, bununla da 3 illik iddia müddətin axımı 29.05.2015-ci ildə başlayıb və 29.09.2018-ci ildə bitib. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin axımı kəsilməyib. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsindən görünür ki, iddia müddətinin axımı 2 halda kəsilir: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə; 2) borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə. İş materiallarından görünür ki, iddia ərizəsi 10.04.2013-cü ildə verilib, bundan 2 ay sonra - 29.05.2013-cü ildə o, baxılmamış saxlanılıb və 6 il ərzində baxılmamış qalıb. 11.07.2019-cu ildə iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini xahiş edib, 28.02.2020-ci ildə həmin qərardad ləğv edilib. İddia ərizəsinin baxılmamış saxlanıldığı 6 ilin daxilində 3 illik iddia müddəti (29.05.2015-ci ildən 29.09.2018-ci ilədək olan müddət) başlayıb və bitib. Bundan başqa qeyd edilməlidir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi iddia müddətinin axımına təsir etməyib. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün Mülki-Prosessual Məcəllə (MPM) işdə iştirak edən şəxslərə 2 cür imkan müəyyən edib, həmin qərardaddan şikayət vermək və həmin qərardadın ləğv edilməsi üçün vəsatət vermək. İş materiallarından görünür ki, hazırkı işdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad həmin qərardadın ləğv edilməsi üçün vəsatət verməklə ləğv edilib. Yəni iddiaçı MPM-in 260.5-ci maddəsinə istinad edərək vəsatət verib, məhkəmə isə həmin maddəyə istinad edərək qərardadı ləğv edib. Bu isə o deməkdir ki, baxılmamış saxlama barədə qərardad qanunsuz sayılmayıb, 6 il ərzində iddia ərizəsinin baxılmamış qalması qanuni olub. Ona görə də həmin müddətin daxilində iddia müddətinin axımının başlanması və bitməsi etibarlı sayılır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddia müddəti daxilində borcu etiraf edən hərəkətlər etməyib. Belə ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 05.12.2012-ci ildə (8 il əvvəl) edilib. Bundan sonra hər hansı ödənişin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də iddia müddətinin axımı kəsilməyib. Göründüyü kimi, iddia müddətinin axımını kəsən hallar baş verməyib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyindən o, iddia müddətinin tətbiqi barədə ərizə verə bilməyib, ona görə də həmin ərizəni əvvəlki apelyasiya icraatı zamanı verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-2974/2013 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Yasamal Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli, 2(004)-2974/2013 saylı qərardadı “təyin edilmiş məhkəmə iclası barədə iddiaçıya heç bir məlumat” verilməməsi əsası ilə ləğv edilmişdir. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş tərəf ötən müddət ərzində iddia ərizəsinə dair hər hansısa məhkəmə aktının qəbul edilib-edilməməsinə dair məlumat almaq üçün hərəkət etməmiş, iddia ərizəsi baxılmamış saxlanıldıqdan 6 il sonra qərardadın ləğvinə dair ərizə vermişdir ki, iddiaçı ağlabatan müddətdə hərəkət etməmiş, həmin hal da kollegiya tərəfindən iddiaçının öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən bu barədə ərizə təqdim edildiyindən apellyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiası rədd olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6084/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6084/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver