Məhkəmə qərarları › İş №2(103)-6084/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6084/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6084/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X3 nümayəndəsi İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndələri X2, X1 eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(005)-1080/2022 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsinə əsasən HK-1/1975 nömrəli ilkin yoxlama materialı üzrə hər hansı bir şəxs (şəxslərin) hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, lkin yoxlama materialı üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13 oktyabr 2021-ci il tarixli, 9/6818 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin may və sentyabr aylarına olan təmir- bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3900 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3150 manat; Təmir-bərpa işlərinin qiyməti-750 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3225 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-2475 manat Tənıir-bərpa işlərinin qiyməti-750 manatdır. İlkin yoxlama zamanı Cavabdeh2 MMC tərəfindən daxil olmuş məktubdan görünür ki, Cavabdeh1 yaşayış binasının X10 küçəsinə baxan hissəsində açıq məkanda avtomobil dayanacağı mövcuddur, həmin dayanacaqdan bina sakinləri istifadə edir və bunun müqabilində aylıq ödəniş edilir. İlkin yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı 11 may 2021-ci il tarixdə park etdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus duracaq ərazisidir. Avtomobillər orada ödənişli əsaslarla saxlanılır. Ona görə də İddiaçı Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

2. Arayışdan görünür ki, obyektin onlayn fəaliyyətinin dayandırılması ilə əlaqədar ərizədən görünür ki, Cavabdeh1 MTK xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmış, fəaliyyətinin bərpa ediləcəyi tarix xx.xx.2023-cü il tarix göstərilmişdir.

3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına qeydiyyatdan keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən onun xeyrinə 5.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 may 2021-ci il tarixdə “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili o Bakı şəhəri Yasamal rusunu kənar dairəvi küçəsi 20 saylı binanın arxasında yerləşən dayanacaqda saxlamışdır. Həmin dayanacaqda avtomobili park olunmuş vəziyyətdə olarkən naməlum şəxs (şəxslər) tərəfindən zədələnərək qəzalı vəziyyətə salınmışdır. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 29 cu Polis Şöbəsinə müraciət etmişdir. Bununla bağlı 22 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, ilkin yoxlama materialı üzrə məhkəmə- əmtəəşünaslıq ekspetrizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 9/6818 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin may və sentyabr aylarına olan təmir-bərpa xərci 5000 manat məbləğində təşkil edir. Hesab edir ki, cavabdehlər "xxxx" MTK və ‘"xxxx" MMC tərəfindən onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.

6. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı əsl iddiaçı X6 ilə əvəz edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(005)- 1080/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən maddi zərərin əvəzi kimi 3.900 (üç min doqquz yüz) manatın iddiaçı X3 xeyrinə ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 11 may 2021-ci il tarixdə park etdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus duracaq ərazisidir. Avtomobillər orada ödənişli əsaslarla saxlanılır. Avtomobillərə dəymiş zərərlə baglı cavabdehliyi Cavabdeh2 MMC daşıyır. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 MMC-dən ona dəymiş maddi zərəri tələb etməkdə haqlıdır. Məhkəmə maddi zərər tələbini ekspert rəyində göstərilən həcmdə, yəni 3900 manat məbləğində əsaslı hesab etmişdir. Digər Cavabdeh1 MTK-ya münasibətdə isə məhkəmə iddia tələbini əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK fəaliyyətini dayandırmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1108.1, 1115 eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 MMC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması ilə bağlı qətnamə çıxarılması xahiş edilmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı cavabdehlərdən onların ona dəyən maddi ziyanı tələb etsə də cavabdehlərin hansı hüquqazidd hərəkətlərinin olması və tələb olunan maddi ziyanın hüquqi əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mövcud vəziyyətdə iddiaçının cavabdehdən hər hansı məbləğdə maddi ziyan tələb etməsinin hüquqi əsası yoxdur. Bu iddianın verilməsində iddiaçının məqsədi yalnız və yalnız cavabdehlərin maddi vəsaiti hesabına əsassız varlanmaqdan ibarət olmuşdur. Çünki cavabdehin hər hansısa təqsiri nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1108 və 1115-ci maddələrinin tələblərinə əsasən Cavabdeh2 MMC-dən tələb olunan pulun tutulması üçün əsaslar olmalıdır. Bu əsas da qanundan irəli gəlməlidir. Dəymiş zərərin əvəzinə görə pulun tutulması üçün qanuni göstərişlər Mülki Məcəllənin qeyd olunan normalarında öz əksini tapmışdır ki, həmin müddəaların hazırki iş üzrə cavabdehə münasibətdə tətbiq edilməsi mümkün deyil. Çünki iddia olunan zərərin konkret olaraq kim tərəfindən və hansı şəraitdə vurulması müəyyən olunmamışdır. Bundan başqa iddiaçı ilə cavabdeh arasında hər hansısa öhdəliklərə dair müqavilə imzalanmamışdır. Həmçinin də cavabdeh qeyd olunan duracaqda uzun illər qabaq divarlara yazılar yazmışdır ki, yuxarıdan atılan hər hansısa əşyaların törədəcəyi zərərlə bağlı cavabdehlik daşımır. Yuxarıdan düşən və kimin tərəfindən atılması bəlli olmayan əşyanın törədəciyi zərərə görə cavabdehin məsuliyyət daşıması məntiqi baxımdan da düzgün deyildir. Çox təəsüflər olsun ki, məhkəmə bu vəziyyətdə qanunun tələblərini görməzlikdən gələrək iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Hazırki vəziyyətdə Cavabdeh2 MMC-nin hansı əsaslara görə yüksək təhlükə mənbəyi olması və ya tikinti fəaliyyəti ilə bağlı iddiaçıya zərər vurması müəyyən olunmamasına baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia tələbinin təmin olunması ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmasa da məhkəmə iddia tələbini qismən etməklə istinad edilən maddələrin tələbini pozmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, iddiaçının avtomobilinin saxladığı ərazidə sakinlərin təqsiri üzündən baş vermiş hər hansı hadisəyə görə Cavabdeh2 MMC məsuliyyət daşımır. Dayanacaqda xidmət göstərən şəxslər var, onlar hər hansı oğurluq hadisəsinin baş verməməsi üçün və sair məsuliyyət daşıyır. Mühafizəçi hər hansı sakinin etika qaydasına riayət etməməsi, yuxarıdan hər hansı balonu atmasına görə məsuliyyət daşımır. Bunun Cavabdeh2 MMCyə adiyyatı olmamışdır. Həmçinin iddiaçı bina sakini olmamışdır. MTK sakinlərdən hansısa öəniş tələb edirsə bununla bağlı şəxsə qəbz təqim edilir. İddiaçının isə ödəniş edibetməməsi müəyyən edilmir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında hər hansı bir müqavilə olmamışdır. Sonradan bilmişlər ki, iddiaçı başqa binanın sakinidir. Həmçinin Cavabdeh2 MMC iddiaçının avtomobil saxladığı yerə yazıb qoyulmuşdur ki, yuxarıdan atılan əşyalara cavabdehlik daşınmır. İddiaçı mühafizəçi ilə əlaqə yaradaraq ödəniş etməklə binanın həyətində avtomobilini saxlayıb. Həmçinin hadisə baş verəndən sonra iddiaçının oğlu ilə danışıqlar aparılmışdır. Belə ki, iddiaçının oğlu, avtomobilə dəyən ziyanın 700 manat olması bildirmişdir. Bununla bağlı iddiaçının oğluna dəymiş ziyanın bir hissəsi, yəni 300 manatın ödənilə biləcəyi bildirimişdir. Lakin qarşı tərəf bu təkliflə razılaşmamışdır. Bundan sonra hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Aparılan araşdırma zamanı balonun hansı mənzildən atılması müəyyən edilməmişdir. Eyni zamanda digər sakinlərlə mühafizə ilə bağlı müqavilə imzalanır. İddiaçının mühafizəçiyə hansı məbləğdə ödəniş etməsi onlara məlum deyil. Hazırki vəziyyətdə isə dəymiş ziyanla bağlı 500 manat ödəniş edilə bilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, avtomobil saxlandığı həyət binanın ərazisi olmuş və bütün binaya nəzarəti MTK həyata keçirir. Hadisə baş verəndən sonra MTK-ya müraciət edilmiş və avtomobilin düzəldiləcəyini ona bildirmişlər. Lakin MTK-nın rəhbərliyi avtomobili düzəltməmişlər. Həmçinin bildirdi ki, həyətində hadisənin baş verdiyi binanın sakini deyil. Mühafizəçiyə oğlu ödəniş edir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya Cavabdeh1 MTK-nın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.

20. Həmin qərarda həmçinin göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamədən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Həmçinin iddia tələbi qismən təmin edilsə də iddiaçı qətnaməni mübahisələndirməmişdir. Eyni zamanda digər cavabdeh də qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh2 MMC-yə münasibətdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

29. Belə ki, 11 may 2021-ci il tarixdə “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil 11 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsi 20 saylı binanın arxasında yerləşən dayanacaqda park olunmuş vəziyyətdə olarkən naməlum şəxs (şəxslər) tərəfindən zədələnərək qəzalı vəziyyətə salınmışdır. Bununla bağlı iddiaçı tərəfindən Yasamal RPİ-nə müraciət edilmişdir. Aparılmış araşdırma ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir.

30. Hazırda iddiaçı mülki icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən onun xeyrinə 5.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

31. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 MMC-yə münasibətdə təmin etməklə düzgün nəticəyə gəlmişdir, Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız olmuşdur.

32. Belə ki, İddiaçı 11 may 2021-ci il tarixdə park etdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus duracaq ərazisidir. Avtomobillər orada ödənişli əsaslarla saxlanılır. Cavabdeh2 MMC iddiaçı ilə hər hansı müqavilənin olmamasını, ondan hər hansı qaydada ödəniş alınmamasını bildirsə də, apellyasiya baxışı zamanı Cavabdeh2 MMC-nin nümayəndəsi X5 izahatına bildirmişdir ki, İddiaçı mühafizəçi ilə əlaqə yaradaraq ödəniş etməklə binanın həyətində avtomobilini saxlamışdır, həmçinin iddiaçının oğluna dəymiş ziyanın bir hissəsi, yəni 300 manatın ödənilə biləcəyi bildirilmiş, eyni zamanda hazırki vəziyyətdə dəymiş ziyanla bağlı 500 manat ödəniş edilə biləcəyini də əlavə etmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC-ilə iddiaçı arasında hər hansı bir müqavilə bağlanmasa belə, iddiaçı məhz Cavabdeh2 MMC-nin mühafizəçisinə ödəniş etdiyindən, hazırki vəziyyətdə avtomobilə dəymiş zərərlə bağlı cavabdehliyi Cavabdeh2 MMC daşıyır. Həmçinin iddiaçının avtomobilinə ziyan dəyməsinə əsas olan hal, iddiaçının park etdiyi avtomobil məhz Cavabdeh2 MMC-yə məxsus duracaq ərazisi olmuşdur.

34. Göründüyü kimi hazırda iddiaçı avtomobilinə dəymiş ziyanı Cavabdeh2 MMC-dən tələb etməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur.

35. Bununla belə birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-dən tutulmalı olan dəymiş maddi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarına uyğun nəticəyə gəlməmişdir.

36. Belə ki, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyyat hissələrinə məhz aşınma tətbiq edilməklə əldə edilmiş məbləğ işin faktiki hallarını əks etdirir. Çünki avtomobil 2007-ci il buraxılışlı olmuş, hadisə 2021-ci ildə baş vermişdir və hadisə baş verən ana qədər avtomobilin buraxılış ilindən xeyli müddət keçdiyindən, həmin müddət ərzində avtomobilin dəyişilməli hissələrinin dəyərində azalma olması qaçınılmaz olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli, 9/6818 nömrəli rəyinin şübhə altına alınması halları müəyyən edilməmişdir.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən dəymiş ziyana görə tutulmalı olan məbləğ məhz dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə əldə edilmiş – 3225 manat müəyyən edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 3225 manat üəyyən edilməklə, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən Cavabdeh2 MMC tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

44. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın cavabdeh tərəfindən mübahisələdirilən hissədə qiyməti 3900 manat olmuş, apellyasiya baxışı zamanı isə həmin məbləğ 3225 manat müəyyən edilmişdir. Göründüyü kimi həmin məbləğ beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh2 MMC tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(005)- 1080/2022 nömrəli qətnaməsi Cavabdeh2 MMC -dən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 MMC-dən maddi zərərin əvəzi kimi manat iddiaçı X3 xeyrinə ödənilməli olan məbləğin dəyəri 3225 (üç min iki yüz iyirmi beş) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar