Məhkəmə qərarları › İş №2(103)-6088/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6088/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6088/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un «xxxxxxxxxx» Şirkəti və Cavabdeh1 qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1470/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC BOKT «xxxxxxxxxx» Şirkəti və Cavabdeh1 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxx” Şirkətindən və Cavabdeh1 cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 №-li Fərmanının (surəti əlavə olunur) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının (surəti əlavə olunur) icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı“ QSC BOKT-a keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “xxxxxxxxxx“ Şirkətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli, S148 saylı təhvil-təslim aktı (bundan sonra- Akt) əsasında “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir (Aktın surəti əlavə olunur). Akta əsasən "xxxxxxxxxx“ Şirkətinin təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ ASC-yə cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ ASC arasında bağlanmış xx.xx.1997-ci il tarixli 294 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır (Müqavilənin surəti əlavə olunur). xx.xx.2019-cu il tarixə cavabdeh “xxxxxxxxxx” Şirkətinin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) manat məbləğində təşkil etmişdir. Cavabdeh “xxxxxxxxxx” Şirkəti və Cavabdeh1 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Cavabdeh “xxxxxxxxxx” Şirkətinin direktoru Cavabdeh1 ilə bağlanmış və iddia ərizəsinə əlavə edilən kredit müqaviləsinin surətindən göründüyü kimi müqavilənin predmeti pul öhdəliyidir. Müqaviləyə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1470/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “xxxxxxxx” Şirkətinə qarşı problemli borcu üzrə tələb hüququnun xx.xx.2018-ci il tarixdə İddiaçı QSC BOKT təhvil verildiyini və beləliklə də iddia müddətinin həmin tarixdən hesablanmalı olduğunu nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Tərəflər arasında bağlanmış xx xxxxx 1997-ci il tarixli, 294 saylı kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alanlara (cavabdehlər «xxxxxxxxxx» Şirkəti və «xxxxxxxxxx» Şirkətinin direktoru Cavabdeh1) 4 ay müddətinə, illik 16 faizlə, 1.000.000.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi, manatla kreditdən 1997-ci ildə istifadə etməyi, verildiyi gündən etibarən 4 ay ərzində qaytarmağı, kredit üzrə hesablanmış faizləri isə 1997-ci ilin ikinci rübündən başlayaraq hər rübün axırında ayın 20-dən gec olmayaraq ödəyəcəyiniöhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Bank girov qoyulmuş əmlakı girovqoyanın razılığı olmadan sata bilər və Azərbaycan Respublikası “Amal” X2 tərəfindən xx.xx.1997-ci il tarixli 6/İV saylı təminat məktubuna əsasən X3 Kommersiya “Amal” Bankının Milli Bankında olan 467008 nömrəli hesabına inkasso qoymaq şərtilə əsas borcunu və hesablanmış faizlərini silinməsinə malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və müqavilə öhdəliyini pozmuşdur. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasənicra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, «xxxxxxxxxx» Şirkəti və «xxxxxxxxxx» Şirkətinin direktoru Cavabdeh1 ilə bank arasında xx xxxxx 1997-ciil tarixdə bağlanmışmüqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 15 avqust1997-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, xx xxxxx 1997-ciil tarixdə bağlanmışmüqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxx 2010-cu il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2000-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1470/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar