Məhkəmə qərarları › İş №2(103)-6093/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6093/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6093/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(001)- 2426/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.07.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin X3 3 (üç) yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-2426/21) iddia qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 20.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 08.07.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, həmçinin Cavabdeh 08.07.2019-cu il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, alimentin artırılmış hissəsinin və uşağın 3 (üç) yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş pul məbləğinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması müəyyən edilmişdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın uşaq 3 (üç) yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğinin cavabdehdən tutulması hissəsinin təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından 08.07.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, 08.07.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatlarını ödəmək üçün həddən artıq azdır. Belə ki, uşağın sağlamlıq qayğısına qalmaq üçün xeyli vəsait tələb olunur. İddiaçı öz gəliri hesabına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşağın tələbatı hər gün artsa da, cavabdeh ona köməklik göstərmir və məhkəmə qətnamə çıxararkən bu halı nəzərə almamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi artırılmış alimenti və uşaq 3 yaşına çatanadək ananın xeyrinə tutulan məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablamaqla səhvə yol vermişdir. Belə ki, alimentin tutulması onun ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi A.Salmanova apellyasiya şikayəti qəbul etməyərək rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində qismən mübahisələndirmiş və uşaq 3 yaşına çatanadək cavabdehdən hər ay ananın xeyrinə 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin şikayətin məzmunundan göründüyü kimi, iddiaçı əslində qətnaməni iddianın təmin olunmayan hissəsində bütünlüklə mübahisələndirir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Yəni, hazırkı apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsi təşkil edir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 15.01.2016-cı ildə rəsmi nikaha daxil olmuş, 08.07.2019-cu ildə həmin nikahdan İnci adında bir övladları olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, azyaşlı İnci anasının himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçının tələbi həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi və eləcə də uşaq 3 (üç) yaşına çatanadək hər ay 150 manatın cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi cavabdehin “xxxx” MMC-də satış agenti kimi fəaliyyət göstərməklə aylıq əmək haqqının 500 manat təşkil etdiyini, eləcə də iddiaçının özünün “xxxx” MMC-də mütəxəssis kimi fəaliyyət göstərdiyini, aylıq əmək haqqının 600 manat olduğunu nəzərə alaraq iddianı qismən təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci və “Uşaq hüquqları haqqında” Qanunun müvafiq maddələri ilə əsaslandırmışdır. Məhkəmə bu qənaətə gələrkən qətnamənin qəbulundan xeyli müddət keçdiyini, həmin müddətdən sonra minimum yaşayış tələbatının artdığını və bu baxımdan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmalı olduğunu əsas götürmüş və hesab etmişdir ki, cavabdehdən 08.07.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması onun mənafeyinə uyğundur. Həmçinin, məhkəmə İddiaçı hazırda maddi vəziyyətini nəzərə alaraq, 08.07.2019-cu il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 25 (iyirmi beş) manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə iddiaçının vəziyyətinin ağır olduğunu, cavabdeh tərəfindən uşağın artan tələbatının ödənilməsinə köməklik göstərilmədiyini nəzərə almamış, alimentin və uşaq 3 yaşına çatanadək ananın xeyrinə tutulan məbləğin hansı tarixdən hesablanmalı olduğunu düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab sayaraq qeyd edir ki, şikayətdə göstərilən halların heç biri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas vermir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi alimentin miqdarını dəyişdirərkən, eləcə də uşaq 3 yaşına çatanadək ananın xeyrinə aliment müəyyən edərkən ailə qanunvericliyinin tələblərini və uşağın mənafeyini nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, alimentin tutulma tarixinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması da qanunvericiliyin tələblərinə tam uyğundur. Belə ki, hazırkı iş üzrə tələb aliment tutulması barədə yox, artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədədir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarında da bu məsələyə izah verilir və göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar