Məhkəmə qərarları › İş №2(103)-6095/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6095/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6095/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” X3rşı “tərəflər arasında bağlanmış kredit müqaviləsi məlumatlarının düzgün yerləşdirilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1126/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək onunla cavabdeh bank arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi məlumatlarının düzgün yerləşdirilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla bank arasında bağlanmış xx xxxxxx 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank ona 36 ay müddətinə qaytarmaq şərtilə 6350 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Sonradan dolların məzənnəsi nisbətinin iki dəfə devalvasiya etməsinə baxmayaraq, kredit borcunu vaxtından əvvəl tam şəkildə bağlamış və hazırda onun adına heç bir bank krediti yoxdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlii ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq adına kompensasiya hesablanmalı idi, lakin adına portalda heç bir məlumat yoxdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxx 2019-cu il tarixdə apelyasiya komissiyasına portal vasitəsilə müraciət etmiş və cavab olaraq xx xxxx 2019-cu il tarixdə yenidən 30 iş günü uzadılması barədə bildiriş gəlmişdir. Lakin bu günə qədər heç bir məlumat gəlməmişdir. Bununla bağlı iki dəfə Azərbaycan Respublikası Maliyyə X2 müvafiq kompensasiya məbləğinin hesablanması barədə məktub göndərmiş, lakin cavab ala bilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1126/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, İddiaçı olu ilə bank arasında bağlanan müvafiq müqavilə Mərkəzləşdirilmiş Kredit Reyestrinə vurulsa da, sonradan vətəndaşa bank tərəfindən güzəşt edilmiş və məlumatlar sistemdən silinmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank İddiaçı illik 25,52% faiz olmaqla, 36 ay müddətinə 6350 ABŞ dolları kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti və kreditə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2017-ci il tarixli aktın surətindən və məzmunundan görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı banka heç bir borc öhdəliyi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə X1 iddiaçıya ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli elektron qaydada göndərilmiş qərarın məzmunundan görünür ki, iddiaçı şəxsin kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra,depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsindəvə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və yaqismən xitam verilir; 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac verdiyini nəzərə alaraq devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyinin göstərilməsini qərara almış, Fərmanın 5-ci bəndində, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsinə göstəriş vermişdir. Fərmanın təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmanın 1-ci bəndinə əsasən, fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, bu güzəştlərin bankların vəsaiti hesabına deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtından əvvəl və tam olaraq icra etmişdir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyatorun davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verən cavabdeh tərəf apelyasiya baxışı iclasına gəlməyərək şikayətində vurğulanmış dəlillərlə bağlı sübut təqdim etməmiş və şikayətdə qeyd olunanlara aydınlıq gətirməmişdir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1126/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar