Məhkəmə qərarları › İş №2(103)-61/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-61/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-61/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3547/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3547/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2898/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-174/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmış və işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldığına görə iş üzrə icraat təzələnmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, tərəflərin barışdığını və mübahisənin öz aralarında həll etdiklərini bununla da apellyasiya şikayətindən imtina etdiyini bildirməklə, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayətindən imtina qəbul edilməli və hazırki apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi istinad edilən maddədə apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə kollegiyası MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3547/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3547/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyator İddiaçı özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar