Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6101/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndələri X3 və X6 iştirakı ilə, İddiaçı cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1017/2023 saylı qətnaməsindən cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Ford transit Xüsusi Təyinatlı” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 22.393 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,18 manat pulun cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1017/2023 saylı qətnaməsi il iddianın qismən təmin edilməsi, “Ford Transit Xüsusi Təyinat” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 10.914 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 157,18 manat pulun cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndələri X3 və X8 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, buna əsaslar olmasına baxmayaraq, iddiaçı cavabdehdən əldən çıxmış faydanı tələb etməmiş, yalnız mülkiyyətində olan avtomobilə vurulmuş real zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən bu məbləğin yarısından da az məbləğdə pul tutmuşdur. Buna baxmayaraq, iddiaçı mübahisənin uzanmaması üçün həmin qətnaməni mübahisələndirməmişdir. Hazırda isə cavabdeh iddiaçıya maddi zərərin vurulmasında təqsirinin olmadığını bildirir. Halbuki, məhz cavabdehə məxsus nəqliyyat vasitəsini idarə edən şəxsin təqsirli hərəkətləri nəticəsində həmin avtomobil iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymişdir. Bu hal “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla da təsdiq edilir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1017/2023 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı (VÖEN: **********) fərdi sahibkar kimi vergi orqanında qeydə alınmış və sahibkarlıq fəaliyyətini refrejiratorların daşınması, habelə avto dayanacaqlarla bağlı sahədə həyata keçirir. Cavabdeh isə hüquq şəxsdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin mülkiyyətində olan “HOWO yük” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olan “Ford Transit xüsusi təyinat” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bunun nəticəsi olaraq iddiaçının mülkiyyətində olan avtomobil dərəyə yuvarlanmış və ona maddi zərər vurulmuşdur. Hazırda iddiaçı bu hadisənin cavabdehin mülkiyyətində olan avtomobili idarə edən şəxsin hüquqazidd əməlləri nəticəsində, yəni onun təqsiri üzündən baş verdiyini iddia edir və bu səbəbdən mülkiyyətində olan avtomobilə vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında deliktdən irəli gələn mübahisənin yaranmasına səbəb olmuş hadisə zamanı toqquşmuş avtomobillərin hər hansı biri minik markalı deyil, müvafiq olaraq xüsusi və yük daşıma təyinatlıdır. Bu baxımdan iddiaçı və cavabdeh həmin avtomobillərdən müvafiq olaraq həyata keçirdikləri sahibkarlıq və kommersiya fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədi ilə istifadə edirlər. Avtomobillərin təyinatı da bu halı bilavasitə təsdiq edir. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehə qarşı tələbi delikt mahiyyətli olmaqla, məhz onların hər ikisinin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, deliktdən irəli gələn hazırki mübahisə tərəflərin, o cümlədən bilavasitə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və onun hüquqi şəxs olan cavabdehə qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə aiddir. Bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış və nəticədə məhkəmə aidiyyəti ilə bağlı qaydalara riayət etməməklə iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 31-ci, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1017/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “X15 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qsimində işə cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6101/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6101/2023
14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver