Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6104/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-2124/2020 saylı qərardadından iddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank “xxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00012- 05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4916.43 manat əsas borc, 28.08 manat faiz borcu, ümumilikdə 4944.51 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh1 mülkiyyətində olan “CHEVROLET CAPTİVA” minik markalı, 10- VG-727 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, cavabdehə avtomobildən istifadə etmək qadağan edilməklə avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-2124/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçının “Bank VTB (Azərbaycan)” ASC-nin direktoru Nihad Abbasov Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-2124/2020 saylı qərardadından verdiyi şikayət məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, həmin qərardad kreditorun maraqlarını nəzərə almadan və hüquqlarını pozmaqla qəbul edildiyinə görə ləğv edilməlidir. İlk növbədə bildirir ki, iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (MPM, maddə 157). Lakin nədənsə Məhkəmə öz əsasında sanki çıxarılacaq qərardadın işin mahiyyətinə təsir edəcək formada yanaşmışdır. Habelə, qanunvericiliyin tələbinə əsasən bu qərardadlar qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə qəbul edilir. Belə ki, qərardadın əsaslandırım hissəsində Məhkəmə özü də etiraf etmişdir ki, iddianın mümkün təmin edilməsi halında cavabdehlər pul ödəməli olacaqlar və icradan boyun qaçırmaları halında məcburi icra tədbiri kimi həmin əmlakın üzərinə həbs qoyulacaqdır. Göründüyü kimi, Məhkəmə özü də göstərilən əmlakın iddia tələbi ilə əlaqəli olduğunu və tərəflərindən verilən iddia təmin tədbiri ilə bağlı ərizənin məhz iddia üzrə qətnamənin gələcəkdə icrasının təmin etməkdən ibarət olduğunu təsdiq edir. Belə ki, həbs qoyulması tələb edilən əmlak barəsində belə tədbir görülməməsi iddiaçını borclunun əmlakı özgəninkiləşdirmə riski ilə qarşı-qarşıya qoyaraq qətnamənin gələcəkdə icrasını çətinləşməsi və hətta qeyri-mümkün etməsi ilə nəticələnə bilər. Əmlakın hazırkı iddia tələbi üzrə məcburi icra tədbiri qismində həbsə alınacağını bildirən Məhkəmə hansı səbəbdən yenə eyni iddia tələbi üzrə əmlakın iddianın predmeti olmadığını bildirməsi aydın olmur. Aşkardır ki, tələb edilən təmin tədbiri bilavasitə iddia tələbinə aiddir və Məhkəmə ərizəni təmin etməməklə iddiaçının maraqlarına birbaşa toxunaraq Mülki Məcəllənin məqsəd və vəzifələrini pozmuşdur. Belə ki, Bu Məcəllənin vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəməyə gəlməmişlər və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onlarıniştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)- 2124/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iddianı təmin etmə o halda həyata keçirilir ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə gətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual-hüquqi vasitələrindən biri kimi qiymətləndirilir. Belə ki, iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında məhkəmə mübahisəsi kredit borcunun tutulması barədədir. İddianın təmin tədbiri qaydasında üzərinə həbs qoyulması tələb edilən Cavabdeh1 mülkiyyətində olan “CHEVROLET CAPTİVA” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil iddia tələbinin predmeti olmamaqla yanaşı, hazırkı iddianın təmin tədbiri qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyrimümkün olması hallarının qarşısının alınmasına yönəlməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia təmin olunduqdan sonra, cavabdeh pulu ödəmədiyi halda, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə məcburi icra tədbirinin görülməsi həyata keçirilə bilər. Bunun üçün isə icra sənədi icra məmuruna təqdim olunmalı, könüllü icra müddətində cavabdeh tərəfindən borcun ödənilməməsi halı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)- 2124/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-6104/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6104/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver