Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6106/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayət, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/23109/50/27 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 % dərəcəsi ilə 36 ay müddətinə 13.798 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik, biznes avadanlıqlarının girovu və ev əşyalarının girovu müqavilələri ilə Bankın tələb hüququna təminat verilmişdir. Kredit müqaviləsinə 1 №-li Əlavə ilə tərəflər arasında kreditin qaytarılması ilə bağlı ödəniş cədvəli razılaşdırılmışdır. Hazırda iddiaçı, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu və Mülki Məcəllənin 439.1-ci maddəsinə istinad edərək, xx.xx.2015-ci il tarixli saziş üzrə kredit milli valyuta əvəzinə, xarici valyutada verildiyinə görə, həmin əqdin etibarsız sayılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, bankların xarici valyutada kredit vermələri və buna dair razılaşmaların qanunsuz olmadığı Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında öz əksini tapmışdır. Plenum, həmin qərarda valyuta, bank və mülki qanunvericiliyin bir sıra normalarını təhlil edərək bu qənaətə gəlmişdir ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur; manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi); xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri); kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi). Göründüyü kimi, Konstitusiya Məhkəməsi, pul öhdəliyinin əmələ gəlməsinə səbəb olan müqavilələr sırasından kredit və ya əmanət müqavilələrini fərqləndirmiş və sözügedən müqavilələr üzrə təqdim edilmiş pulun ödəniş vasitəsi kimi deyil, məhz qaytarılmalı olan mülkiyyət kimi çıxış etməsini vurğulamışdır. Pul öhdəliklərinin yaranmasına səbəb olan alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr üzrə isə pulun ödəniş vasitəsi kimi çıxış etməsini qeyd etmişdir. Qərarda göstərilmişdir ki, “pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.” Bu baxımdan, AR Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəası ilə Mülki Məcəllənin 439.1-ci maddəsində öz əksini tapmış “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası pulun əqdin predmeti kimi deyil, məhz ödəniş vasitəsi kimi çıxış etdiyi müqavilələrə şamil olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Normanın məzmunundan göründüyü kimi, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatının əsas öhdəliyini müqavilə ilə nəzərdə tutulmuş həcmdə pulun borcluya verilməsi təşkil edir. Baxılan işdə Cavabdeh ASC tərəfindən İddiaçı təqdim edilmiş 13.798 ABŞ dolları məbləğində pul kredit (borc) müqaviləsinin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən, vəsaitin xarici valyutada verilməsi sazişin etibarsızlığına səbəb olan hal sayıla bilməz. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1339/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6106/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6106/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver