Məhkəmə qərarları › İş №2(103)-6107/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6107/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6107/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-481/2021 nömrəli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müqavilənin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, “X1 LC 200” markalı, dövlət qeydiyyat nişanlı ** AA *** avtomobilin üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsindən istifadənin cavabdehə və digər şəxslərə qadağan edilməklə nəqliyyat vasitəsinin məcburi saxlanc meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(005)-3822/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, “X1 LC 200” markalı, ** AA *** dövlət nömrə nişanlı (JTMHU01J5J5143190 – Ban, B766929 mühərrik, rəngi Qara, buraxılış ili - 2018) avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8598/2020 saylı, 18.11.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(005)-3822/2020 nömrəli qərardadı ləğv olunaraq, iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, “X1 LC 200” markalı, ** AA *** dövlət nömrə nişanlı (JTMHU01J5J5143190 – Ban, B766929 mühərrik, rəngi Qara, buraxılış ili - 2018) avtomobilin üzərinə həbs qoyulmuş, həmin nəqliyyat vasitəsindən istifadə cavabdehə və digər şəxslərə qadağan edilmiş və nəqliyyat vasitəsi götürülərək müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, Cavabdeh MMC-nin şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsinə” dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 ərizə ilə müraciət edərək, “X1 LC 200” markalı, ** AA *** dövlət nömrə nişanlı (JTMHU01J5J5143190-Ban. B766929 mühərrik, rəngi Qara, buraxılış ili - 2018) avtomobilin üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsindən istifadənin cavabdehə və digər şəxslərə qadağan edilməsi və nəqliyyat vasitəsinin götürülərək müvəqqəti saxlama meydançasına yerləşdirilməsi ilə bağlı tətbiq olunmuş iddia təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2021 saylı, 30.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianı təmin etmə tədbirinin ləğvi barədə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh MMC şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini, tətbiq olunmuş iddia təmin etmə tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-481/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul etsə də, iddianı təmin tədbirinin tətbiqinə dair qərardadı ləğv etməməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsində və 162.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan hüququndan istifadə edərək mübahisəli avtomobillə ilə bağlı iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad qəbul etməklə haqlı olmaya bilərdi. Çünki, MPM-in 162.3-cü maddəsinin birinci cümləsində iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması nəzərdə tutulmuşdur və qətnamədən də həm iddiaçı, həm də digər cavabdeh apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, qətnamə qanuni qüvvəyə minməmiş və iddiaçı da iddia tələblərindən imtina etməmişdir. İşdən, həmçinin iddia tələbinin məzmunundan mübahisənin məhz mübahisə predmeti olan avtomobil ilə bağlı yarandığı təsdiq olunur və buna görə də birinci instansiya məhkəməsinin həmin avtomobilin üzərindən qadağanın vaxtından əvvəl götürməsi düzgün olmazıdı. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2021 saylı, 30.04.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-481/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar