Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6108/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)- 1567/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçıe” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2014-ci il tarixli, TOP 11423 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 871 ABŞ dolları əsas (qalıq) borcu, 90 ABŞ dolları cərimə olmaqla, cəmi 961 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-ci il tarixdə bağlanmış TOP 11423 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə satış qiyməti 5980 ABŞ dolları olan noutbuk ödəniş qrafikinə əsasən nisyə satılmışdır. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. İddiaçı tərəfindən cavabdehə əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 871 ABŞ dolları məbləğində borcunu hissə-hissə 9 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, bununla da onun hal-hazırkı vaxta ödənilməmiş 871 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)-1567/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək məhkəmə xətşünaslıq ekspertizası keçiriləndən sonra nəticəsindən asılı olaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun iştirakı olmadan nisyə alqı-satqı müqaviləsi hazırlanıb imzalanmışdır. Müqavilədəki imza ona məxsus deyildir. Ona görə də xətşünaslıq ekspertizası təyin edilib imzanın həqiqiliyi yoxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onuniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, cavabdehin müqavilədən xəbəri olmuş, alqı-satqı müqaviləsi üzrə ödənişlər də etmişdir. Həmin qəbzlərə nəzər yetirilsə, oradakı imzaların müqavilədəki imza ilə eyni olduğunu görmək olar. Sadəcə olaraq cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırır. Məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)- 1567/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İddiaçıe” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli, TOP 11423 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tərəfindən alıcıya satış qiyməti 5980 ABŞ dolları olan noutbuk ödəniş qrafikinə əsasən nisyə satılmış, alıcı isə alınmış malların dəyərini 9 ay ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün satıcının xeyrinə məcmu borcun 1%-i həcmində cərimə ödəyir. “İddiaçıe” MMC-nin xx.xx.2020-ci il tarixli, xx/xx-17956 saylı maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçıe” MMC-yə borcunun məbləği 871 ABŞ dolları əsas (qalıq) borcu, 90 ABŞ dolları cərimə olmaqla, cəmi 961 ABŞ dolları təşkil edir. İşdə olan sübutlardan görünür ki, “İddiaçıe” MMC ilə Cavabdeh arasında xx.xx.2014-ci il tarixli, TOP 11423 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə isə nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı, digər mühüm şərtləri, satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehin apelyasiya şikayətində qoyduğu yeganə dəlil onun nisyə alqı-satqı müqaviləsini imzalamaması, müqavilədəki imzanın ona məxsus olmamasıdır. Buna görə də məhkəmə xətşunaslıq ekspertizası keçirilməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan müqavilədəki imza ilə iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə üzrə ödəniş qəbzlərinə vizual baxış keçirdikdə, imzaların oxşar olduğu görünür. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, qətnamədən verdiyi apelyasiya şikayətini müdafiə etməkdə maraqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)-1567/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6108/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6108/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver