Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6109/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı1 və nümayəndəi-vəkili X7, Cavabdeh1 MMC-nin nümayəndəsi X4 və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə hüquqların tanınması və əmlakın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-376/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ”xxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvaınnda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı1, 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı2 hüquqlarının tanınması və mənzillərin onlara təhvil verilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı1 tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh1 MMC tərəfındən xx.xx.2013-cü il tarixdə mənzilin pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı2 tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh1 MMC tərəfındən xx.xx.2013-cü il tarixdə məznilin pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Lakin həmin mənzillər bugünə kimi həmin mənzillərə subyektiv hüquqları olan şəxslərə təhvil verilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə mənzillərin verilməsi gecikdirilmişdir. Cavabdehə pretenziya məktubunun ünvanlanmasına baxmayaraq məktubun alınmasından imtina edilmişdir. Daha sonra İddiaçı2 sənədlərinin geri qaytarılması və iddianın ona məxsus hissədə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 cavabdehlər siyahısına əlavə edilmə barədə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.009cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı1 hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirmə barədə ərizə onunla əsaslandırılmışdır ki, sonuncu məhkəmə prosesi zamanı ona məxsus mənzilin guya xx.xx.2009-cu il tarixdə Cavabdeh2 adlı şəxsə satıldığı barədə saxta sənədlər (müqavilə və qəbz) məhkəməyə təqdim edilmişdir. Bir neçə məhkəmə prosesi keçirilməsinə baxmayaraq həmin məhkəmə proselərində Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən belə bir alıcının olması bildirilməmişdir. Lakin sonradan saxta yollarla hazırlanmış (indiyə qədər gedən məhkəmə prosesləri göstərir ki, MTK tərəfındən hazır imzalı müqavilə formaları mövcud omuş və istənilən vaxt istifadə edilmişdir) müqaviləni məhkəməyə təqdim etmişlər. Həmin müqaviləyə ilkin baxış zamanı müqavilənin sonradan saxta yollarla hazırlandığı məlum olur. Belə ki, Cavabdeh2 adına hazırlanmış müqavilənin birinci vərəqində müqavilənin tarixi, alıcının adı, soyadı və ata adı kompyuter vasitəsilə yazılmışdır. Həmin vərəqdə heç bir tərəfin imzası olmadığından hər zaman saxta yolla hazırlana bilər. İkinci vərəqdə isə Cavabdeh1 MMC-nin keçmiş rəhbəri X5 adına hazır möhürlü və imzalı vərəqlər mövcud olduğundan alıcının adının kompüter üsulu ilə yazılması mümkün olmadığından qələm vasitəsilə yazılmışdır. Hətta, ikinci vərəqdə alıcının rekvizitlərini, o cümlədən ata adı, ünvanı, şəxsiyyət vəsiqəsi nömrəsi və.s barədə məlumatları yazmağı belə unutmuşlar. Kompüter üsulu ilə birinci alıcıya maliyyə arayışları hazırlaya bilmədiklərindən (səbəb maliyyə arayışı bir vərəqli olduğundan və qələmlə doldurulması tələb edilmədiyindən) məhkəməyə borcun olmaması barədə maliyyə arayışları təqdim edilməmişdir. Lakin bunu ört-basdır etmək üçün hazır möhürlüşəxsin rekvizitləri qələmlə doldurulan kassa mədaxil orderi məhkəməyə təqdim edilmişdir. Saxta birinci alıcıdan fərqli olaraq onun müqaviləsində, maliyyə arayışında, kassa mədaxil orderlərində (3 qəbz) keçmiş direktorun imzası və şirkətin möhürü olan vərəqdə adı, soyadı, ata adı, eləcə də şəxsiyyət vəsiqəsinin nömrəsi yazılmışdır. Bundan başqa, Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış və uzun illərdir davam edən cinayət işində zərərçəkmiş şəxs qismində Cavabdeh2 heç vaxt iştirak etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-376/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdır. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı1 hüququnun tanınması və mənzilin iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Hər iki apellyasiya şikayəti eyni dəlillərlə əsaslandırılaraq, göstərilmişdir ki, qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnamədə iddiaçı ilə bağlanmış müqavilənin hansı əsasla qanuni hesab edilməsini, Cavabdeh2lə bağlanmış müqavilənin isə etibarsız olmasını əsaslandırmamışdır. İddiaçı qalan pulun ödənilməsini sübut edən kassa mədaxil qəbzini təqdim etməmişdir. Cavabdeh2lə bağlanmış müqavilə iddiaçı ilə bağlanmış müqavilədən 3 il əvvəl bağlanılıb. Audit yoxlaması sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətlərinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakılar müəyyən edilmişdir. Satıcı Cavabdeh1 MMC-nin direktoru X5 ilə alıcı İddiaçı1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 247 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 400 manat olmaqla 62240 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 30000 manatını satıcıya əvvəlcədən ödəyir. xx.xx.2012, xx.xx.2012 və xx.xx.2012-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən qeyd olunan mənzilə görə Cavabdeh1 MMC-yə cəmi 47800 manat ödənilmişdir. Cavabdeh1 MMC tərəfındən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binası MMC-yə məxsusdur. Həmin binanın 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin pay dəyəri payçı İddiaçı1 tam ödənilmişdir və borcu yoxdur. Satıcı Cavabdeh1 MMC-nin direktoru X5 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 162 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 800 manat olmaqla 124480 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 124480 manatını satıcıya əvvəlcədən ödəyir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən qeyd olunan mənzilə görə Cavabdeh1 MMC-yə 124480 manat ödənilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli ********* saylı məktubundan görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(011)-7838/2019 saylı sorğusuna cavab olaraq, İdarədə “xxxxxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası ÇM-nin 178.3.2, 308.2, 310 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı “xxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 2 ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 14-cü mərtəbə, 155,6 kv metr sahəsi olan 57 saylı mənzilin İddiaçı1 və Cavabdeh2 satılması müəyyən edilmişdir. Eyni zamanda istintaq zamanı auidit yoxlaması keçirilmiş, xx.xx.2013-cü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 1 saylı yaşayış binasının 14-cü mərtəbə, 155,6 kv metr sahəsi olan 57 saylı mənzil İddiaçı1 satılmışdır. Məktuba əlavə olunmuş «xxxxxxxxxxxxxxx» MMC tərəfindən ünvan 3 ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit xidmətinin göstərilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2013-cü il tarixli Audit rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbə, 155,6 kv.metr sahəsi olan 57 saylı mənzili təkrar olaraq sənədləşdirilmiş mənzillər sırasında olmamış, həmin mənzil 1-ci binadakı mənzillərin sahiblərinin adlı sıyahısında İddiaçı1 adına qeydə alınmışdır. Göründüyü kimi, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx.xx.2013-cü il tarixli Audit rəyində təkrar satılmış mənzillər sırasında olmamaqla yanaşı, həmin mənzil İddiaçı1 adına qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, mübahisəli mənzil ilkdəfəməhz İddiaçı1 ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə əsasında sonuncuya satılmışdır. Kollegiya hesab edir ki, mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 ilə bağlanmış xx.xx.2009-cu il tarixli 162 saylı müqavilə sonradan arxa tarixə bağlanmışdır. Həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2009-cu tarixli alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, ona görə də həmin əqd etibarsızdır (əhəmiyyətsizdir). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin, xx.xx.2009-cu il tarixli əqd uydurma olmaqla əhəmiyyətsiz olduğundan həmin əqd üzrə Cavabdeh2 “xxxxxxxxxxxxxxx” MMC-yə hər hansı məbləğdə pul ödəməsi müəyyən edilmir, ona görə də həmin əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istiədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə də mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərancam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məşəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh xx.xx.2012-ci il tarixli müqavilə üzrə iddiaçıya Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili iddiaçıya təhvil verilməsi barədə öhdəliyi icra etmədiyindən, bununla da müqavilə şərtlərini və mülki qanunvericilyin yuxarıda sadalanan normalarının tələblərini pozduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayətlərində irəli sürülmüş dəlillər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-376/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6109/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6109/2020
17.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver