Məhkəmə qərarları › İş №2(103)-6111/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6111/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6111/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Bank “xxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Bank “xxx” ASC-yə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Bank “xxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bank “xxx” ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ona çatası 851 manat kompensasiyanın və səhvən aparılmış 3 aylıq tutulmaların cəmi olan 394 manat pulun cavabdeh Bank “xxx” ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 onun iş yoldaşının xalası oğludur. O, Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir və aylıq əmək haqqı 700 manat təşkil edir. Cavabdeh2 Bank “xxx” ASC-dən 2107 ABŞ dolları məbləğində pulu kreditə almaq üçün ondan zamin olmağı xahiş etmişdir. O, Kamilə inanaraq Bankdan götürdüyü kreditə görə zamin olmuş və rəsmi müqavilə bağlamışdır. Lakin növbəti ay ona məlum oldu ki, Cavabdeh2 onu aldadıb. Kredit ödənilmədiyi üçün Bank məhkəməyə müraciət etdi və borc onun əmək haqqından tutuldu. Hətta, borc tam ödənilsə də belə, Bank DİN-nin mühasibatlığına xəbər vermədiyindən ondan 3 aylıq artıq tutulma aparılaraq 394 manat pul Banka köçürülmüşdür. Banka müraciət etsə də, kompensasiyanın və artıq ödənilmiş pulun ona ödənilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 851 (səkkiz yüz əlli bir) manat məbləğində pulun “Bank xxx” ASC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Bank “xxx” ASC apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, bank kompensasiyanın ödənilməsində dövlətlə vətəndaş arasında vasitəçi rolunu oynayır və qaydalardan kənara çıxmaq, yaxud məhkəmə qərarı olmadan Cavabdeh2 hesab üzrə sərəncam vermək hüququnu məhdudlaşdırmaq hüququna malik deyil. Həmçinin qeyd edirlər ki, kredit müqaviləsi üzrə pulun bir hissəsi zamin tərəfindən ödənilsə də, bir hissəsi əsas borclu tərəfindən ödənilmiş və birinci instansiya məhkəməsi butun kompensasiya məbləğini zaminin xeyrinə tutmaqda səhvə yol vermişdir. Həmçinin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 475-ci maddəsinin tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, kompensasiya almaq hüququ kredit müqaviləsindən yaranan hüquq deyil, dövlətin sonradan qəbul etdiyi normativ akt əsasında yaranan təzminat almaq hüququdur. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. İşin mübahisəsiz hallarına görə, iddiaçı cavabdehlər Cavabdeh2 ilə Bank “xxx” ASC (bundan sonra - Bank) arasında xx.xx.2014-cü il tarixdə KP-01264- 14/14U saylı krdeit müqaviləsi üzrə zamin olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-5745/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 1001,44 ABŞ dolları əsas, 156,68 ABŞ dolları faiz, 463,01 ABŞ dolları cərimə olmaqla, 1621,13 ABŞ dolları məbləğində pulun Cavabdeh2 və iddiaçıdan müştərək qaydada tutulması qət edilmişdir. İddiaçı Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin manqa komandiri vəzəifəsində işləyir və Cavabdeh2 banka olan qalıq borcunun 2785,92 manat hissəsi onun əmək haqqından tutulmaqla ödənilmişdir. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraqCavabdeh2 Bank tərəfindən ödənilən kompensaisyanın məbləği 851,22 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın 1.1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, 2015-ci il fevral ayının 21-nə xarici valyutada olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Fərmanın qeyd edilən müddəasının mənasından da aydın olur ki, onun məqsədi 2015-ci ili ilin fevral ayının 21-dən sonra baş vermiş devalvasiya ilə bağlı fiziki şəxslərin banklara olan borclarının manatla artıq ödənilmiş hissəsinin, yəni fiziki şəxslərin artıq xərc çəkmələrinə səbəb olmuş maddi ziyanlarının kompensasiya edilərək onlara qaytarılmasından ibarətdir. Kollegiya iş üzrə birinci instansiya məhkəməsini “borclunun öhdəliyini icra etmiş zamin borclunun kreditoruna çevrilir, başqa sözlə, öhdəlikdə kreditorların əvəzlənməsi baş verir. Adı çəkilən müddəalara və işin hallarına görə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı zamini olduğu Cavabdeh2 Bank qarşısında olan öhdəliyini tam icra etdiyindən, ona çatası kompensasiyanı almaq hüququ da iddiaçıya məxsusdur” barədə gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, kompensasiya almaq hüququ kredit müqaviləsindən yaranan hüquq deyil, dövlətin sonradan qəbul etdiyi normativ akt əsasında yaranan təzminat almaq hüququ olduğundan və təzminat ödəmək hissəsində borclu kimi bank deyil, dövlət çıxış etdiyindən, bu hüququnun zaminə ötürülməsi Mülki Məcəllənin 475-ci maddəsinin təsir dairəsindən kənara çıxır. Kollegiya iddiaçıya onu izah edir ki, o, kredit müqaviləsi üzrə ödədiyi məbləği əsas borclu olan Cavabdeh2 reqres qaydasında məhkəməyə müraciət edərək tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bank “xxx” ASC-yə və Cavabdeh2 qarşı “pul tələbi”nədair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar