Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6112/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərindəki filialının nümayəndəsi (vəkil) X1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsinə, "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüqularının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsi dövlət reyestrindən Seriya MH № ******* saylı, 20.11.2007-ci tarixli Çıxarışa əsasən "xxxx" MMC-nin 99 illik icarəsində olmuşdur. Həmin torpaq sahəsi "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin Pakistan Milli Bankının Bakı filialından götürdüyü kreditlər üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə 18 noyabr 2008-ci il tarixli, 2 nömrəli Girov müqaviləsi imzalanmışdır. Həmin şirkətlər tərəfindən kredit müqavilələri üzrə öhdəliklər tam yerinə yetirilmədiyinə görə məhkəməyə müraciət edilmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2011-ci il tarixli, 2iq(82 2171/2011 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir və qət edilmişdir ki, "xxxx" MMC-dən 30.06.2009-cu il tarixli 51 saylı kredit müqaviləsindən irəli gələn 19.09.2011-ci il tarixə olan 49280.86 manat əsas kredit borcu, 14947.32 manat kreditdən istifadəyə görə faiz borcu cəmi 64228.18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlər, "xxxx" MMC-dən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 iyun 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə yaranmış 144236.44 manat məbləğində kredit borcu, 30140.75 manat məbləğində faiz borcu, cəmi 174377.19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlər,"xxxx" MMC-dən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli 159 saylı kredit müqaviləsi üzrə yaranmış 216500 manat məbləğində kredit borcu, 26902.46 manat məbləğində faiz borcu, cəmi 243402.46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində vəsait iddiaçı «Pakistan Milli Bankının» Bakı filialının xeyrinə tutulsun. Cavabdeh "xxxx" MMC-yə BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilsin.Məlum olmuşdur ki, həmin torpaq sahəsinin icarə hüquqları “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən hərraca çıxarılaraq, 46/02 saylı Protokola əsasən, Cavabdeh2 155.000 manata satılmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, həmin torpaq sahəsinin icarə hüquqları 2008-ci ildə girov qoyulan zaman "xxxx" MMC tərəfindən 620000 manat qiymətləndirilmişdir. "xxxx" Konsaltinq MMC tərəfindən 4 iyun 2019-cu il tarixli Hesabata əsasən, torpaq sahəsinin icarə hüquqlarının bazar qiyməti 516000 manat müəyyən edilmişdir. Mübahisələndirilən hərrac tələbkar kimi Pakistan Milli Bankının Bakı Filialının xəbəri və iştirakı olmadan keçirilmiş, icra hüquqlarının qiyməti süni surətdə həddən artıq aşağı qiymətə satılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mübahisələndirilən hərrac iddiaçının iştirakı olmadan keçirilmiş, icra hüquqlarının qiyməti süni surətdə həddən artıq aşağı qiymətə satılmışdır. Şikayət verilən qətnamənin əsaslandırıcı hissəsindən də göründüyü kimi, məhkəmənin yeganə dəlili ondan ibarət olmuşdur ki, hərrac təşkilatçısı tərəfindən hərrac keçirilərkən həmin hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını (ipoteka saxlayanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməsi, ona yazılı bildiriş göndərməsi, hərracın onun iştirakı olmadan keçirilməsi, eləcədə hərrac barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməməsini sübuta yetirəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi özü-özlüyündə əsassızdır. Belə ki, göstərilən hallar üzrə sübutetmə yükü məhz elə iddiaçının üzərinə düşür. Məhkəmənin qənaətindən belə çıxır ki, iddiaçı qanunla ona göndərilməsi imperativ norma kimi müəyyən edilmiş və vaxtı, yeri, forması, keçirilmə qaydası göstərilməli olan hərrac barədə bildirişin ona göndərilmədiyini; hərrac barədə məlumatın kütləvi informasiya vasitələrində dərc edilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hazırkı işdə həmin halların mövcud olmadığını deyil, mövcud olduğunu təsdiq edən sübutlar təqdim edilməli idi və özü də bu sübutları iddiaçı deyil, cavabdeh "xxxx" MMC təqdim etməli idi. Göründüyü kimi, məhkəmə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsindəki sübutetmə yükünün hansı tərəfinin üzərində düşdüyünü müəyyən etməkdə çətinlik çəkmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən iddiaçı və onun vəkili kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.04.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırki apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı iclasında cavabdeh tərəf qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin, üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsinin, "xxxx" MMC-nin nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 26 dekabr 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı cavabdehlər "xxxx" MMC-nə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC-dən cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, "xxxx" MMC-dən cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, "xxxx" MMC-dən 243402,46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra məbləğində vəsait iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının xeyirinə tutulması, cavabdeh "xxxx" MMC-yə BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan seriya MH ******* nömrəli, 20.11.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi "xxxx" MMC-yə 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 27.10.2008-ci ildə verilmiş QF 681 nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 620.000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan "xxxx" Konsaltinq şirkəti tərəfindən 04.06.2019cu ildə verilmiş 190242 DT nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 516.000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 18.12.2019-cu ildə verilmiş H/01- PLS nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMCnin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 220.000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 46/02 nömrəli protokolun surətindən görünür ki, "xxxx" MMC-yə BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manat 02 saylı qalib alıcı Cavabdeh2 satılmışdır. Kassasiya instansiyası məhkəməsi iş üzrə 22.04.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, iş üzrə iddia tələbi hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində (bundan sonra KİV) elanın yerləşdirilməməsi və iddiaçının iştirakının təmin edilməməsi ilə bağlı olduğundan, hərracın keçirilməsi barədə KİV-də elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını sübut etmək yükü iddiaçının deyil cavabdehin üzərinə düşür. 51. Belə ki, hərracın keçirilməsi barədə KİV-də elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını məhz cavabdeh KİV-dən müvafiq çıxarışı və iddiaçıya hərracın keçirilməsi barədə bildirişin çatdırılması ilə bağlı sübutları məhkəməyə təqdim etməklə sübut edə bilərdi. Apelyasiya instansiyaı məhkəməsi bu halı nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsi barədə KİV-də elanın verilməsi hərracda iştirak etmək istəyən şəxslərin məlumatlandırılması məqdəsi daşıyır və bu elanın verilməsi hərracın təşkilatçısını ipoteka saxlayana və ipoteka qoyana hərracın keçirilməsi barədə bildirişin çatdırılması öhdəliyindən azad etmir. Bundan başqa iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan mübahisə predmeti olan əmlakın bazar qiymətinin 220.000 manat məbləğində qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, iş materiallarında qeyd edilən ekspert rəyi ilə ziddiyyət təşkil edən "xxxx" MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli və "xxxx" Konsaltinq şirkəti tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ekspert rəyləri mövcuddur. Belə ki, qeyd edilən ekspert rəylərində mübahisə predmeti olan əmlakın icarə hüququnun qiyməti müvafiq olaraq 620000 və 516000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətin aradan qaldırılması üçün müvafiq araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmiş, iddiaçıya məlumat verilməməsi mülki iş materialları ilə kifayət qədər öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Hazırki mülki iş üzrə hərracın keçirilməsi barədə iddiaçı tərəfə məlumat verilməsinin sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Bundan başqa, mülki iş materaillarında olan rəylərdən görünür, açıq hərracdan satışa çıxarılan ipoteka predmeti olan əmlakın satış qiyməti barədə kifayət qədər ziddiyyətli rəqəmlər mövcüddur. Belə ki, mübahisəli əmlak hərracda Cavabdeh2 155000 manata satılmış, "xxxx" MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyinə əsasən əmlka 220000 manat, "xxxx" MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli və "xxxx" Konsaltinq şirkəti tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ekspert rəylərində isə mübahisə predmeti olan əmlakın icarə hüququnun qiyməti müvafiq olaraq 620000 və 516000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, hərracın nəticələrinə dair protokol etibarsız hesab edilməli, həmin hissədə iddia təmin olunmalı, lakin iddia tələblərinin qalan hissələrdə, yəni yeni hərracın keçirilməsi, həmin torpaq sahəsində inşa edilmiş edilmiş hasarın sökülməsinə və oradan avadanlıqların çıxarılması hissələrində iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmir. Belə ki, yeni (təkrar) hərracın keçirilməli olub-olmaması məsələsinin hazırki vəziyyətdə məhkəmə qaydasında həll edilməsi üçün zərurət yoxdur və həmin məsələ müvafiq qurumlar tərəfindən qanunverciliyin tələblərinə uyğun həll edilməlidir. Mübahisəli torpaq sahəsində mövcüd olan hasarın və avadanlıqların isə məhz cavabdehlərə aid olması barədə isə iş materiallarında sübutlar təqdim olunmadığından iddia həmin hissələrdə rədd edilməlidir. Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının Cavabdeh2 satılmış hesab edilməsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolu etibarsız hesab edilsin. İddia qalan hissələrdə rədd edilsin. Hazırki qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6112/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6112/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver