Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6644/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının nümayəndəsi və vəkili Vəkil1, сavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsinə, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüqularının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsi “Hüquqların dövlət qeydiyyatı haqındadaşınmaz əmlakın dövlət reyestrindən” Seriya MH № ******* saylı, xx.xx.2007-ci tarixli Çıxarışa əsasən “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin 99 illik icarəsində olmuşdur. Həmin torpaq sahəsi «xxxxxxxxxxxxxxx» MMC, «xxxxxxxxxxxxxx» MMC, «xxxxxxxxxxxxxx» MMC-nin Pakistan Milli Bankının Bakı filialından götürdüyü kreditlər üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx xxxxxx 2008-ci il tarixli, 2 nömrəli Girov müqaviləsi imzalanmışdı. Həmin şirkətlər tərəfindən kredit müqavilələri üzrə öhdəliklər tam yerinə yetirilmədiyinə görə məhkəməyə müraciət edilmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2iq(82 2171/2011 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir və qət edilmişdir ki, «xxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2009-cu il tarixli 51 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2011-ci il tarixə olan 49280.86 manat əsas kredit borcu, 14947.32 manat kreditdən istifadəyə görə faiz borcu cəmi 64228.18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlər, «xxxxxxxxxxxxxx» MMC-dən iddiaçı ilə «xxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə yaranmış 144236.44 manat məbləğində kredit borcu, 30140.75 manat məbləğində faiz borcu, cəmi 174377.19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlər,«xxxxxxxxxxxxxx» MMC-dən iddiaçı ilə «xxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 159 saylı kredit müqaviləsi üzrə yaranmış 216500 manat məbləğində kredit borcu, 26902.46 manat məbləğində faiz borcu, cəmi 243402.46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində vəsait iddiaçı «Pakistan Milli Bankının» Bakı filialının xeyrinə tutulsun. Cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-yə BŞİH Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilsin.Məlum olmuşdur ki, həmin torpaq sahəsinin icarə hüquqları “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən hərraca çıxarılaraq, 46/02 saylı Protokola əsasən, Cavabdeh2 155.000 manata satılmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, həmin torpaq sahəsinin icarə hüquqları 2008-ci ildə girov qoyulan zaman “xxxxxxxxxxxxxx” MMC tərəfindən 620000 manat qiymətləndirilmişdir. “xxxxxxxxxxxxxx” Konsaltinq MMC tərəfindən x xxxx 2019-cu il tarixli Hesabata əsasən, torpaq sahəsinin icarə hüquqlarının bazar qiyməti 516000 manat müəyyən edilmişdir. Mübahisələndirilən hərrac tələbkar kimi Pakistan Milli Bankının Bakı Filialının xəbəri və iştirakı olmadan keçirilmiş, icra hüquqlarının qiyməti süni surətdə həddən artıq aşağı qiymətə satılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını, sübutetmə yükü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə əhəmiyyət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə hərraca çıxarıldığını və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İş materiallarında olan xx xxxxxx 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı cavabdehlər “xxxxxxxxxxxxxxx” MMC-nə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-dən cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, “xxxxxxxxxxxxxx” MMC-dən cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, “xxxxxxxxxxxxxx” MMC-dən 243402,46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra məbləğində vəsait iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının xeyirinə tutulması, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə BŞİH Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan seriya MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2008-ci ildə verilmiş QF 681 nömrəli ekspert rəyinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 620.000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan “xxxxxxxxxxxxxx” Konsaltinq şirkəti tərəfindən xx.xx.2019-cu ildə verilmiş 190242 DT nömrəli ekspert rəyinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 516.000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu ildə verilmiş H/01-PLS nömrəli ekspert rəyindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” MMCnin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 220.000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 46/02 nömrəli protokolun surətindən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-yə BŞİH Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manat 02 saylı qalib alıcı Cavabdeh2 satılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, işin hallarından iddiaçının əmlakının onun cavabdeh qismində göstərdiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilmədiyi aydın olur; çünkü hərrac təşkilatçısının vəzifəsi sifarişçinin sifarişi əsasında hərracın keçirilməsindən ibarətdir və hərraca çıxarılan əmlakın ilkin satış qiymət qiymətləndirici tərəfindən müəyyənləşdirilməklə bu qiymətin real olub-olmadığına hərrac təşkilatı məsuliyyət daşıya bilməz. Keçirilmiş hərracın və bunun nəticəsində əmlakın Cavabdeh2 satılmasının qanunsuzluğu ilə əlaqədar apellyatorun irəli sürdüyü arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Bu mənada kollegiya qeyd edir, icarə hüquqları iddiaçı bankda ipoteka ilə xx xxxxxx 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, xx xxxxxx 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qiyabi qətnaməsi ilə həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. Kollegiyanın qənaətinə görə peşəkar hüquqşünaslarla təmsil olunan bir bankın 2008-ci ildə ipotekaya qoyulan əmlakın taleyindən qətnamə qəbul edilən müddətdən sonra xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında bankın keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı, məhkəmənin əks nəticəyə gəlməsinə imkan verəcək heç bir sübut təqdim etməmiş, məhkəmənin öz təşəbbüsü ilə müvafiq hərrac işini əldə etmə cəhdi isə nəticəsiz qalmışdır - baxmayaraq ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünasla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakının satılması ilə bağlı keçirilmiş hərracın ondan gizlin keçirilməsi barədə apellyatorun arqumentləri inandırıcı deyildir. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya həmçinin qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manata qalib alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında isə Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından iddiaçının gətiridiyi əsas arqument kimi torpaq sahəsinin icarə hüququnun real dəyərindən aşağı qiymətə əldə edilməsi faktı da daşınmaz əmlakı əldə edənin vicdanlılığını şübhə altına alan birmənalı hal kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6644/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6644/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver