Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6116/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5345/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5345/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qənaətində göstərib ki, hazırki iddia ərizəsində cavabdehin ad, soyadı və atasının adı göstərilsə də, onun şəxsiyyətini eyniləşdiyməyə imkan verən məlumatlar göstərilməmiş, bunu təsdiq edən hər hansı sübut ərizəyə qoşma edilməmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərib ki, cavabdehin tərəfin əsas məlumatları - adı, soyadı və atasının adı, eləcə də cavabdehin olduğu və yaşadığı yer iddia ərizəsində tam dəqiqliklə göstərilmişdir. Bunu təsdiq edən cavabdehə məxsus sürücülük vəsiqəsinin surəti, ona məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, xx.xx.2022-ci il tarixli TP ******* nömrəli elektron qərarında surəti iddia ərizəsinə qoşma qismində əlavə edilmişdir. Məhkəmə, cavabdeh şəxsin əldə etməsi üçün onun olduğu və yaşadığı ünvana, eləcə də cavabdehə şəxsən çatdırılması üçün qeydiyyatda olduğu inzibati ərazi üzrə dairə nümayəndəliyinə məhkəmə bildirişi göndərmədən iddia ərizəsində cavabdeh şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) göstərilmədiyinə görə iddia ərizəsini iddiaçı tərəfə geri qaytarması qanunsuzdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5345/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən elektron kabinet vasitəsilə daxil edilmiş ərizədə göstərilir ki, baş vermiş YNH üzrə toplanmış materiallardan cavabdehə məxsus sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və Abşeron RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli elektron qərarının surəti iddia ərizəsinə əlavə edilmişdir. Həmin sənədlərdən də müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi ünvanında qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Əvvəla, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İkincisi, iddianın verilməsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa uyğun olmalıdır. Uyğun olmadıqda isə iddia ərizəsi geri qaytarılır. Çünki, iddia ərizəsi də MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin hazırki işdən görünür ki, iddiaçı cavabdehin soyadı, adı, atasının adı qeyd etsə də, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yəni yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, o cümlədən mobil telefon nömrələri məlumatlarını qeyd etməmiş, bu səbədən də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Üçüncüsü, iddia ərizəsində cavabdehin ünvanı kimi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi kimi qeyd olunmuşdur. Sumqayıt şossesində yüzlərlə evin olması nəzərə alınsa məhkəmə bildirişinin ona çatdırılması da mümkünsüz vəziyyətə düşür. Eyni zamanda, işdə olan “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara görə cavabdehin Xocalı rayonunda qeydiyyatda olduğu göstərilib. Bu cür vəziyyətdə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb üzrə ərazi aidiyyəti qaydaları da pozulmuş olacaqdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Lakin hazırki işdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən yol verdiyi nöqsanları aradan qaldırmaq əvəzinə, sözügedən qərardaddan şikayət verərək hüquqdan istifadənin başqa yolunu seçmiş, lakin bu yolla da mövqeyini əsaslandıra bilməmişdir. Odur ki, şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5345/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5345/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6116/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6116/2023
02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver