Məhkəmə qərarları › İş №2(103)-6120/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6120/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6120/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh2 vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 6, 45 saylı mənzilin təmiri ilə bağlı xərclədiyi 18000 manat vəsaitin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2003-cü ildə X8 ilə ailə həyatı quraraq, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 6, 45 saylı mənzilə gəlin köçmüşdür. Həmin mənzildə yaşadıqları dövrdə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X9 adlı bir övladı dünyaya gəlmişdir. El adəti ilə ona elçi gələndə bildirmişdilər ki, gələcək həyat yoldaşı X8 Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə yuxarıda qeyd etdiyi 3 otaqlı mənzilin tam dəyərini ödəməklə qarşılıqlı razılaşma əsasında qardaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, həyat yoldaşı X8 narkotika aludəçisidir, ailəsinə maddi dəstək olmaq iqtidarında deyil və bunu onun bütün ailə üzvləri də bilirlər. Buna baxmayaraq iddiaçı övladının xatirinə taleyi ilə barışaraq özü işləməyə başlamiş və ailəsinin maddi xərclərini öz üzərinə götürərək övladını qorxulu təsirlərdən qorumuşdur. Bu müddət ərzində həmin mənzili öz evi bilərək orda 16 ilə yaxın yaşamışdır, bütün kommunal xərcləri ödəmiş, mənzili bir neçə dəfə təmir elətdirmişdir. Sonuncu dəfə 2017-ci ilin əvvəlindən 2017-ci ilin sonuna kimi apardığı təmir işlərinə 18000 manat vəsait xərcləmişdir. 2003-cü ildən mənzilin çıxarışı cavabdehlərin “ev sənindir” ifadəsinə görə iddiaçıda olmuşdur. Cavabdeh1 2014-cü ilin əvvəllərində mənzili onun adına rəsmiləşdirmək üçün həmin çıxarışı ondan almışdır. 2018-ci ilin may ayında həyat yoldaşı X8 qardaşlarının əməllərinə görə narkotika ilə bağlı həbs olunandan sonra Cavabdeh1 onu azyaşlı övladı ilə birgə yaşadığı mənzildən çıxartmağa çalışmış və onda öyrənmişdir ki, o həmin mənzili digər qardaşı Cavabdeh2 bağışlamışdır. Etdiyi müraciət nəticəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 6763/2018 saylı qətnaməsi ilə mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni qüvvədə saxlamışdır. İndi də Cavabdeh1 və Cavabdeh2 onu inandırmağa çalışırlar ki, mübahisəli mənzili yetkinlik yaşına çatandan sonra oğlu X7 bağışlayacaqlar. Halbuki, bağışlamaq üçün X4 yetkinlik yaşına çatmasını gözləməyə heç bir ehtiyac yoxdur. Göründüyü kimi, bu qardaşlar onu dəfələrlə aldadaraq həyatını məhv ediblər. Halhazırda o, müxtəlif xəstəliklərdən əziyyət çəkir, sabaha ümidi yoxdur. Yalnız oğlu X4 gələcəyinə görə çox narahatdır. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 51 ünvanında qeydiyyatda olsalar da, əslən Masallı rayonu Boradigah qəsəbəsindəndirlər və çox vaxt orda olan özlərinə məxsus mülklərində yaşayırlar. Bundan əlavə, hər birinin Bakı şəhərində bir neçə mənzili olmasına baxmayaraq iddiaçının mənzilinə göz dikiblər. O, isə öz haqqını sübut edə bilmir. Ona görə də onu aldadaraq sonuncu dəfə mənzilin təmirinə xərclətdikləri 18000 manat vəsaiti cavabdehlərdən tələb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 6 saylı evin 45 saylı mənzilinin təmir xərclərinin dəyəri 17200 (on yeddi min iki yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh2 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq “xxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelasiyya sikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-4140/2019 sayli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də, apellyator hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya sikayətinin dəlillərini, tərəflərin izahatlarını, is materiallarını müzakirə edib hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə qətnamə ləğv edilib, iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 2003-cü ildə ailə həyatı quraraq, hazırda yaşadığı həyat yoldaşı X6 qardaşı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 6 saylı evin, 45 saylı mənzilinə gəlin köçmüşdür və hazırda da oğlu ilə birlikdə orada yaşayır. İddiaçı həmin mənzildə yaşadığı müddət ərzində mənzili 2017-ci ildə təmir etdirmişdir. Odur ki, iddiaçı olaraq mənzilə çəkdiyi təmir xərclərinin dəyərinin ona ödənilməsini tələb edir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmısdır ki, iddiaçının Cavabdeh2 məxsus mənzili təmir etdirməsi nəticəsində Cavabdeh2 əsassız varlanmışdır. Belə ki, cavabdeh özünə məxsus mübahisəli mənzili gələcəkdə əvəzli şəkildə özgəninkiləşdirə bilər. Bununla da, cavabdeh mənzili təmir olunmamışdan əvvəl daha aşağı dəyərlə özgəninkiləşdirə biləcəyi halda, təmir edildikdən sonra mübahisəli mənzili daha yuxarı dəyərlə özgəninkiləşdirərək, iddiaçının hesabına varlana bilər. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.6, 157.7, 1091 və 1092.1-ci maddəlrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin faktiki halları əsasında gəldiyi nəticə əsaslı olmamış və həmin nəticəyə tətbiq edilmiş maddi hüquq normalarını yanlış təfsir etmişdir. Kollegiya ilk olaraq qeyd edir ki, qanunvericilik mülki prosesdə sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir şəxs öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mübahisələndirilən mənzildə iddia ərizəsində göstərilən təmir işlərinin məhz onun tərəfindən 2017-ci il tarixdə aparılması barədə öz izahatından başqa hər hansı bir sübut növü təqdim etməmişdir. Ekspertiza rəyində göstərilən təmir işləri də yalnız iddiaçının sözlərinə əsasən qeyd edilmişdir. Belə olan halda yalnız iddiaçının izahatına əsaslanaraq mübahisəli mənzildə 2017-ci ildə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən təmir işləri aparılması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiyanın qənaətinə görə mübahisəli mənzildə 2017-ci il tarixdə iddia ərizəsində göstərilən təmir işlərinin məhz iddiaçı tərəfindən aparılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qeyd olunan prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2003-cü ildən mübahisəli mənzildə yaşayır və mülkiyyətçi tərəfindən mübahisəli mənzildən çıxarılmamış və həmin mənzili mülkiyyətçinin sərəncamına verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Qeyd edilən normadan görünür ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı iddia etdiyi mənzildə apardığı yaxşılaşdırmadan onun özü istifadə edir və həmin yaxşılaşdırmanı cavabdehin sərəncamına verməmişdir. Belə olan halda cavabdehin əsassız varlanma barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı hesab edilə bilməz. Kollegiya apellyatorun hazırki mübahisəyə qanunvericiliyin əvəzsiz istifadə ilə bağlı normalarının tətbiq edilməli olması barədə dəlilləri ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 733-cü maddəsinə əsasən əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 734-cü maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736-cı maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Kollegiya qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərinə istinad edərək qeyd edir ki, tərəflər arasında mənzildən istifadə barədə yazılı müqavilə olmasa da, onlar arasında cavabdehin mülkiyyətində olan mənzildən əvəzsiz istifadə barədə şifahi müqavilə olmuş və iddiaçı 2003-cü ildən hazırki vaxta kimi cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmiş və edir. Mənzildən istifadə ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yaranmamışdır. Bu müddət ərzində isə iddiaçının yaşadığı mənzildə müəyyən təmir işləri aparması normal haldır və mənzildə təmir işlərinin aparılmasına cavabdehin etiraz etməsi barədə də iş materiallarında hər hansı bir sübut yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında əvəzsiz əqdlərə dair Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına uyğun münasibətlər yaranmışdır. Bununla yanaşı kollegiya apellyatorun hazırki mübahisəyə Mülki Məcəllənin 738-ci maddəsinin tətbiq edilməsi barədə dəlili ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 738-ci maddəsinə əsasən kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi qanunvericilikdə əvəzsiz əqdlər üzrə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüququn yarandığı andan altı aylıq müddətin keçməsini nəzərdə tutur. Hazırki halda isə əmlak mülkiyyətçinin sərəncamına keçmədiyindən və iddiaçının istifadəsində olduğundan onun belə hüququ yaranmamış və buna görə də həmin normanın hazırki mübahisəyə tətbiq edilməli olması barədə apellyasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Kollegiya yuxarıda şərh olunanlara əsasən hesab edir ki, hazırki işdə cavabdehin əsassız varlanma halı yoxdur və birinci instansiya məhkəməsinin gələcəkdə mənzilin satıla biləcəyi ehtimalına əsaslanaraq gəldiyi qənaət əsaslı olmamış, hazırki mübahisəyə Mülki Məcəllənin 21, 1091 və 1092.1-ci maddələrinin tətbiqi yanlış olmuş və Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini yanlış təfsir etdiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin təmiri ilə bağlı xərclədiyi vəsaitin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar