Məhkəmə qərarları › İş №2(103)-6120/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6120/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6120/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakılar ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(008)-371/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh istifadəsində olan **- GO-*** dövlət qeydiyyat nişanlı, “Changan CS35 minik” markalı avtomobil vaistəsi ilə İddiaçı MMC-yə məxsus avtobusa Cavabdeh təqsiri səbəbində maddi ziyan dəymiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən hadisə nəticəsində iddiaçıya məxsus olan 99- JV-234 dövlət qeydiyyat nişanlı “BMC Procity” maraklı avtobusa ümumilikdə 6269,58 manat ziyan dəymişdir. Mülki iş matraillarına əlavə edilmiş sənədlərdən həmçinin müəyyən edilir yol-nəqliyyat hadisəsi zamanı **- GO-*** dövlət qeydiyyat nişanlı “Changan CS35 minik” markalı avtomobil siğortaçısı tərəfindən iddiaçıya dəymiş ziyanın 5000 manat olan hissəsi ödənmişdir. a) Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) 1269,58 manat maddi zərər məbləğinin, 32,70 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1302,68 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində 99-GO949 DQN-lı, “Changan CS35 minik” markalı avtomobilin sürücüsü, **-JV-*** QN-lı, “BMC Procity” markalı avtobusun sol qabaq yan hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilib. Yol-nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-də DYPİ-nin inspektoru polis kapitanı X2 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində **-GO-*** DQN-lı, “Changan CS35 minik" markalı avtomobilin sürücüsü Cavabdeh əməllərində İXM-nin 327.1 maddəsinin tələbləri pozulması öz əkisini tapdığından, xx.xx.2023-cü il tarixində, sürücü barəsində TP ******* saylı X4 haqqında qərar verilib. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması sürücünün yazılı verdiyi izahatında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X6 şöbəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf edib, TP ******* saylı X4 haqqında qərar sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sol qabaq yan hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 10023 saylı Zərər Aktına əsasən **-JV-*** DQN-lı avtobusa 6269,58 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində **-GO-*** DQN-lı “Changas CS 35 minik ” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud olduğundan, DQN-lı “Changas CS 35 minik ” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud olduğundan, Bakı şəhəri DYPİ tərəfindən 99 JV-234 DQN-lı avtobusa dəymiş maddi ziyanla birlikdə Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış tərtib edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ( vöen: **********) göndərilib. Adı keçən sığorta şirkəti ** JV *** DQN-lı avtobusa dəymiş maddi ziyanı qəbul edərək icbari sığorta ödənişinin maksimum həddi olan 5000 (beş min) manat ödənişi, xx.xx.2023 tarixdə ‘"BakuBus” MMC-nin bank hesabına köçürmüşdür. “BakuBus" MMC-nin balansında olan avtobusa vurulmuş ümumi zərərdən geriyə qalan 1269.58 manat maddi ziyan cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək avtomobilin qeydiyyat şəhadətnaməsindən başqa sənədlərin olmadığını, ona iddiaçı tərəfindən 920 manat ziyan dəydiyini bildirildiyini, sonradan iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman dəymiş ziyanın artıq yazıldığını məhkəməyə bildirmişdir. 5.Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra–məhkəməs) 07 avqust 2024-cü il tarixli, 2(008)-371/2024 saylı qətnaməsi ilə (hakim-Nilufər Cəfərli) iddia təmin edilərək, Cavabdeh 1269,58 (min iki yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat dəymiş zərər və 32,70 (otuz iki manat, yetmiş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 6.X4 haqqında Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilmiş, İXM-nin 327.1-ci maddəsi ilə “40” manat məbləğində cərimə edilmişdir. 7.xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “BMC markalı” 99JV284 dövlət qeydiyyat nişanlı avtobusa xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cəmi 6269,58 manat məbləğində zərər dəymiş olduğu müəyyən edilmişdir. 8.xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 5000 manat "xxxx" MMC-nin xeyrinə ödənilmişdir. 9.Qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 32,70 manat vəkil xərci ödənilmişdir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1097.1, 1108.1, 21.1, 21.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 121.1, 119.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın tamamilə təmin edilməməklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə ondan 1269,58 (min iki yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat dəymiş zərəri tutmaqla haqlı olmamışdır. Belə ki, İddiaçı MMC-tərəfindən dəymiş zərər həddindən artıq şişirdilmişdir. Belə olan halda iş üzrə İddiaçı MMC-yə məxsus avtomobilə dəymiş zərərin dəqiq müəyyən etmək ücün məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməldir. Məhkəmədən bunları nəzərə alınmasının xahiş etsə də məhkəmə həmin halları araşdırmamışdır.Məhkəmə tərəfindən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 21.1, 21.2-ci maddələrinə istinad edilmişdir, lakin nəzərə almamışdır ki, İddiaçı MMC tərəfindən dəymiş zərər həddindən artıq şişirdilmişdir. Məhkəməisə dəymiş ziyanla araşdırma aparmadan cavabdehdən əsassız olaraq 1269,58 (min iki yüzaltmış doqquz manat, əlli səkkiz qəpik) manat pul tutmuşdur. Məhkəmə tərəfindən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə qanunsuz və əsassıziddia tələbinin təmin edilməsiilə nəticələnmişdir. Məhkəmə tərəfindən qətnamədə Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 217.1, 217.2, 217.3cü maddələrində nəzərdə tutulmuş normalara lazımi hüquqi qiymət verməmişdir.Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Qətnamədən göründüyü kimi, məhkəmə iş üzrə cavabdehin mənafelərinə zidd olaraq iş üzrə ekspertiza təyin etmədən pul tutmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 17.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 20.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. 21.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. 22.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh istifadəsində olan **-GO-*** dövlət qeydiyyat nişanlı “Changan CS35 minik” markalı avtomobil vaistəsi ilə İddiaçı MMC-yə məxsus avtobusa Cavabdeh təqsiri səbəbində maddi ziyan dəymiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən hadisə nəticəsində iddiaçıya məxsus olan **-JV-*** dövlət qeydiyyat nişanlı “BMC Procity maraklı avtobusa ümumilikdə 6269,58 manat ziyan dəymişdir. Mülki iş materaillarına əlavə edilmiş sənədlərdən həmçinin müəyyən edilir yol-nəqliyyat hadisəsi zamanı **-GO-*** dövlət qeydiyyat nişanlı “Changan CS35 minik” markalı avtomobil siğortaçısı tərəfindən iddiaçıya dəymiş ziyanın 5000 manat olan hissəsi ödənmişdir. 30.Kollegiya hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsiri nəticəsində İddiaçı MMC-yə məxsus avtobusa 6269,58 manat məbləğində zərər dəməsi iş materialları ilə öz təsdiqini tapmış, dəymiş zərərin 5000 manatı sığortaçı tərəfindən ödənildiyindən, məhkəmə yerdə qalan 1269,58 məbləğimdə vəsaiti cavabdehdən tutmaqla düzgün nəticəyə gəlmişdir. 31.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Kollegiya apellyatorun zərərin məbləğinin şişirdilməsi, buna görə də ekspertiza təyin edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan zərərlə bağlı qüsur aktını şübhə altına ala biləcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. 33.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 34.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 35.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 36.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 38.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(008)-371/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar