Məhkəmə qərarları › İş №2(103)-6121/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6121/2021

21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6121/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Xaqani oğluna qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(009)-1057/2021 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Xaqani oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçılar İddiaçı1 xeyrinə 1000 manat, İddiaçı2 xeyrinə 1000 manat, İddiaçı3 xeyrinə 1000 manat alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı1 məxsus 21 və 22 nömrəli mənzillərə, İddiaçı2 məxsus 3 və 5 nömrəli mənzillərə və İddiaçı3 məxsus 8 və 13 nömrəli mənzillərə hər mənzil üçün 500 manat olmaqla 17 nömrəli evin qapısına və mənzillərə domofon-kamera quraşdırılmışdır. Binanın çol qapısını taxta qapıdan dəmir qapıya çevirmək üçün qonşu və Cavabdeh hər birindən 100 manat olmaqla pul yığıb taxta qapını dəmir qapıya çevirmişdir. Həmin vaxt küçə qapısında yerləşdirilmiş domofonkameranı sıradan çıxardaraq ləğv etmişdir. Nəticədə İddiaçı1 2 mənzil üçün 1000 manat, İddiaçı3 2 mənzil üçün 1000 manat və İddiaçı2 2 mənzil üçün 1000 manat ziyan vurmuşdur. Dəfələrlə cavabdehə müraciətləri nəticəsiz qalmış və onları aldadaraq hər dəfə söz versə də, əməl etməmişdir. Buna görə də İddiaçı1 tərəfindən dəfələrlə DİN və Səbail rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə şikayətlər ünvanlanmış və sahə rəisi də bu barədə Cavabdehla söhbət edib domofon-kameranı bərpa etməsi xahiş olunmuşdur. Şikayətlərə cavab olaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi İlqar Qafarov 15.12.2020-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(009)-1057/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onların izahatını öz istəyinə uyğun göstərmiş, yerli baxış barədə vəsatətlərini rədd etmişdir. Cavabdeh usta kimi deyil, qonşu kimi bu işləri görməyi öz təşəbbüsü ilə irəli sürmüş, taxta qapını dəmir qapı ilə əvəz etmiş, lakin evlərin domofon-kameralarını məhv etmişdir. Cavabdeh şifahi şəkildə öhdəlik götürməklə müqavilə bağlamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdeh məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçılara məxsus hər mənzil üçün 500 manat olmaqla, mənzillərə və evin qapısına domofon-kamera quraşdırılmışdır. Sonra cavabdeh hər iddiaçıdan 100 manat məbləğində pul yığaraq binanın çöl qapısını taxta qapıdan dəmir qapıya dəyişmiş və küçə qapısında yerləşdirilmiş domofon-kameranı sıradan çıxardaraq ləğv etmişdir. Nəticədə hər iddiaçıya 1000 manat ziyan dəymişdir. Bu səbəbdən iddiaçılar cavabdehdən vurulmuş ziyanın əvəzi kimi cəmi 3000 manat pulun tutulması tələb edirlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçılar küçə qapısında yerləşdirilmiş domofon-kameranı cavabdeh tərəfindən sıradan çıxarılaraq ləğv edildiyini, buna görə onlara ziyan dəydiyini iddia etsələr də, bu halı sübuta yetirə bilməmişlər. İş materiallarından isə cavabdeh tərəfindən domofonkameraların sıradan çıxarılması, bunun nəticəsində ziyan dəyməsi və cavabdehin onların yenisinin quraşdırılması barədə öhdəlik götürməsi kimi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçılar öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. Bu hallar onu deməyə əsas verir ki, iddiaçıların tələbi əsassızdır, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçların apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1057/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar