Məhkəmə qərarları › İş №2(103)-6121/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6121/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6121/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı ASC cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun vəzifəli şəxsləri Cavabdeh3, X2 və Cavabdeh2 49.500 (qırx doqquz min beş yüz) manat pul vəsaitinin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Gülnar Babazadə) iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.

7. Rayon məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurduğu ziyana görə kompensasiya mülki deyil, inzibati icraat qaydasında tələb edilməlidir.

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 7.2-ci bəndində bildirilir ki, ... “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.

9. Hazırkı halda iddiaçı iddiasında cavabdehlər tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətlərini aparılması ilə əlaqədar ona zərərin vurulduğunu bildirir.

10. Belə olan halda məlum olur ki, iddiaçıya cavabdehlər tərəfindən iddia edilən zərərin vurulması inzibati orqanın icra məmurlarının inzibati sahəsindəki fəaliyyəti nəticəsində yox, Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən aparılan icra hərəkətləri ilə bağlı olmuşdur ki, həmin tələbə də mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

11. MPM-in 151.2-ci maddəsinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

12. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə MPM-in 151.2-ci maddəsinin tələblərinə uyğun olaraq baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

14. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

15. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqında məsələyə MPM-in 151.2-ci maddəsinin tələblərinə uyğun olaraq baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar