Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6123/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3343/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. Təbii X3nın pozulması haqqında 01 mart 2016-cı il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********020 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 3 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 4.2 m3 , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, QSSQnin maksimal saatlıq qaz sərfi 1.5 m3 , orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, SSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 m3 , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, PQ1-in maksimal saatlıq qaz sərfi 0.3 m3 , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ə 9450 m3 itki hesablanmışdır.
3. Təbii X3nın pozulması haqqında 31 yanvar 2018-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********020 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 / saat, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 88 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 92 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 , yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 92 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 9450 m3 itki hesablanmışdır.
4. Abonentin saldosuna əsasən onun iddiaçıya cari borcu 2561,20 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən akt üzrə yaranmış borca görə 2010 manat, debitor borc 551,20 manat və dövlət rüsumuna görə 45,62 manat olmaqla, cəmi 2606,82 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 07 yanvar 2024-cü il tarixində 04/7393 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 10**********020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli 080745 saylı akt əsasında 945 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat olmaqla, cəmi 2010 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 0684 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 123 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Həmçinin 2017- ci il aprel ayından sayğac dəyişikliyindən sonra isə abonentin 503,80 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (123+503,80=626,80). 2017-ci ilin dekabr ayından 2024-cü ilin mart ayına qədər cavabdeh cəmi 75,60 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 551,20 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 2561,20 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3343/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 551,20 (beş yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı hesabına ödənilməsi, İddia qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, akt üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim edilməlidir, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim etməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Həmçinin təbii X3nın pozulması haqqında Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş iş materiallarında olan aktlardan görünür ki, həmin aktlarda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə iddiaçı tərəfindən deyil, X4 tərəfindən yol verilmişdir. Bu səbəbdən itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən Cavabdeh abunə koduna hesablanmış ziyan məbləği İddiaçı özünə aid edilməlidir. Həmçinin iddia ərizəsində xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat borc məbləği hesablansa da, qeyd edilən akt iş materiallarına əlavə olunmadığıüçün, akt üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadənin Cavabdeh tərəfindən həyata keçirilməsi, həmçinin borc məbləğinin müəyyən edilməsi mümkün olmadığı üçün itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən Cavabdeh abunə koduna hesablanmış 201,60 manat ziyan məbləği də İddiaçı özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən – cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 551,20 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560,1096, 1097-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”na istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı İB apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu, borcu qəbul etməsinə dair cavabdehin ərizəsi və s) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyriqanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbi tam təmin edərdi. Çünki təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbinin əsaslı olduğunu sübut edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar, cavabdehin tələb olunan borc məbləğini etiraf etməsi və hesablanmış dəymiş ziyan məbləğini hissə-hissə ödəməyə razı olduğunu bildirməsi (qeyd olunan ərizə iş materiallarına əlavə edilib) iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək iddia tələbini qismən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 6.2 Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv olunub iddianın tam təmin olunması xahiş olunduğundan, qətnamə yalnız iddia tələbinin təmin olunmamasına dair hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına əsas yoxdur.
17. İş materiallarından görünür ki, 01 mart 2016-cı il tarixli akt əsasında tərtib edilmiş tələbnamədə 9450 m3, xx.xx.2018-ci il tarixli akt əsasında tərtib edilmiş tələbnamədə 9450 m3 itki hesablamış, abonentin saldosuna əsasən onun iddiaçıya cari borcu 2561,20 manat təşkil etdiyi hesablanmışdır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim etməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Həmçinin təbii X3nın pozulması haqqında Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş iş materiallarında olan aktlardan görünür ki, həmin aktlarda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə iddiaçı tərəfindən deyil, X4 tərəfindən yol verilmişdir. Bu səbəbdən itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən Cavabdeh abunə koduna hesablanmış ziyan məbləği İddiaçı özünə aid edilməlidir. Həmçinin iddia ərizəsində xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat borc məbləği hesablansa da, qeyd edilən akt iş materiallarına əlavə olunmadığı üçün, akt üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadənin Cavabdeh tərəfindən həyata keçirilməsi, həmçinin borc məbləğinin müəyyən edilməsi mümkün olmadığı üçün itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən Cavabdeh abunə koduna hesablanmış 201,60 manat ziyan məbləği də İddiaçı özünə aid edilməlidir.
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddianın tam təmin olunması üçün məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
19. İddiaçının məhkəməyə təqdim etdiyi, cavabdehin iştirakı olmadan tərtib olunmuş aktlar əsasında cavabdehin təbii qazdan qeyri-qanuni istifadə nəticəsində iddiaçı təşkilata həqiqətən 2606,82 manat məbləğində ziyan vurulması barədə nəticəyə gəlmək mümkün deyil. İddiaçı təşkilatın vaxtında məhkəməyə müraciət etməməsi də, iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmasında çətinliklərə səbəb olmuşdur.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
21. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (2606,82-551,20=2055,62 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3343/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.