Məhkəmə qərarları › İş №2(103)-6126/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6126/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6126/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “X9 Azərbaycan” X5 nümayəndəsi X4 iştirakı ilə “X9 Azərbaycan” X5 (bank) “xxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2, Cavabdeh3, X3 və “xxxxxxxxxxxxx” MMC-nə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: “X9 Azərbaycan” X7 (bank) “xxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2, Cavabdeh3, X3 və “xxxxxxxxxxxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxxxxxxxx” MMC-dən, Cavabdeh2 və “xxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada xx xxxxxxx 2014-cü il tarixli 01 saylı saziş üzrə 147 536,47 manat əsas, 39 483,65 manat faiz, 53 024,03 manat cərimə borcu olmaqla cəmi 240 044,15 manat kredit borcunun, xx xxxxxx 2015-ci il tarixli 02 saylı saziş üzrə 20 125,81 manat əsas, 5336,94 manat faiz, 6408,65 manat cərimə borcu olmaqla cəmi 31 871,40 manat kredit borcunun, ümumilikdə hər iki kredit sazişi üzrə 271 915,55 manat kredit borcunun bankın xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, istifadədə olan 0,081 ha torpaq sahəsində yerləşən 5 saylı evin 23-cü mənzilinə, həmçinin digər cavabdeh Üzeyir Əlimərdanovun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 28 saylı evin 5-ci mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin satışından əldə edilmiş məbləğ kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin “xxxxxxxxxxxxxxx” MMCdən, “xxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh2 tutulması, ipoteka ilə yüklü edilmiş sözügedən mənzillərin açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixdə bankla “xxxxxxxxxxxxxxx” MMC arasında 85805 saylı kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxxxx” MMC-nə xx xxxxxxx 2019-cu il tarixədək 60 ay müddətinə 600 000 manat kredit xətti ayrılmış, kreditlərin borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişlərinə əsasən hissə-hissə verilməsi, kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin müddətinin, məbləğinin, məqsədinin, illik faiz dərəcəsinin, ödənişlər üzrə qaytarılma qrafikinin və digər şərtlərin müvafiq kredit sazişiləri ilə müəyyən edilməsi razılaşdırılmışdır. xx xxxxxxx 2014-cü il tarixdə bankla “xxxxxxxxxxxxxxx” MMC arasında 85805 saylı kredit müqaviləsinə dair 1 saylı kredit sazişi bağlanmış, sazişin şərtlərinə görə MMC-nə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 13 faiz olmaqla 300 000 manat kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə bankla “xxxxxxxxxxxxxxx” MMC arasında 85805 saylı kredit müqaviləsinə dair 2 saylı kredit sazişi bağlanmış, sazişin şərtlərinə görə MMC-nə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 13 faiz olmaqla 35 000 manat kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində, istifadədə olan 0.081 ha torpaq sahəsində yerləşən 5 saylı binadakı 23-cü mənzili və Üzeyir Əlimərdanovun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 28 saylı evin 5-ci mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh2 və “xxxxxxxxxxxxx” MMC zamin qismində üzərilərinə öhdəlik götürmüşlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-dən, Cavabdeh2 və “xxxxxxxxxxxxx” MMC-dən xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi, xx xxxxxxx 2014-cü il tarixli saziş üzrə müştərək qaydada əsas borca görə 147 536,47 manatın, faiz borcuna görə 23 312,86 manatın, cəriməyə görə 1000 manatın, yəni cəmi 171 849,33 manatın, eləcə də xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi, xx xxxxxx 2015-ci il tarixli saziş üzrə müştərək qaydada əsas borca görə 20 125,81 manatın, faiz borcuna görə 3883 manatın, cəriməyə görə 200 manatın, yəni cəmi 24 208,81 manat kredit borcunun tutulub banka ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 5 saylı evin 23-cü mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 105 000 manat müəyyən edilməsi, eləcə də tutmanın Üzeyir Əlimərdanovun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 28 saylı evin 5-ci mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 60 000 manat müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına 196 148,14 manat kredit borcunun banka ödənilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan 1 ay sonra boşaldılması, qalan hissədə iddianın rədd ediliməsi qət olunmuşdur. Həmin qətnamədən bankın, Üzeyir Əlimərdanovun, Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə "X9 Azərbaycan” QSC-nin nümayəndəsinin və cavabdeh X1 şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsini yeni əldə etdiyini bildirməklə ondan apellyasiya şikayəti verərək “Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 28 saylı evin 5-ci mənzilinə tutma yönəldilməsi” hissəsində qətnamənin ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, məhkəmənin, qanunsuz olaraq ailəsinin yeganə yaşayış yeri olan mənzilin satılması barədə nəticəyə gəldiyi, habelə mənzilin qiymətini həddindən aşağı müəyyənləşdirməsi arqumentləri ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyatora Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olduğu izah olunmalıdır. Belə ki, iş materiallarından, birinci instansiya məhkəməsinin qətnaməsindən əvvəllər Üzeyir Əlimərdanovun verdiyi şikayətdə onun həm özünün mülkiyyətindəki ipoteka predmetinə, həm də Cavabdeh3 mülkiyyətindəki ipoteka predmetinə (Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 28 saylı evin 5-ci mənzilinə) tutma yönəldilməsi, həmçinin əmlakların müəyyənləşdirilən qiymətləri hissəsində qətnaməni mübahisələndirdiyi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2028-ci il tarixli qətnaməsi ilə isə qətnamənin sözügedən şikayət əsasında və dolayısıyla Cavabdeh3 münasibətdə də yoxlanılaraq dəyişdirilmədən saxlanıldığı aydın olur; belə hal isə həmin qətnamənin Cavabdeh3 hazırkı şikayəti əsasında təkrarən yoxlanılmasını mümkünsüz edir. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-416/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Cavabdeh3 izah olunsun ki, o, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-cici il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququna sahibdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar