Məhkəmə qərarları › İş №2(103)-6126/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6126/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6126/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(011)-1085/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yaşayan abonent İddiaçı "xxxx" ASC-nin Xətai rayon enerji təchizatı və satışı idarəsinə ərizə ilə müraciət edərək elektrik enerjisinin verilişində gərginliyin artıb-azalması nəticəsində yaşadığı mənzildə quraşdırılmış “Gree” markalı kondisionerin sıradan çıxmasını bildirmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 07 dekabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, həmin ünvanda qeyd olunmuş tarixdə, eləcə də yaxın günlərdə elektrik enerjisinin verilişində hər hansı qəza halı baş verməmiş, elektrik enerjisinin verilişində gərginliyin artıb-azalması, fasilələr olmamışdır. Ona görə də iddiaçıya məxsus mənzildə baş vermiş hər hansı hadisəyə görə "xxxx" ASC cavabdehlik daşımır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Bakı şəhəri Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya dəymiş 350 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyul 2021-ci il tarixdə işıqlarda yanıb sönmə, işıq dirəyində isə qığılcım baş vermiş, bunun nəticəsində olan qısaqapanmaya görə iddiaçıya məxsus “Gree” markalı kondisioner yanmışdır. İddiaçı usta çağırmış, yoxlama zamanı qısaqapanmadan kompressor və kondensatorun yandığı müəyyən olunmuşdur. Bu barədə "xxxx" ASC-nin Xətai rayon enerji təchizatı və satışı idarəsinə ərizə ilə müraciət etsə də nəticəsi olmamış, həmin idarə ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir.

6. Məhkəmə baxışı zamanı iddiaçının razılığı ilə cavabdeh əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1085/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X2)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Gree” markalı kondisionerin yanması qısaqapanma nəticəsində baş versə də, məhkəmə bu fakta əhəmiyyət verməmişdir. İşlə bağlı ekspertiza təyin edilsə də, ekspert rəy verməmiş və məhkəmə təkrar ekspertiza təyin etməli olduğu halda, bunu etməmişdir. Bundan əlavə, məhkəmə tərəflərin hansı hüquqi münasibətdə olmalarını, habelə tətbiq edilməli hüquq normalarını düzgün seçmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

17. İddiaçı elektrik enerjisinin verilməsində gərginliyin artıb-azalması nəticəsində qısaqapanma baş verdiyini, bunun da nəticəsində ona məxsus olan mənzildə quraşdırılmış kondisionerin yanmasına istinad etmiş və cavabdeh "xxxx" ASC-dən dəymiş ziyanın əvəzinin ona ödənilməsini tələb etmişdir. Lakin baş vermiş hadisənin məhz cavabdehin təqsiri üzündən baş verməsi barədə iş materiallarında mötəbər sübut olmadığından, birinci istansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

19. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: . İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1085/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar