Məhkəmə qərarları › İş №2(103)-6129/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6129/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6129/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X4 Cavabdeh X8 (bundan sonra – Bank) qarşı “kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən Bankın ləğvedicisi olan X1 (bundan sonra – Fond) apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X7 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə onun arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 013/A-12 saylı “Kredit müqaviləsi” üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən hesablanmış 4.886,98 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, iddiaçı ilə Bankın “Binəqədi” filialı arasında, Bank tərəfindən iddiaçıya 15.634 ABŞ dolları məbləğində kreditin verilməsi barədə xx.xx.2012-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır. İddiaçı, qeyd edilən müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus **-NB-*** dövlət qeydiyyat nişanlı, “MG 350” markalı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə iddiaçı ilə Bank arasında xx.xx.2012-ci il tarixdə “İpoteka müqaviləsi” bağlamışdır. Bundan sonra iddiaçı tərəfindən Banka hissə-hissə müəyyən ödənişlər olmuş, lakin yaranmış maliyyə çətinliklərinə gərə iddiaçı borcunu tam həcmdə ödəyə bilməmişdir. Bank tərəfindən iddiaçıya qarşı irəli sürülmüş “borcun ödənilməsi və borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbinə dair” iddiası məhkəmə baxışının predmeti olmuş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi (İş № 2(002)- 3118/2014) qətnaməsi ilə 10.633,13 ABŞ dolları məbləğində pulun iddiaçıdan Bankın xeyrinə tutulması, tutulmanın isə yuxarıda qeyd edilən avtomobilə yönəldilməsi və sair qət edilmişdir. Bundan sonra iddiaçı 9.494,10 ABŞ dollarını Banka ödəmiş, qalan 1.139,03 ABŞ dolları məbləği isə Bank tərəfindən ona güzəşt edilmişdir. Bu fakt Qaradağ Rayon Məhkəməsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli qərardadında (İş № 8(002)-1584/2016) öz təsdiqini tapır. Sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyi müəyyən edilmişdir. Həmin fərmana əsasən X5 Palatasının rəsmi saytında iddiaçının şəxsi kabinetində ona 4.886,98 manat məbləğində kompensasiyanın ödənilməsinin nəzərdə tutulması barədə məlumat yerləşdirmişdir. Bankın ləğv edicisi olan Fond isə qanunsuz və əsassız olaraq şəxsi kabinetində güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsində 7.209,54 manat məbləğini qeyd etmişdir. Fonda müraciət edərək yuxarıda adıçəkilən fərmana əsasən hesablanmış kompensasiya məbləğinin ona ödənilməsini xahiş etmişdir. Lakin Fond iddiaçının müraciətinə baxmamışdır. Daha sonra iddiaçı, Fondun və X5 Palatasının səlahiyyətli nümayəndələrinin iştirak etdiyi görüşdə bu məsələni təfərrüatı ilə izah edərək ona qarşı yanlışlığın edildiyini bildirmişdir. Həmin görüşdə iddiaçı bildirlmişdir ki, “güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi’’ qrafasında yazılanlar (7.209,54 manat) elektron sistemdə olan sadə texniki-mexaniki səhv olmuş və həmin səhv tezliklə aradan qaldırılacaq. Lakin buna və iddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq səhv aradan qaldırılmamış və hesablanmış 4.886,98 manat məbləğində kompensasiya iddiaçıya ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsassız olması barədə Rayon məhkəməsinə müvafiq sübutların təqdim edilməsinə baxmayaraq Rayon Məhkəməsi həmin sübutlara obyektiv hüquqi qiymət verməmiş və formal mülahizələrə əsaslanaraq iddia tələbini təmin etmişdir. Belə ki, Bank tərəfindən iddiaçıya 7.209,54 manat güzəşt edilmişdir ki, iddiaçıya hesablanmış 4.886,98 manat məbləğində kompensasiya məhz güzəşt edilmiş məbləğə hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının vaxtı barədə Bankın ləğvedicisi olan Fonda qanunla nəzərdə tutulmuş qaydada məlumat verməmişdir ki, bununla da, cavabdeh tərəfin hüququnu pozmuşdur. Fondun nümayəndəsi E.Həsənov apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin şifahi və yazılı surətdə məhkəmələrə bildirdiklərindən görünür ki, hazırki iş üzrə İddiaçı ilə Bankın “Binəqədi” filialı arasında, Bank tərəfindən iddiaçıya 15.634 ABŞ dolları məbləğində kreditin verilməsi barədə xx.xx.2012-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır. İddiaçı, qeyd edilən müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus **-NB-*** dövlət qeydiyyat nişanlı, “MG 350” markalı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə iddiaçı ilə Bank arasında xx.xx.2012-ci il tarixdə “İpoteka müqaviləsi” bağlamışdır. Bundan sonra iddiaçı tərəfindən Banka hissə-hissə müəyyən ödənişlər olmuş, lakin o, borcunu tam həcmdə ödəməmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3118/2014 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Bankın həmin iş üzrə cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürdüyü “borcun ödənilməsi və borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbinə dair” iddiasının təmin edilməsi, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.179,96 ABŞ, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 294,95 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 158,22 ABŞ dolları məbləğində pulun (Azərbaycan manatına olan məzənnə ilə) İddiaçı Bankın xeyrinə tutulması, tutmanın İddiaçı məxsus və ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi və sair qət edilmişdir. X6 İdarə Olunması və X2 tərəfindən Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-3118/2014 saylı icra sənədinə əsasən İddiaçı Bankın xeyrinə cəmi tutulmalı olan 10.633,13 ABŞ dolları məbləğində borcdan 9.494,10 ABŞ dolları İddiaçı tərəfindən Banka ödənilmiş, qalan 1.139,03 ABŞ dolları borc isə Bank tərəfindən İddiaçı güzəşt edilmişdir. Odur ki, Bank icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş edir. Bank tərəfindən Baş Dövlət X10 ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, İddiaçı 013/A-12 saylı, xx.xx.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə Banka olan borcunu ödədiyindən Bank, İddiaçı məxsus olan (yuxarıda qeyd edilən) avtomobilin ipoteka yüklülüyündən azad edilməsini xahiş edir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından (İş № 8(002)- 1584/2016) görünür ki, həmin qərardadla Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3118/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə verilmiş icra sənədi üzrə icraata xitam vermişdir. İddiaçı adına “Pk.fimsa.az” saytından edilmiş çıxarışdan görünür ki, cəmi hesablanmış kompensasiya 0.00 manat, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 7.209,54 manat, borcların ödənilməsinə yönəldilən hissə 0.00 manat, vətəndaşa çatan hissə 0.00 manat, restrukturizasiya məbləği 0.00 manat təşkil edir. Kompensasiyanın hesablanmasına dair çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixinə 1.437,35 manat, xx.xx.2015-cil tarixinə 3.449,63 manat, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 7.209,54 manat təşkil edir. Fond tərəfindən İddiaçı nümayəndəsi A.Aslanova ünvanlanmış xx.xx.2020-ci il tarixinə borc öhdəliyinin olub-olmaması barədə xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə sonuncunun kreditor olan Bank qarşısında borc öhdəliyi mövcud deyildir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya kreditdən istifadəyə görə illik 19% şərti ilə 48 ay müddətinə 15.634 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, İddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də, Bankın İddiaçı qarşı irəli sürdüyü “borcun ödənilməsi və borcun əvəzinin girov predmetinə yönəldilməsi tələbinə dair” iddiası məhkəmə baxışının predmeti olmuş və Qaradağ Rayon Məhkəməsinin 2(002)-3118/2014 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə ilə Bankın iddiasının təmin edilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş xx.xx.2014-cü il tarixli icra vərəqəsində qeyd edilmişdir ki, İddiaçı Bankın xeyrinə cəmi tutulmalı olan məbləğ 10.633,13 ABŞ dolları təşkil edir. İddiaçı həmin borcdan 9.494,10 ABŞ dollarını Banka ödəmiş, qalan 1.139,03 ABŞ dolları məbləğində borc isə Bank tərəfindən İddiaçı güzəşt edilmişdir. Bununla da, M.Əlirazyavanın Banka borcu qalmamışdır. İşin digər mübahisələndirilməyən hallarından görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya 4.886,98 AZN kompensasiya məbləğinin hesablandığı müəyyən edilmişdir. Lakin qeyd edilən Fərmana əsasən İddiaçı hesablanmış kompensasiya məbləği borcalan iddiaçının kreditor Bank qarşısında artıq mövcud olmayan əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq hesab edir ki, Bank qeyd edilən və ona çatası kompensasiya məbləğini ona verməməklə ona münasibətdə əsassız olaraq varlanmışdır. Buna görə də, Fərmana uyğun olaraq ona hesablanmış 4.886,98 manat kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Fondun apellyasiya şikayətində iddia tələbinə qarşı ifadə olunan etiraz ondan ibarətdir ki, Bank tərəfindən iddiaçıya 7.209,54 manat güzəşt edilmişdir ki, iddiaçıya hesablanmış 4.886,98 manat məbləğində kompensasiya məhz güzəşt edilmiş məbləğə hesablanmışdır. Buna görə də, iddia rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin hallarından görünür ki, hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı onunla Bank arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən yaranmış borcundan 9.494,10 ABŞ dollar Banka ödəmiş, 1.139,03 ABŞ dolları məbləğində borc isə Bank tərəfindən iddiaçıya güzəşt edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Bank, müxtəlif şəxslərə göndərdiyi məktublarda etiraf etmişdir ki, İddiaçı Banka borcu qalmamışdır. Beləliklə İddiaçı “Kredit müqaviləsi” üzrə Bank qarşısında borc öhdəliyinin mövcud olmamasına baxmayaraq Bank Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya hesablanmış 4.886,98 manat kompensasiya məbləğinə sahiblənməklə İddiaçı mülkiyyət hüququnu pozmuş və onun hesabına qeyd edilən məbləğdə əsassız varlanmışdır. Bununla da, müəyyən edilir ki, İddiaçı iddiası əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Fondun apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının vaxtı barədə Bankın ləğvedicisi olan Fonda qanunla nəzərdə tutulmuş qaydada məlumat verməmişdir ki, bununla da, cavabdeh tərəfin hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi Bankın ləğvedicisi olan Fondu məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar etmiş, lakin Fond, məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə Fondun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarında olan “məhkəmə bildirişindən” görünür ki, Bankın ləğvedicisi olan Fonda məhkəmə iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən məlumat göndərilmiş və həmin “məhkəmə bildirişi” müvafiq poçt şöbəsinə təhvil verilmişdir. Ona görə də, hesab edilməlidir ki, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmamış, qətnamə çəkişmə şəraitində qəbul edilmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Fond tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün X3 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar