Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-613/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı2 Cavabdeh ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ona 100.000 manat məbləğində vurduğu maddi zərərin və 10 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 1999-cu ildən yaşayır. 2018-ci ilin mart ayından bu günə kimi yaşadığı evinin zirzəmisini su basmış, evi qəzalı vəziyyətə düşmüşdür. İddiaçı yaşadığı evin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığı 26 iyul 2018-ci il tarixli müraciəti əsasında mütəxəssislər tərəfindən yerində araşdırma aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Cavabdehin səhlənkarlığı üzündən evi bərbad vəziyyətə düşmüşdür. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq 20035 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə cavabdehin hüquqi ünvanının yerləşdiyi yer üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olsa da, Suraxanı rayon məhkəməsi tərəfindən baxılmış, bununla da, aidiyyat qaydaları pozulmuşdur. İddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus 200 mm diametrli su borusu arasında olan məsafənin təxminən 200 metr olması ekspert rəyində də əksini tapıb. İddiaçının evi ilə su borusu arasında olan məsafənin uzaq olması, həmin məsafədə isə digər vətəndaşlara məxsus fərdi yaşayış evlərinin yerləşməsi və borudan həmin vətəndaşların evlərinə su sızmaması onu göstərir ki, iddia tələbi əsassızdır. Halbuki, cavabdehə məxsus su borusunda sızma olsaydı, axan su iddiaçıya məxsus evlə su borusu arasında yerləşən evlərin zirzəmisinə dolmalı idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynovsədrlik edən və məruzəçi, Vahid Sadıqov və Azad İmanov) 12 noyabr 2019-cu il tarixli 2(103)-13284/2019 saylı qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1219/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC və vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)- 13284/2019 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz etmiş, onun təmin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin sözügedən işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “...Məhkəmə kollegiyası iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair qənaəti ilə razılaşsa da, zərərin məbləğinə münasibətdə “X1 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinə əsasən verilmiş, məzmunu tam aydın olmayan smeta hesabatına istinad etməsi ilə razılaşmır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14.05.2019-cu il tarixli rəyində iddiaçıya məxsus fərdi yaşayış evinin yükdaşıyıcı konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (çatların və s.) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyərinin tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırılmalardan (hesablamalar, layihələr və s) sonra müəyyənləşdirilə bilməsi göstərilmişdir. Göründüyü kimi, fərdi yaşayış evinə ziyan dəyməsi faktını ekspert müəyyən etmiş, lakin ziyanın məbləğinin müəyyən edilməsi üçün tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən aparılmalı xüsusi araşdırılmalar (hesablamalar, layihələr və s), layihə-smeta sənədlərinin tərtib edilməsinə ehtiyac olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlarda çatların qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərin dair layihə-smeta sənədlərinin tərtib edilməsi üçün müvafiq tədbirlər görülmədən, həmçinin “X1 və Hüquq Şirkəti” MMC-nin ekspert rəyinə əlavə edilmiş smeta hesabatı əsasında vurulmuş ziyanın hesablanması üçün əlavə ekspertiza təyin edilməsi məsələsi müzakirə edilmədən, həmin rəydə göstərilən məbləği vurulmuş ziyanın həcmi kimi qəbul edilməsi düzgün olmamışdır. …. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə vurulmuş ziyanın 20.035 manat müəyyən edilməsi barədə ekspertiza rəyi kifayət qədər əsaslandırılmadığı halda, həmin rəyə istinad edilməklə gəlinən nəticə qanuni və əsaslı sayıla bilməz. ….Məhkəmə kollegiyasının qənaətinə görə, kassasiya şikayətinin dəlilləri qismən, yəni dəymiş zərərin məbləğinin kifayət qədər əsaslandırılmaması hissəsində əsaslıdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv üçün qanuni əsasdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq, həmçinin iş materiallarındakı sübutların məcmusuna qiymət verərək kollegiya hesab edir ki, Cavabdeh ASC-nin verdiyi şikayət qismən təmin olunaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, dəymiş ziyanın əvəzi olaraq cavabdehdən 19096 manat tutulmalı, qalan hissədə isə şikayət təmin olunmamalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. 2018-ci ilin mart ayından başlayaraq evin zirzəmisinə su yığılmış və bunun nəticəsində ev qəzalı vəziyyətə düşmüşdür. İddiaçının 26.07.2018-ci il tarixli müraciəti əsasında mübahisəli əraziyə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış nəticəsində müəyyən edilmişdir ki, binadan təxminən 25 metr aralıda, relyef səviyyəsinə görə binadan yuxarıda yerləşən 200 mm diametrli polietilen su borusuna sakinlərin istifadəsi üçün kiçik diametrli borular birləşdirilmişdir. Bu birləşmələrdən sızmalar nəticəsində ətrafda yerləşən binaların zirzəmilərinə su toplanır. Suraxanı rayon Sukanal idarəsinin təqdim etdiyi sxemə əsasən qeyd edilən 200 mm diametrli su borusu fəaliyyəti dayandırılmış 51 saylı su-nasos stansiyasından 69 saylı fəaliyyəti dayandırılmış su anbarına gedən borudur. Lakin, həmin boruya nasosxana istiqamətdən su sızması davam edir. Həmin su sızmalar nəticəsində binanın zirzəmisinə su yığılmış və yükdaşıyan divarlarda müxtəlif istiqamətli 2-4 mm olan çatlar yaranmışdır. Çatların yaranmasına səbəb su sızması nəticəsində bünövrələrin qeyribərabər çökməsidir. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin 31-ci PB-nin 07.07.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət olunması ərizəçiyə tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 14.05.2019-cu il tarixli rəyi ilə ünvan 1 ünvandakı cavabdehə məxsus su xətti ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında təqribən 200 metr məsafə olduğu, iddiaçıya məxsus fərdi yaşayış evində mövcud çatların, evdən aralıda yerləşən boru xətlərinin birləşmələrindən evin zirzəmisinə suyun sızması və bununla əlaqədar yaşayış evinin bünövrəsinin qeyri-bərabər çökməsi nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Baxış keçirilən dövrdə mübahisəli ünvanda yerləşən cavabdehə məxsus su borusundan sızmalar aşkar olunmamışdır. Rəydə, həmçinin qeyd edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yükdaşıyıcı konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (çatların və s.) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyəri, tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırılmalardan (hesablamalar, layihələr və s) sonra müəyyənləşdirilə bilər. “X1 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinə əsasən mübahisəli ünvanda cavabdehə məxsus diametri 200 mm olan plastik boru xəttinə kiçik diametrli boruların birləşdiyi yerdən tikiliyə qədər olan məsafə təxminən 190 metrə yaxın və 10 metr yüksəklikdə yerləşir. Tikiliyə su sızması cavabdehə məxsus plastik boru xəttindən sızmış gölməçələrdən uzun müddət ərzində qruntda açılmış yeraltı kiçik məsamələr və kanalcıqların yaranması nəticəsində yaransa da, gələcəkdə atmosfer sularının da həmin məsamə və yeraltı kanalçıqlardan axa biləcəyi ehtimalı vardır. Bunun qarşısını almaq üçün drenaj kanalının çəkilməsi məqsədə müvafiq hesab edilir. Tikiliyə hal-hazırda suyun verilməsi dayandırıldığından sızma yoxdur. Su sızması nəticəsində divarlarda birtərəfli və keçici çatlar 3-8 mm qalınlığında, bünövrələrdə bir neçə yerdə 2-5 sm-ə qədər qeyri-bərabər çökmələr yaranmışdır. Tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlarda çatların qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərinə ƏDV ilə birlikdə 20035 manat miqdarında vəsait tələb edilir. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 03 may 2021-ci iı tarixli, 10/3953 saylı rəyi ilə ünvan 3 ünvanda yerləçən fərdi yaşayış evinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlardakı çatların yenidən bərpası üçün ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 19096,00 manat məbləğində müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehə məxsus xəttdən su sızması nəticəsində əmlakı zədələnmiş iddiaçıya maddi zərər dəymişdir. İddiaçı əmlakının zədələnməsi ilə bağlı ona 100000 manat maddi zərər dəydiyini iddia etsə də, bu barədə əsaslı şübhədən kənar sübut təqdim etməmişdir. “X1 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyi ilə zərərin miqdarı 20035 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş ədavə məhkəmə tikinti-texniki ekspertizasının 03 may 2021-ci il tarixli, 10/3953 saylı rəyi ilə cavabdehə məxsus mənzildə baş vermiş çökmələrin və əmələ gəlmiş çatların aradan qaldırılması üçün görülməli işlərin ümumi dəyəri 19096,00 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası “X1 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinin kifayət qədər əsaslı olmadığı üçün əlavə ekspertiza təyin edildiyini, sonuncunun isə kifayət qədər tam və aydın olduğunu nəzərə alaraq, dəymiş maddi zərərin miqdarının 19096,00 manat olduğuna dair təkrar ekspertiza ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Belə ki, MPM-in 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdeh isə mövcud olacaq vəziyyəti bərpa etməli olduğudan, birinci instansiya məhkəməsinin maddi zərərin əvəzinin ondan iddiaçının xeyrinə tutulmalı olmasına dair iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı dəymiş zərərin miqdarı 19096,00 manat olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin miqdarı hissəsində dəyişdirilməli, qətnamə qalan dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1219/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Dəymiş ziyana görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 19.096 manat müəyyən edilsin, qalan hissədə qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. İş üzrə keçiirlmiş ekspertizanın dəyəri olan 50 manat cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-613/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-613/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver