Məhkəmə qərarları › İş №2(103)-6133/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6133/2025

29.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6133/2025 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. X3 şikayəti üzrə Suraxanı RPI-nin 31-ci PŞ-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında bibisi X3 2023 və 2024-cü illərdə hissə-hissə olmaqla ümumilikdə 13.900 manat borc pul aldığını və həmin borcu aylıq 200 manat olmaqla ödəməyə razılaşdığını bildirmişdir.

2. X3 pulunun aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı şikayəti üzrə Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında bildirmişdir ki, X3 onun bibisidir, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2020-ci ildə anası onkoloji xəstəlikdən rəhmətə getmişdir. Anasının xəstə olduğu müddət ərzində borca düşmüşdür. Bu məqsədlə bibisi Esmiraldadan 2023-cü ildə borc istəmişdir. Bibisi Esmiralda buna etiraz etməyərək ona borca pul vermişdir. Ümumiyyətlə, o 2023-cü ilin qış aylarından 2024-cü ilin ortalarına qədər olan müddət ərzində bibisi Esmiraldadan 17.600 manat borc pul götürmüşdür. Həmin pulun 3900 manatını ödəmişdir. Lakin yerdə qalan 13.700 manatını isə maddi vəziyyəti pis olduğu üçün ödəyə bilməmişdir. O söz vermiş ki, bibisi İddiaçı borclu olduğu 13.700 manat borcunu hissə-hissə ödəyəcəkdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 13.300 manat məbləğin, 601 manat (13.300 x 5% x 330 gün) faiz məbləğinin, hazırkı iddia ilə bağlı vəkil müqaviləsi üçün ödənilmiş 320 manat məbləğində pulun və 185 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan şəxsi ehtiyacları üçün qisa müddətdə qaytarmaq vədi ilə pul almışdır. Lakin pulu aldıqdan sonra zamanında qaytarmamışdır. Bu səbəbdən o, Suraxanı Rayon Polis Idarəsiniə müraciət etmişdir. Həmin müraciətləri əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Belə ki, Suraxanı Rayon Polis Idarəsinin 31-ci Polis Şöbəsinin ##.##.2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh İddiaçı pul almasını hazırda 13.300 manat borcu qalmasını etiraf etmişdir. Həmçinin Suraxanı Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin ##.##.2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh İddiaçı pul almasını və hazırda borclu qalmasını etiraf etmişdir. Cavabdeh hazırda İddiaçı 13.300 manat əsas borcu olmaqla yanaşı 2024-cu ilin iyun ayından 2025-ci ilin may ayına qədər 11 ay 330 gün üçün olan müddətdə hesablanmış faiz borcu mövcuddur.

5. Cavabdeh Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddianı qismən qəbul edir. Iddiaçı onun bibisidir və ondan təxminən 2022-ci ilin sonlarında hissə-hissə ödəmək şərtilə 8.900 manat borc almışdır. Borcundan 4.700 manat ödəmişdir, hal-hazırda onun iddiaçıya 4.100 manat borcu var. Qalan borcunu da hissə-hissə qaytarmağa hazırdır. Iddiaçı ilə pulu nə zamana kimi qaytarmaq barəsində danışıq olmamışdır. Buna görə də 601 manat faiz məbləği, həmçinin 320 manat vəkil xərcini də qəbul etmir.

6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 4.100 manat pul vəsaitinin və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə cavabdehin məhkəmə iclasında iddiaçıya 4.100 manat məbləğində borcunun olduğunu etiraf etməsini və iddiaçı tərəfin cavabdehin 13.300 manat borcunun olmasını sübut edə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh 4.100 manat məbləğində borc tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

8. Məhkəmə tərəflər arasında borcun ödənilməsi üçün son tarix müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 601 manat tələbi əsassızdır və təmin oluna bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 739.1ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, cavabdehin hazırda iddiaçıya iddia tələbində olan qədər (hətta daha yüksək məbləğdə) borcunun qalması iş materiallarında “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarında cavabdehin etirafedici ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa sms və səs qeydləri də mövcuddur. Lakin həmin qərarlarda olan məbləğlərdən sonra nə zaman hansı vasitə ilə ödəniş barədə heç bir sübut yoxdur. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, iddia ərizəsində qeyd olunmuş borc məbləği barədə kifayət qədər əsaslı sübutlar əlavə edilmişdir. Lakin cavabdehin şifahi olaraq bildirdiyi məbləğ barədə heç bir sübut əlavə edilməmişdir. Sədrlik edən cavabdehin borcunu etiraf etdikdən sonra həmin borcdan hansı məbləğlərdə ödəniş etməsi barədə heç bir sübut olmadan cavabdehin borc məbləğini ödəməkdən qəsdən yayınmasına səbəb olan və əsası olmayan, yanlış dediyi şifahi izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasında borcun ödənilməsi üçün son tarix müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 601 manat tələbi əsassızdır və təmin oluna bilməz. Belə ki, hazırda hamıya məlum ki, kimsə borc alanda həmin borcu hansı tarixə qaytaraçağı barədə razılıq əldə olunur. Həmin razılıq əldə olunmamış heç kim digər şəxsə borc verməz. Mülki iş materiallarına da əlavə olunmuş qərarlardan da görünür ki, cavabdeh dəfələrlə borcunu etiraf edir və qaytarmaq vaxtı barədə dəfələrlə əlavə vaxt istəyir, vaxtında qaytarmadığını dəfələrlə etiraf edir. Iddiaçı da məhz aralarında əldə olunmuş vaxtda uyğun iddia tələbində göstərmişdir. Cavabdeh Cavabdeh məhz 2024-cü ilin iyun ayında borcunu tam bağlamalı idi. Lakin borcunu qaytarmamışdır. Bu səbəblə bağlı iddiaçı ilk öncə hüquq mühafizə orqanlarına daha sonra da məhkəməyə müraciət etmişdir. Məhkəmə vəkil xərcinin ödənilməsi ilə bağlı heç bir sübutun (ödəniş qəbzi və s.) təqdim olunmamasını nəzərə alaraq hesab etmişdir ki, 320 manat vəkil xərci tələbi əsassızdır və təmin oluna bilməz. Təqdim olunmuş müqavilə təsdiq olunmuş müqavilə olması və həmin müqavilə əsasında order götürülərək mülki iş materiallarına əlavə edilməsi iddiaçının vəkil xərcinin ödənilməsini tam olaraq sübut edir. Çünki məlum olduğu kimi hazırda vətəndaş ilə vəkil arasında “hüquqi yardım haqqında” müqavilə elektron şəkildə tərtib edilir, həmin müqavilə barədə vətəndaşa, yəni iddiaçıya sms şəkildə link gəlir, həmin linkdən keçid edərək, vətəndaş ödənişi tamamladıqdan sonra vəkil sistemdən order götürə bilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdır, xahiş edir ki, həmin qətnamə qüvvədə saxlanılsın.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ilə onun nümayəndəsi və vəkili apellyasiya şikayəti müdafiə edərək məzmununa uyğun izahat verdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Iddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, tələb 13.300 manat borcdur. Borc əslində 2023-cü ildə verilib. Oktyabr ayına kimi hissə-hissə ödəniş edib, ondan sonra dayanıb. Əgər 5 faiz nəzərə alınsa, oktyabr ayından 2 may tarixinə kimi tutulması hissəsinə etiraz etmir.

14. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarı Mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia qismən edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21.

22. Işdə olan sübutlarla müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Iddiaçının bildirdiyinə görə, cavabdehə verdiyi borc məbləğindən 13.300 manatı qaytarılmamışdır.

23. Polis orqanlarında araşdırma zamanı cavabdeh Cavabdeh izahatlarında əvvəlcə bibisindən 13.900 manat borc pul aldığını bildirmiş, daha sonra isə bibisindən götürdüyü 17.600 manat borc puldan 3900 manatını ödədiyini, maddi vəziyyəti pis olduğu üçün 13.700 manat borcu qaldığını və hissə-hissə ödəyəcəyini qeyd etmişdir.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini cavabdehin 4.100 manat məbləğində borcu etiraf etməsi və Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etməklə, iddiaçı tərəfin cavabdehin 13.300 manat borcunun olmasını sübut edə bilməməsi ilə əsaslandırmışdır.

25. Göründüyü kimi, cavabdeh sonuncu dəfə istintaq orqanında bibisinə borcunun olduğunu və həmin pulu tam qaytarmadığını təsdiq etmiş, hissə-hissə ödəyəcəyini bildirsə də, borcun qaytarılmasını sübut edə bilməmişdir.

26. Mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə cavabdehin həmin pul vəsaiti iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən pulu cavabdehə verməsi sonuncu tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur.

27. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 13.300 manat məbləğində pulun iddiaçıya qaytarılması iş materialları ilə sübut olunmadığından, iddia tələbinin təmin olunmayan hissəsinə münasibətdə qalan 9.200 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbi qismən təmin edilməli, cavabdeh iddiaçıdan alınmış 13.300 manat məbləğində vəsaiti qaytarmadığına görə 2024-cü ilin oktyabr ayından iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixə (##.##.2025-ci il) illik 5% hesablanmaqla 388 manat məbləğində (13.300 x 5% = 665 manat illik, 600 / 12 ay = 55,4 manat, 55,4 manat x 7 ay = 388 manat) vəsaiti iddiaçıya ödəməlidir. Belə ki, iddiaçı polis orqanında verdiyi izahatında cavabdeh tərəfindən borcun oktyabr ayında qaytarılmalı olduğunu bildirmişdir. Cavabdeh isə izahatında maddi vəziyyəti pis olduğu üçün həmin borcu ödəyə bilmədiyini bildirmişdir.

30. Məhkəmə iddiaçının hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manatın cavabdehdən tutulması tələbini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Arbitrium Vəkil Bürosu ilə bağlanmış ##.##.2025-ci il tarixli, EM-****VK-*****/** nömrəli müqaviləyə görə İddiaçı hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh 9200 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 2024-cü ilin oktyabr ayından ##.##.2025-ci il tarixədək olan dövr üçün 388 manat faiz borcu, 320 manat vəkil xərci tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 66 manat dövlət rüsumunun məbləği cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün artıq ödənilmiş 27 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar