Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6134/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/22 saylı iş üzrə 28 iyun 2022ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 30.000 manat əmanətin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının “Bank Standard” KB tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir.
2. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” KB-nın lisenziyası 01 oktyabr 2016- cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra edə bilməmişdir.
3. Sığorta hadisəsi baş verəndən dərhal sonra iddiaçı tələbkar qismində banka müraciət edərək 166.000 manat məbləğində kompensasiya ödənilməsini Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan xahiş etmiş, lakin nəticəsi olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)- 3263/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək 166.000 manat məbləğində kompensasiyanın ödənilməsi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Həmin iş bir neçə dəfə apellyasiya kassasiya baxışının predmeti olmuş, sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin 16 mart 2022-ci il 2(102)-1040/2022 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 71730 manat manat pulun və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc olaraq 305 manatın, ümumilikdə 72 035 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə Bank müflis elan olunmuş və ləğvetmə proseduru çərçivəsində Banka ləğvedici təyin edilmişdir. Sığorta hadisəsi baş verəndən dərhal sonra iddiaçı tələbkar qismində banka müraciət etmişdir. Nəsimi Rayon İcra Şöbəsi İddiaçı 166.000 manat məbləğdə kompensasiya ödənilməsi barədə Ləğv prosesində olan QSC ”Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bildiriş vermiş, Əmanətlərin Sığortalanması Fondu 23 dekabr 2016-cı il tarixli məktubla kompensasiya verilməsindən imtina etmiş, 10 yanvar 2017-ci il tarixdə 1482 nömrə ilə Kreditorların reyestrinə daxil edildiyi haqda 19/17947 saylı, 27 yanvar 2017-ci tarixli bildiriş göndərilmişdir.Əmanətlərin Sığortalanması Fondu 166.000 manat məbləğində kompensasiya ödənilməsində qanunun tələblərindən irəli gələn öhdəliyini icra etməyərək iddiaçının hüquqlarını pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)-3263/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək 166.000 manat məbləğində kompensasiyanın ödənilməsi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında məsələyə 3 dəfə olmaqla apellyasiya və kassasiya icraatı qaydasında baxılmış, sonuncu apellyasiya icraatında Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Ali Məhkəmənin 16 mart 2022-ci il 2(102)-1040/2022 saylı qərarı ilə iş üzrə yekun məhkəmə aktı çıxarılaraq, Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-5116 /2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İcra Şöbəsinin və iddiaçının çoxsaylı cəhdləri, banka və digər səlahiyyətli orqanlara müraciətləri heç bir nəticə verməmiş, nəticədə bu günədək qeyd edilən pul məbləği ödənilməmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2509/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia qismən təmin edilərək cavabdehdən maddi zərərin əvəzi kimi 3216 manat pulun və ödənilmiş 305 manat dövlət rüsumunun 30 manatının alınaraq iddiaçıya verilməsi, ödənilmiş 305 manat dövlət rüsumunun qalan 275 manatının isə iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “Bank Standard” KB-nın lisenziyası 01 oktyabr 2016-cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə faiz borcu Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı qərarının çıxarıldığı xx.xx.2022-ci il tarixdən hazırkı qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixədək hesablanmaqla, həmin müddət 3 ay müəyyən edilməlidir. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etmişdir. Həmin müddət də 01 yanvar 2017-ci il tarixdən hesablandığında 5 ildən çox müddət təşkil edir. Məhkəmə hesablama apararaq belə qənaətə gəlmişdir ki, cavabdehdən bank uçot dərəcəsi üzrə (3 ay üzrə ödəmənin gecikməsi nəzərə alınmaqla) 3216 manat (166.000 manat x 7,75% uçot faiz dərəcəsi /12 ay = 1072 manat); (1072 x 3 ay = 3216 manat) məbləğində pul tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 449.1, 944.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
10. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun 166.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından deyil, Bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar qanunvericiliyin tələblərindən irəli gələn öhdəlikdir və xx.xx.2017ci ildən icra edilməli idi.
11. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və icraata xitam verilməsini xahiş etmişdir.
12. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də əmanətin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərmiş və orada göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 166 000 manat pul vəsaiti cavabdeh tərəfindən ona ödənilmişdir.
14. İddiaçı eyni zamanda apellyasiya şikayətinə əlavə göndərərək iddia tələbini dəqiqləşdirmiş və qətnamə ləğv edilməklə 166 000 manat pulun ödənişinin 5 il 7 ay 17 gün geçikməsinə görə həmin məbləğə illik 7,75 % hesablanmaqla 73446 manatın və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərcə görə 305 və 153 manatın, ümumilikdə 73904 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin apellyasiya şikayətini isə qəbul etmədi.
16. Cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətini və ona əlavəni qəbul etmədi və rədd olunmasını xahiş etdi. O, eyni zamanda təmsil etdiyi qurumun apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
22. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə qətnaməni apellyasiya qaydasında hər iki tərəf mübahisələndirdiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
27. Kollegiya nəzərə alır ki, Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə Banka təqdim edilmiş, “Bank Standard” KB-nın lisenziyası 01 oktyabr 2016- cı il tarixdə ləğv edilmişdir. Sonradan məhkəmə mübahisələri olmuş və sonuncu məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən xx.xx.2022-ci ildə çıxarılmışdır. Lakin bundan sonra da qətnamə dərhal icra olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq bu halı nəzərə almaqla xx.xx.2022-ci ildən qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixədək olan dövr üçün cavabdehdən pul tutulmasını qət etmişdir.
28. Mülki Prosessual Məcəlləyə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2).
29. Kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunmadığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuş, məhkəmə isə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
30. İddiaçının apellyasiya şikayətinə əlavədə iddianı dəqiqləşdirməklə iddia tələbinin həcmini artırmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində geçikdirilmiş 5 il 6 aya görə faizin tutulmasını xahiş etsə də, apellyasiya şikayətinə əlavədə 5 il 7 ay 17 gün gecikməyə və digər xərclərə görə cəmi 73904 manat pulun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddia ərizəsində irəli sürülən tələbə cavab vermiş, məhkəmənin gəldiyi nəticə iddiaçını qane etməmiş və o, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb yeni tələbdir və bu tələbə apellyasiya mərhələsində baxıla bilməz. Çünki, həmin tələblər birinci instansiya məhkəməsində məhkəmə baxışının predmeti olmamışdır.
32. MPM-nin 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. İddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb hazırkı iş üzrə məhkəmə qətnaməsi qəbul olunduqdan sonrakı dövrlə bağlı olduğundan iddiaçı bu barədə ümumi qaydada birinci instansiya məhkəməsində iddia qaldıra bilər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya qaydasında mübahisələndirdiyi hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.