Məhkəmə qərarları › İş №2(103)-6137/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6137/2021

25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6137/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddı ziyanın ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 vurduğu ziyana görə 1000 manat və dövlət rüsumuna görə ödənmilmiş rüsümunun yarısı olan 15 manat cəmi 1015 manat pulun alınaraq İddiaçı1 ödənilməsi, cavabdehlər Cavabdeh1 və X1 vurduğu ziyana görə 1000 manat və dövlət rüsumuna görə ödənilmiş rüsümunun yarısı olan 15 manat cəmi 1015 manat pulun alınaraq İddiaçı2 ödənilməsi, cavabdehlər Cavabdeh1 və X2 üzərinə kanalizasiya sisteminin təmir edilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (Sədrlik edən: Günay Həşimova) İddiaçılar İddiaçı1, İddiaçı2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadından şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini və işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini, əks halda şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında hazırkı mülki iş üzrə iki ayrı iddiaçılar tərəfindən bir-biri ilə əladəqar olmayan iddiaların birləşdirilməsini, həmçinin iddia tələbində cavabdehlərə qarşı qeyri-dəqiq iddia tələbi irəli sürülərək hansı kanalazasiya sisteminin bərpa edilməsi tələbinin aydın olmamasını qeyd etmişdir. Məhkəmə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birlikdə baxılmasının yolverilməzliyini əsas götürərək iddia ərizəsini geri qaytarması tamamilə əsassızdır. Məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, iddia tələbi bir-biri ila əlaqədar olmayan tələblər deyildir. İddiaçıların ümumi mübahisəsi onlardan üst mərtəbədə yaşayan cavabdehlərin iddiaçıların evlərinə axan suya görə vurulmuş ziyan tələbidir. Göründüyü kimi mübahisə eyni binada yaşayan tərəflər arasında eyni predmet üzrə yəni iddiaçıların evlərinə suyun axıdılması nəticəsində vurulan ziyanın müəyyən edilməsidir. Həmçinin məhkəmənin kanalzasiya sisteminin bərpa edilmasi tələbinin aydın olmamasına dair galdiyi nəticə də yanlışdır. Belə ki, iddiaçılar evlərinə cavabdeh olan qonşular tərəfindən suyun axıdılmasından mübahisə edirlərsə, deməli ümumi kanalizasiya sistemindən söhbət gedir. Məhkəməyə nəyin aydın olmaması iddiaçılara aydın deyildir. Həmçinin cavabdeh kimi qeyd etdikləri qonşular suyun axıdılmasını bir-birinin üzərinə atırlar va onlara məxsus kanalzasiya sistemindən olmasını inkar edirlər. Bu səbəbdən də məhkəmə ekspertiza təyin edərək suyun hansı martəbədə yaşayan qonşunun evindən axıdılmasını müəyyən etməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddaçı İddiaçı1 şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Ə.Heybətqulu şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilmiş digər iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya digər iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mülki iş üzrə iki ayrı iddiaçılar tərəfindən bir-biri ilə əlaqədar olmayan iddiaların birləşdirildiyi, həmçinin iddia tələbində cavabdehlərə qarşı qeyri-dəqiq iddia tələbi irəli sürülərək, kanalizasiya sisteminin bərpa edilməsi vəzifəsinin qoyulması tələb edildiyini, iddia ərizəsinin məzmununda hansı kanalizasiya sisteminin bərpa edilməsi tələbi qoyulmasının aydın olmadığını, həmin bir-biri ilə əlaqədar olmayan bir neçə tələblərin birlikdə baxılmasının prosedur baxımından yolverilməzliyini və həmin tələblərə ayrı icraatlarda baxılmasının məqsədə uyğun olmasını qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, iddiaçılar qonşu mənzillərdə yaşayırlar və onların ümumi iddia tələbi iddiaçılardan üst mərtəbədə yaşayan qonşulara qarşı yönəlmişdir. Mübahisə eyni binada yaşayan tərəflər arasında eyni predmet üzrə yəni iddiaçıların evlərinə suyun axıdılması nəticəsində vurulan ziyanın müəyyən edilməsidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar evlərinə cavabdeh olan qonşular tərəfindən suyun axıdılmasından mübahisə edirlər. Daha sonra məhkəmə qeyd edir ki, iddia tələbində cavabdehlərə qarşı qeyri-dəqiq iddia tələbi irəli sürülərək kanalizasiya sisteminin bərpa edilməsi vəzifəsinin qoyulması tələb edilmiş, iddia ərizəsinin məzmununda hansı kanalizasiya siteminin bərpa edilməsi tələbi qoyulması aydın olmamışdır. Kollegiya iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi əslində məhkəmə araşdırması zamanı aydınlaşdırıla bilən məsələdir. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçılar tərəfindən bir-biri ilə əlaqədar olmayan iddia tələblərinin birləşdirilməsi, cavabdehlərə qarşı yönələn iddia tələbinin qeyri-dəqiq olması, iddia tələbinin aydın olmaması barədə mövqeyi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadı ləğv edilməli və mübahisəyə baxılması üçün mülki iş sonrakı prosessual hərəkətlərin yetirilməsindən ötrü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(002)-1650/2021 saylı qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar