Məhkəmə qərarları › İş №2(103)-6138/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6138/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6138/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun restrukturizasiya olunması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun restrukturizasiya olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) borcun restrukturizasiya olunması tələbinə dair e-2(005)-1646/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X1 ilə Cavabdeh1 ASC arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Nərgiz Mehdiyevaya illik 33 faiz dərəcəsi ilə 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Həmin kredit müqaviləsi üzrə Nərgiz Mehdiyevanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə 25 oktyabr 2013-cü il tarixdə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır.

3. Saatlı Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli 2(055)-1923/2017 saylı məhkəmə əmrinə əsasən, borclular X2 və İddiaçı 3630,60 ABŞ dolları əsas borc, 3382,51 ABŞ dolları faiz borcu, 2371,82 ABŞ dolları cərimə borcu, cəmi 9384 ABŞ dolları 93 sent məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2-1(112)-5172/2021 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh1 ASC məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb edilməklə) kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi tələbi barədə inzibati iş üzrə icraata xitam verilmişdir.

5. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına və LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək qaytarılmasına zamin durduğu kreditin restrukturizasiya olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikasının Mərkəzi X3 ərizəsinə 25 fevral 2021-ci il tarixli 26-02779- 2021 saylı cavab məktubundan görünür ki, Nərgiz Mehdiyevanın 01 mart 2019-cu il tarixinə banklara və digər kredit təşkilatlarına olan əsas borcunun məbləği milli valyutada 17000 manatdan (və ya xarici valyutada 10000 ABŞ dollarından) az olduğu üçün, ləğv prosesində olan Cavabdeh1 ASC ilə imzalanmış 25 oktyabr 2013-cü il tarixli 70161862-16 hesab nömrəli kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixinə 360 gündən çox gecikdirilmiş qalıq borcu Fərmana müvafiq olaraq restrukturizasiya çərçivəsinə düşür.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və İddiaçı 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-yə olan qalıq borcun Azərbaycan Respublilkası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının şərtlərinə uyğun olaraq restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği (3630,60 ABŞ dolları) 10000 ABŞ dollarından az olduğundan, müqavilə 01 yanvar 2012-ci il tarixindən sonra bağlandığından və kreditin qaytarılmasının gecikmə müddəti 360 gündən çox olduğundan, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublilkası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşür. Fərmana əsasən kreditin restrukturizasiya olunması üçün cavabdehlərə müraciət olunsa da, nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(005)-1646/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X4)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsindən asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. Bundan əlavə, iddiaçı həmin kredit müqaviləsi üzrə əsas borclu yox, zamin olmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 390-cı maddələrinə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçın və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublilkası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı : Bənd 5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi...nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddia tələbinin təmin edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

20. İş materiallarından göründüyü kimi, X1 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-dən kredit götürmüş, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə banka borcu yaranmışdır. Buna görə də Cavabdeh1 ASC məhkəməyə müraciət edərək qalıq borcun həm əsas borclu Nərgiz Mehdiyevadan, həm də zamin İddiaçı tutulmasını tələb etmiş, bu barədə müvafiq məhkəmə əmri çıxarılmışdır. İş materiallarında olan məhkəmə əmrində kreditin Nərgiz Mehdiyeva və İddiaçı verilməsi qeyd olunsa da, işin faktiki hallarından, iddiaçı tərəfin izahatından və işdə olan sənədlərdən (i.v.9) görünür ki, İddiaçı əsas borclu yox, zamin olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi X3 ərizəsinə cavab məktubundan görünür ki, həmin kredit restrukturizasiya çərçivəsinə düşür. 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndindən də göründüyü kimi, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmək banklara tövsiyə edilmişdir. Yəni kreditlərin restrukturizasiya edilməsi bankların üzərinə vəzifə kimi qoyulmamışdır. Bununla belə, adı çəkilən Fərmanın 5.1-ci bəndində bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi, habelə Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edildiyindən, banklar müqavilə azadlığı prinsipinə əsaslanmaqla heç bir əsas olmadan kreditin restrukturizasiya olunmasından imtina edə bilməzlər. Qeyd olunduğu kimi, İddiaçı kredit müqaviləsi üzrə borclu yox, həmin kreditin qaytarılmasına zamin olmuşdur. Kreditin restrukturizasiya olunması barədə tələb təmin olunduğu təqdirdə əsas kredit borcunun ödənilməsi məqsədilə Nərgiz Mehdiyevaya güzəştli kreditin verilməsi barədə bankla Nərgiz Mehdiyeva arasında müqavilə bağlana bilər. Göründüyü kimi, güzəştli şərtlə kreditin bağlanması bankla Nərgiz Mehdiyevanın iradə ifadəsindən asılıdır. Belə olan halda, kreditin restrukturizasiya olunması barədə tələbi zamin kimi İddiaçı irəli sürməkdə haqlı olmamışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mahiyyətcə düzgün qərara gəlmişdir.

21. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(005)- 1646/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar