Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-614/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2200/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə əsasən iddiaçı cavabdehə illik 18 dərəcə ilə faiz hesablamaq və 36 ay müddətinə qaytarmaq şərti ilə 25.300 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehə verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh ilk ödənişi xx.xx.2021-ci il tarixdə, sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə həyata keçirməklə hər ay 914,66 manat (sonuncu ay 914,41 manat) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehə kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş müddətlərinin pozulması barədə məlumat verilmiş və 5 gün müddətində borcun ödənilməsi təklif edilmiş, əks halda borc məbləğinin məhkəmə qaydasında tutulması və tələb olunan məbləğlərlə yanaşı, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5 /%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin 9.976,61 manat məbləğində əsas, 845,14 manat məbləğində faiz, 1.364,30 manat məbləğində cərimə, ümumilikdə 12.186,05 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/190 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 9.192,19 manat məbləğində borcu (əsas borc üzrə 8.586,82 manat, faiz borcu üzrə 605,37 manat) var. İş materiallarında yer alan hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə borcu hesablanmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9.976,61 manat məbləğində əsas, 845,14 manat məbləğində faiz, 341,08 manat məbləğində cərimə, cəmi 11.162,83 manat pul vəsaitinin və ödənilmiş 123,49 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 2200/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9.976,61 manat əsas, 845,14 manat faiz, 34 manat cərimə olmaqla, cəmi 10.855,75 manat pul vəsaitinin və ödənilmiş 123,49 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6)
5. Məhkəmə əsas və faiz borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir.
6. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, 34 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385- 386-cı, 442-ci, 445-ci, 448-ci, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı vəsatət verərək, iddia ərizəsində göstərilmiş məbləğin həddindən artıq şişirdilməsini, borcun iddia ərizəsində göstərilmiş məbləğdən əsaslı dərəcədə aşağı olmasını qeyd etmiş və məhkəmədən bununla əlaqədar məhkəməmühasibat ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq vəsatəti rədd etmiş və borclu olduğu məbləğ müvafiq ekspert rəyi ilə dəqiqləşdirilmədiyi halda, müvafiq qətnamə qəbul edərək iddianı qismən (341.08 manat cərimə istisna olmaqla, qalan bütün hissədə) təmin etmişdir. Birinci istansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını əsas tutaraq borc məbləğini ona uyğun müəyyən etmişdir. Halbuki həmin sənədlər iddiaçı tərəfindən təqdim edildiyindən kifayət qədər mötəbər sayıla bilməz. Məhkəmə işə obyektiv baxaraq iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, lakin cavabdehdən iddiaçının xeyrinə tutulan əsas və faiz borcunun və buna mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi tutulmalı pul vəsaitinin məbləğini düzgün hesablamamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulan əsas, faiz və ümumi borcun, habelə ödənilmiş dövlət rüsumunun məbləği ilə bağlı” hissədə dəyişdirilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə əsasən iddiaçı cavabdehə illik 18 dərəcə ilə faiz hesablamaq və 36 ay müddətinə qaytarmaq şərti ilə 25.300 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya (xəbərdarlıq məktubu) göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 9.976,61 manat əsas, 845,14 manat faiz, 341,08 manat cərimə olmaqla, cəmi 11.162,83 manat borcunun yarandığını iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.
20. Cavabdeh iddia tələbi ilə razılaşmır, iddia tələbində göstərilmiş borc məbləğinin şişirdilmiş olduğunu və bununla bağlı birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə-mühasibat ekspertizasının keçirilməsi üçün vəsatət verdiyini, lakin heç bir əsas olmadan vəsatətin təmin edilmədiyini bildirir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini rəhbər tutub, ödənişlərin intensivliyi, məbləği, silinmə istiqamətləri (silinmənin müqavilənin şərtlərinə uyğun aparılıbaparılmaması da daxil olmaqla) və sair bu kimi məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bilik tələb edildiyini nəzərə alaraq, iş üzrə məhkəmə-muhasibat ekspertizası təyin etmişdir. Aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/190 nömrəli ekspert rəyinə əsasən qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 9.192,19 manat məbləğində borcu (əsas borc üzrə 8.586,82 manat, faiz borcu üzrə 605,37 manat) yaranmış, iş materiallarında yer alan hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə borcu hesablanmamışdır. Nəticə etibarı ilə cavabdehin həmin kredit müqaviləsi üzrə borcunun olduğu həm iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədləri, həm də ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
22. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin bu sahəni tənzimləyən yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələbləri, habelə müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə 25.300 manat məbləğində pul vəsaiti kredit qismində verilmişdir. Lakin cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
23. Məhkəmə kollegiyası iş materiallarında olan muhasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği ilə bağlı belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul etməli və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış borcun müəyyən edilməsi zamanı bu rəy əsas götürməklə yaranmış əsas borc 8.586,82 manat, faiz borcu isə 605,37 manat məbləğində müəyyən edilməlidir. Məhz bu məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, kredit müqaviləsinə iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə kredit müqaviləsində (Bank xidmətlərinin Göstərilməsi üzrə X8 5-də) öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.
25. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün hər hansı əsas yoxdur.
26. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin (8.586,82 manat əsas + 605,37 manat faiz + 34 manat cərimə = 9.226,19) 9.226,19 manat olmasını nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni 112,25 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qalan (123,49 – 112,25 = 11,24) 11,24 manat hissəsi iddiaçıya aid edilməlidir.
27. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan əsas, faiz və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 8.586,82 manat məbləğində əsas, 605,37 manat məbləğində faiz, cəmi 9.226,19 manat (8.586,82 manat əsas borc + 605,37 manat faiz borcu + 34 manat cərimə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 112,25 manat hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Hazırkı iş üzrə apellyasiya şikayətinə uyğun olaraq borcun silinən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2200/2024 saylı qətnaməsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan əsas, faiz və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8.586,82 (səkkiz min beş yüz səksən altı manat, səksən iki qəpik) manat məbləğində əsas, 605,37 (altı yüz beş manat, otuz yeddi qəpik) manat məbləğində faiz, cəmi (cərimə borcunun 34 manat olması nəzərə alınmaqla) 9.226,19 (doqquz min iki yüz iyirmi altı manat, on doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 112,25 (bir yüz on iki manat, iyirmi beş qəpik) manat hissəsinin əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.