Məhkəmə qərarları › İş №2(103)-6140/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6140/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6140/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-864/21 saylı 05.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh su təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 679,23 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 678,47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 708,47 manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair yazılı ərizə təqdim edərək, iddia tələbində nəzərdə tutulan 678,47 manat məbləğində borcun bugünədək ödənilmədiyi üçün iddia tələbinin həcminin artırılaraq 701,73 manat məbləğində hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə nəticədə 27.01.2021-ci il tarixinə abonentin 678,47 manat borcu qalmışdır. “Azərsu ASC təırəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda yazılı xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Cavabdeh barəsində verilmiş arayışdan görünür ki, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 3, mənzil 10-da qeydiyyatdadır Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda gösərilən qaydada qismən təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, təmin edilmiş hissədə ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən, eləcə də, kobud prosessual pozuntulara yol verməklə işə onun iştirakı olmadan baxmışdır, məhkəmə qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədən qəbul olunmuşdur. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı ASC-nin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1.-ci maddəsinə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Kollegiya iş materiallarına və qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbində irəli sürülən cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə nəzərdə tutulan haqqın cavabdehdən tutulmasında haqlı olsa da, həmin haqqın məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı məhkəməyə 15.02.2021-ci il tarixində müraciət etdiyindən yalnız ondan əvvəlki üç il ücün ödənilməmiş haqları tələb etməkdə haqlıdır. Belə olan halda kollegiya hesab edir ki, cavabehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2018-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək olan borc hesablanmalıdır. İş materiallarında olan abonent kartının surətindən görünür ki, ünvan 1 ünvanı dair su və çirkab sulara dair xidmət göstərilməsi barədə Azər Su ASC ilə Cavabdeh arasında 01.01.2008-cu il tarixli müqvailə bağlanılmış, müqavilənin nömrəsi 25993676, abonentin adı Cavabdeh, nəfər sayı 3 nəfər olduğu qeyd olunmuşdur. İş materiallarında olan abonent kartı haqqında məlumatlardan görünür ki, ünvan 1 ünvan üzrə fevral ayından başlayaraq 2018-ci il üzrə 85,50 manat, 2019-cu il üzrə 92 manat, 2020-ci il üzrə 94 manat, 2021-ci ilin fevral ayına qədər olan dövr üzrə 16,26 manat qalıq borcu olmaqla, ümumilikdə 287,76 manat borcu yaranmışdır. Göründüyü kimi, tərəflər arasında su təchizatı sistemindən su buraxlması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi və xidmət haqqının ödənilməməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59cu maddəsinin b bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normaları düzgün tətbiq etmədiyindən qətnamə qanuni sayıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alıb Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-864/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 287,76 (iki yüz səksən yeddi manat, yetmiş altı qəpik) pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 287,76 manat məbləğində pul, İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar