Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6142/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4039,25 manat kredit götürmüşdür.
2. Cavabdeh2 zamin qismində kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıdığını qəbul etmişdir.
3. Borclunun xx.xx.2022-ci il tarixə Banka 2794,31 manat əsas, 7,74 manat faiz və 15,10 manat cərimə borcu olmaqla, cəmi 2817,15 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2794,31 manat əsas, 7,74 manat faiz və 7,55 manat cərimə borcu olmaqla, cəmi 2809,60 manat məbləğində borc və 48,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən yayınır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4103/22 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddianı əsaslı saymış, mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 470.1, 472, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişi ona çatdırılmamışdır. Əgər bildiriş çatdırılsaydı, şahidlərin dindirilməsi, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi, tərəflərin ifadələrinin alınması zərurəti yaranacağı halda iddia icraatına keçirilməli olacaqdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamə iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini apellyatora münasibətdə təmin etməkdə haqlı olmuşdur. Cavabdeh işə baxan məhkəməyə borcunun daha az olmasını təsdiq edən hər hansı sübut (ödəmə qəbzləri və s.) əlavə etməmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, işə MPM-in 284- 1-ci maddəsinə əsasən işə kişik iddia olduğu nəzərə alınaraq sadələşdirilmiş icraat qaydasında baxılmış, məhkəmə bildirişi apellyatora göndərilmiş, bunu təsdiq edən müvafiq poçt reyestri işə əlavə edilmişdir.
19. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı işə apellyasiya instansiyası məhkəməsində iddia icraatı qaydasında baxılması üçün əsaslar müəyyən edilmədiyindən bu barədə vəsatət təmin olunmadı və işə yazılı icraat qaydasında baxıldı.
20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya qaydasında mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.