Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6145/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə 22.10.2020-ci il tarixdə müraciət edərək Cavabdeh1 6495 (altı min dörd yüz doxsan beş) manat, Cavabdeh2 16951 (on altı min doqquz yüz əlli bir) manat, cavabdehlərdən müştərək qaydada auditin keçirilməsi xərci olan 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Outlet mağazasında Cavabdeh1 03.07.2017-ci il tarixində əmək müqaviləsi bağlamaqla xəzinədaradministrator vəzifəsində işə qəbul olmuşdur. O işə qəbul olunarkən özünün iştirakı ilə mağazada olan malların qalığı yoxlanılmış və bununla bağlı akt tərtib olunmuşdur. 16.10.2017ci il tarixində mağazanın kassasından özbaşına, iddiaçının icazəsi olmadan 619 manat məbləği götürmüşdür. Bundan sonra 17.10.2017-ci il tarixdə 18.10.2017-ci il tarixdən işdən çıxmasına dair ərizə verərək saat 15:20-də işi qoyub getmişdir. Cavabdeh1 işi qoyub getdikdən bir saat sonra 17.10.2017-ci il tarixində müştəri Nəbiyev Sevinc mağazaya gələrək 16.10.2017-ci il tarixdə mağazadan Cavabdeh1 25 manatlıq mal aldığını, Cavabdeh1 tərəfindən çek təqdim edilmədiyini və həmin 25 manat məbləğində olan malı qaytarmaq istədiyini bildirmişdir. Araşdırılma zamanı müəyyən olunmuşdur ki, həmin malın satışı mühasibat uçot 1C proqramında və nəzarət kassa aparatında qeydiyyatdan keçirilməmiş və 25 manat kassaya mədaxil edilmədən Cavabdeh1 tərəfindən 16.10.2017-ci il tarixində mənimsənilmişdir. 18 10 2018-ci il tarixdə Cavabdeh1 mağazaya gələrək həmin hadisə barədə isçi Cavabdeh2 məlumat almış və bundan sonra 25 manatı Cavabdeh1 cibindən Cavabdeh2 vermişdir. Bundan sonra 22.10.2017-ci mağazada inventar-təftiş keçirilmiş və 309 sayda 5876 manat məbləğində mal çatışmamazlığı müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib olunmuş və imzalanmışdır. Əmirov Nazım işə gəlmədiyi müddətdən sonra ünvan 2 ünvanında yerləşən “Outlet mağazasının faktiki idarəçiliyi mağazada əvvəldən 01 fevral 2017-ci il tarixində satıcı xəzinədar vəzifəsində işləmiş Cavabdeh2 şifahi tapşırılmışdır. Mağazada işləyən işçilər tərəfindən Cavabdeh2 mütəmadi olaraq telefon ilə Cavabdeh1la əlaqə saxladığı bildirilmişdir və mağazada 27 fevral 2018-ci il tarixində yenidən Cavabdeh2 iştirakı ilə inventartəftiş işləri keçirilmişdir. 27 fevral 2018-ci il tarixində keçirilən inventar-təftiş işlərinin nəticəsində mağazada 721 sayda 16951 manat məbləğində çatışmayan mallar müəyyən olunmuşdur. Həmin malların siyahısı tərtib olunmuş və axtarılması üçün siyahı işçilərə təqdim olunmuşdur. 04 mart 2018-ci il tarixdə Cavabdeh2 səhhəti ilə bağlı 06.03 2018-ci il tarixdən 09.03.2018-ci il tarixə qədər 3 gün müddətinə icazə ərizəsi ilə müraciət etmiş və 06 03.2018-ci il tarixdən işə gəlməmişdir. 10.03.2018-ci il tarixdən başlayaraq dəfələrlə Cavabdeh2 yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o işə çıxmamışdır. Premium Audit MMC ilə bağlanmış 29 oktyabr 2018-ci il tarixli müqaviləyə (əlavə olunur) əsasən audit keçirilmiş və müstəqil auditorun rəyinə əsasən iddiaçıya dəymiş ziyan 23446 manat məbləğində müəyyən edilmişdir (müstəqil auditorun rəyi əlavə olunur) audit keçirilməsinə görə iddiaçı tərəfindən Premium- Audit MMC-yə 2000 manat xidmət haqqı ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2017-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh1 “Outlet” mağazasında xəzinədaradministrator vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01.02.2017-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh2 “Outlet” mağazasında satıcı-xəzinədar vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01.02.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətinə əsasən Cavabdeh2 tutduğu vəzifəsinə uyğun olaraq əmək fəaliyyəti prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın, pul vəsaitlərinin və digər maddi sərvətlərin saxlanılması, satışı, istifadəsi və başqa əməliyyatlarların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə işəgötürən qarşısında tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətinə əsasən Cavabdeh1 tutduğu vəzifəsinə uyğun olaraq əmək fəaliyyəti prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın, pul vəsaitlərinin və digər maddi sərvətlərin saxlanılması, satışı, istifadəsi və başqa əməliyyatlarların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə işəgötürən qarşısında tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında "xxxx" MMC-nin 29.11.2018-ci il tarixli müstəqil auditor rəyinə əsasən auditə təqdim edilmiş sənədlər və sahibkara məxsus 1S proqramına əsasən Cavabdeh1 hüquqi əsas olmadan kassadan götürdüyü 619 manatdan əlavə, mal çatışmazlığı nəticəsində 5876 manat dəyərində, Cavabdeh2 isə mal çatışmazlığı nəticəsində 16951 manat məbləğində, cəmi mal çatışmazlığı nəticəsində 22827 manat və 619 manat hüquqi əsası olmadan götürülən pul vəsaiti ilə birlikdə sahibkar İddiaçı ümumilikdə 23446 manat məbləğində ziyan vurulmuşdur. 07.07.2017-ci il tarixli etibarnnamədən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 dövlət və qeyri dövlət orqanlarında nümayəndəsi olmağı, banklarda hesab açmaq, hesaba pul qoymaq, çıxartmaq, bütün əməliyyatlarla bağlı imza etməyi kassa aparatı, post terminal almaq, əmanətlərin sığortalanması və bu kimi tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar həırəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan 2017-ci ilin sentyabr ayında imzalanmış ərizələrdən müəyyən olunur ki, X1, Şahid1, Cavabdeh2, X4 iyul-avqust ayları üzrə əmək haqqını administratorkassir Cavabdeh1 almışlar. İş materiallarında olan 16.10.2017-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 sentyabr əmək haqqısı və oktyabr avansı olaraq 619 manat məbləğində pul almışdır. İş materiallarında olan Cavabdeh2, Şahid2, X3 tərəfindən tərtib edilmiş 17.10.2017-ci il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında yerləşən “Outlet” mağazası 17.10.2017-ci il tarixdə saat 16:18-də müştəri Nəbiyev Sevinc yaxınlaşaraq “Tuc-tuc” brendinə məxsus malın 25 manat dəyərində malın ödənişini Cavabdeh1 verdiyini, lakin xəzinədar-administratorun qəbzi vermədiyini, malı satış etmədən müştəriyə verdiyini bildirmişdir. 25 manat kassaya mədaxil edilməmiş, Cavabdeh1 tərəfindən götürülmüşdür. Akt Cavabdeh2, Şahid2, X3 və Nəbiyeva Sevinc tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Xətai rayon Prokurorluğunun 23.05.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd olunması” haqqında qərarının surətinə əsasən Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mağazada işləyərkən malları sayır, qüsurlu malları geri qaytarırdılar. İnventarlaşdırmada iştirak etmişdir. Mallar aparatla vurulurdu. İnventarizasiyada Firuz da iştirak etmişdir. Malın kassaya vurulmaması məsələsi olmamışdır. Çatışmayan məbləğ 10000 manatdan çox idi. İşə daxil olarkən tam maddi məsuliyyət müqaviləsi bağlanılır. Administratorun kassadan pul götürüb özünə maaş yazmaq hüququ yox idi. O özü ən çox 100 manat məbləğində cərimə olunmuşdur. 3 dəfə inventarizasiyada iştirak etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, həmin mağazada 3 ay işləmişdir. Tez-tez cərimə olunduqları üçün maaşı tam ala bilmirdilər. Çatışmayan malların 50%-ni tapa bilsələr də, tapılmayan malların məbləği ümumi işçilərdən tutulurdu. O, ən çox 120 manat məbləğində cərimə olunmuşdur. Həmin mağazadan oğurluq etmək qeyri-mümkündür. Çünki iş vaxtı sadəcə oturanda belə kameradan görüb zəng edərək irad tuturdular. Firuzla bağlı qəbuletmə inventarlaşdırılmasında iştirak etməmişdir. Kassada əsasən administrator olurdu. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iş vaxtı saat 10:00-dan 20:00-a qədər idi. Hər ay qüsurlu mallar tutulurdu. Nazim işdən çıxanda inventarizasiyada iştirak etməmişdir. Aktın mətnindən xəbəri yoxdur. Müştərinin malı bəyəndikdən sonra malın kassaya vurulmaması halının şahidi olmayıb. Əmək haqqını Nuranə xanım verirdi. O, aktl imzalasa da aktın məzmunundan xəbəri olmamışdır. Həmin mağazadan oğurluq etmək mümkün deyil. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, satıcı işləmişdir. İnventarizasiyada beş dəfə iştirak etmişdir. İşdən çıxmasının səbəbi cərimələrin çox olması olmuşdur. Müştərinin bəyənərək apardığı bəzi malları kassaya vurmamaq halları olurdu. Oradan oğurluq edilməsi mümkün deyil, hər yer kamera ilə müşaiyət olunur. Hətta adi xırda səhvlərə görə belə kameradan baxıb irad tutulurdu. Onları işdən çıxanda yoxlayırdılar. İşçilərə bildirilmişdir ki, mal kassaya vurulduqdan sonra geri qaytarılmır və dəyişdirilmir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, inventarlaşdırılmada iştirak etməmişdir. Mağazada işlədiyi müddətdə 300 manat maaş almışdır. Firuzla işləmişdir. Əmək haqqını onlara administrator verirdi. Mağazada kassaya malın vurulmaması halının şahidi olmayıb. Aktlarda onun imzasının olmasına baxmayaraq, aktın mətnini oxumamışdır, mahiyyətindən xəbəri yoxdur. İddiaçı tələbində qeyd etmişdir ki, cavabdehlərlə tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmışdır, audit keçirilmiş və müstəqil auditorun rəyinə əsasən iddiaçıya dəymiş ziyan 23446 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyanın və auditin keçirilməsi üçün çəkilən xərcin cavabdehlərdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tam maddi məsuliyyət haqqında müqaviləyə istinad edir, həmin müqavilədə qeyd olunur ki, işçi bu Müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. Hazırki iş üzrə isə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi həmçinin şahid ifadələrinə istinad etmiş, eyni zamanda iş üzrə keçirilmiş audit rəyini mötəbər sübut kimi qiymətləndirməmiş, belə ki, rəydə də qeyd olunur ki, rəy yalnız araşdırmaya təqdim olunmuş materialların araşdırılması məqsədi daşıyır və maliyyə hesabatlarının düzgünlüyünün təsdiqi deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı ona cavabdehlərin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının təqdim etdiyi müstəqil auditor rəyinə istinad edilməsi əsassızdır. Belə ki, qeyd olunan rəydə göstərilir ki, iddiaçıya ümumilikdə 23446 manat məbləğində ziyan vurulmuşdur, lakin rəydə göstərildiyi kimi əlavə götürülən eləcə də mal çatışmazlığı nəticəsində götürülən məbləğlər işin halları ilə təsdiq edilməmiş, audit yoxlaması keçirilən zaman cavabdehlərin iştirakı təmin edilməmiş, iş üçün əhəmiyyətli sənədlər iş materialına əlavə edilməmiş, ümumilikdə iddiaçı istinad etdiyi hallara dair tutarlı sübutları təqdim etməmişdir. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6145/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6145/2021
01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver