Məhkəmə qərarları › İş №2(103)-6149/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6149/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6149/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əsbənd oğluna qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əsbənd oğlundan onun xeyrinə birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü x 3 yaşına çatanadək hər ay ödənilməli olan sabit pul məbləğində 100 manat alimentin və hər il uşaqların saxlanması üçün müəyyən edilən yaşayış minimumu məbləğindən az olmayan (2020-ci il üçün artırılaraq hər ay sabit pul məbləğində-170 manat) məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5482/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh və onun arasında xx.xx.2017-ci il tarixində 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 786 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, onların birgə nikahından dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü x-nin anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixindən etibarən hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat aliment tutulması qət olunmuşdur. Cavabdeh övladı ilə maraqlanmır, övladının bütün ehtiyaclarını o, təkbaşına ödəyir. Uşaq böyüdükcə onun artan tələbatlarını qarşılamaqda çətinlik çəkir, mövcud iqtisadi şəraitdə onun üçün ödənilən alimentin məbləği onun ehtiyaclarını ödəmir. Cavabdeh işləyir və kifayət qədər gəliri var. O isə işsizdir və körpə uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Hesab edir ki, bütün bunlar nəzərə alınaraq, övladı x üç yaşına çatana kimi cavadeh ona aliment ödəməlidir və cavabdehlə birgə nikahdan olan övladlarının mənafeyi nəzərə alınaraq cavabdehin x yetkinlik yaşına çatanadək ona ödəməli olduğu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər il uşağın saxlanması üçün müəyyən olunan yaşayış minimumundan az olmayan məbləğə artırılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 1198/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-cu il tarixli, 2(005)-5482/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh Əsbənd oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü x-nın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin hesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçıapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından olan övladı doğulduğu gündən cavabdeh onunla maraqlanmamış, bütün məsuliyətini onun üzərinə qoymuşdur. Təyin olunan aliment məbləği övladının təlabatlarını ödəmir, övladının ehtiyacları onun valideynləri tərəfindən qarşılanır. Bundan başqa övladının yaxşı şəraitdə və sağlam böyüməsi üçün əlavə xərcləri də valideynləri ödəyir. 2019-cu ildə nikahin pozulmasına dair iddia qaldırmışdır. Həmin dövrdə üç yaşına kimi qulluğa görə aliment tələbinə dair iddia qaldırmaq hüququ olsa da, belə bir tələbi olmayıb. Uşaq böyüdükcə təlabatı artır və bu hüquqdan istifadə etmək zərurəti yaranıb. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-5482/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə x qızının xx xxxxx 2017-ci ildə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış və 786 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması. xx.xx.2018-ci il təvəllüdlü x iddiaçı (anası) Sadıqova (Zamanova) Vüsalə Sərdar qızının yanında saxlanılması. Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü x qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində - 160 manat aliment hesablanaraq iddiaçı X qızının xeyrinə tutulması qət edilmişdir. Hazırki iş üzrə İddiaçı alimentin artırılmasını və uşaq 3 yaşına çatanadək hər ay ödənilməli olan sabit pul məbləğində 100 manat alimentin tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsini xahiş etsə də, apelyasiya şikayətində yalnız iddianın təmin edilməmiş 100 manat məbləğin tutulmasının rədd edilməsinə dair hissəsini mübahisələndirmiş, azyaşlı uşağın saxlanmasına görə ödənilməli olan aliment məbləğinin 170 manat həddində müəyyən edilməsi hissəsini isə mübahisələndirməmişdir. Üstəlik, iddiaçı öz iddia tələbində azyaşlı uşağa görə tutulan 160 manat alimentin məbləğinin artırılaraq, yaşayış minimumundan az olmayan həddə aliment tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı həmin hissədə təmin edərək, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 160 manat aliment məbləğini «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunla müəyyən edilmiş həddə – 170 manata qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissəsi tam təmin edildiyindən və apellyasiya şikayətində iddiaçı həmin hissəni mübahisələndirmədiyindən, apellyasiya baxışının hədləri iddianın yalnız təmin edilməyən hissəsi ilə məhdudlaşır. İddia tələbinin uşaq 3 yaşına çatanadək iddiaçıya hər ay sabit pul məbləğində 100 manat aliment ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı məhkəmə iclasında izahat verərək Cavabdeh belə vəsaitə malik olmasını şifahi olaraq bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin iddia tələbini uşağı saxlamaqda çətinlik çəkməsi və uşağın mənafeyinin nəzərə alınmalı olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin keçmiş ər-arvadın aliment öhdəliklərini tənzimləyən 85.1.1-ci maddəsi təşkil edir. Həmin maddənin məzmununa görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Bu normanın dispozisiyasının zəruri şərti, qeyd edilən aliment məbləğini ödəməli olan keçmiş ərin (arvadın) buna zəruri vəsaitə malik olmasıdır. Göründüyü kimi keçmiş ər-arvadın aliment öhdəliklərini tənzimləyən hüquq münasibəti valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi ilə bağlı hüquq münasibətlərindən öz təbiəti etibarı ilə fərqlənir. Yəni, qanunverici valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini və bununla bağlı aliment ödəməsi öhdəliyini qeyd-şərtsiz müəyyən etsə də, keçmiş ər-arvadın aliment almaq hüququnu aliment ödəməli olan tərəfin zəruri vəsaitə malik olması ilə şərtləndirmişdir. Bu səbəbdən məhkəmə kollegiya hesab edir ki, İddiaçı həmin iddiası AM-nin 85.1.1ci maddəsinin dispozisiya şərtinə cavab vermir. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü Sadıqova Rövşanə Məhəmməd qızı 3 yaşına çatanadək hər ay ödənilməli olan sabit pul məbləğində 100 manat alimentin tutularaq ona ödənilməsi barədə İddiaçı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, habelə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 1198/2020 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar