Məhkəmə qərarları › İş №2(103)-6149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6149/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6149/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(002)-68/21 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 5000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Həşimova, iş № 2(002)-68/21) iddia qismən təmin edilərək Cavabdeh 1129 (bir min yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 1159 (bir min yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanda yuxarı mərtəbədə olan 5 saylı mənzildə isə cavabdeh ailə üzvləri il birlikdə yaşayır. Cavabdehə məxsus mənzildən 2018-ci ildə tarixdən hal-hazıra kimi onun evinə hamamdan su axıdılması nəticəsində mənzilin mətbəxinin tavanı divarları, mətbəx mebeli, otaqların tavanı və divarı yararsız hala düşməklə tamamilə sıradan çıxmışdır. Həmçinin, suyun axması nəticəsində lampalara, elektrik naqillərinə də ciddi ziyan dəymiş, suyun axıdılması nəticəsində mətbəxdə yerləşən paltaryuyan maşını da xarab olmaqla işlək vəziyyətdə deyildir. Mənzilin təmirə ehtiyacı vardır. Bu barədə dəfələrlə cavabdehə məlumat versə də, heç bir nəticəsi olmamışdir. Hətta bu barədə MKİS-yə də şikayət etmiş, onlar da gəlib vəziyyətlə tanış olub bu barədə akt tərtib etmişlər. Cavabdehin evindən onun evinə su axması nəticəsində bərbad olan hissələrin təmiri üçün 5000 manat məbləğində pul lazımdır. Cavabdehə bu barədə bildirsə də o, buna laqeydlik etməklə düzəltmək fikrində deyildir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, bir dəfə qəza olduğu zaman onun evindən cavabdehin evinə suyun axıdıldığını bildirərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-cu il tarixli 10/3947 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsindəki 12 saylı binanın 2-ci mənzilinin tavanında və divarlarında su sızma ləkələrinin olduğu müəyyən edilmişdir. Eləcə də mülki iş materiallarında olan, 150 saylı MKİS-in əməkdaşları tərəfindən 2 saylı mənzilə baxış keçirilmiş və bu barədə 10.01.2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, 12 saylı binanın 2 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən olunur. 5 saylı mənzilə baxış keçirilən zamanı, həmin mənzilin mətbəxində və sanitar qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Eyni zamanda cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 2 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır (qərardadın 1 və 3-cü sualları). Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsindəki 12 saylı binanın 2-ci mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyun olaraq təqribən 1129,0 manat məbləğində müəyyən edilir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, onların yaşadığı ev çox köhnə tikilidir və binanın daxili su xətləri köhnəlib, yararsız hala düşmüşdür. Ona görə də yaşayış mənzillərinə su sızması tez-tez baş verir. Onun yaşadığı mənzildə də su xəttindən su sızması nəticəsində tavan tamamilə yararsız hala düşmüşdür. Bundan başqa, 2019-cu il tarixdə onların yaşadığı binanın yaxınlığındakı uşaq bağçasında təmir işləri aparılmışdır, təmir işləri zamanı onların binasına da su yüksək təzyiqlə vurulmuşdur və bununla bağlı su xətlərində su sızmaları baş vermişdir. Bu zaman onların, eləcə də iddiaçının mənzilinə su sızmaları baş vermişdir. Ona görə də iddiaçının mənzilində su xətlərindəki sızmaların onlara heç bir aidiyyəti yoxdur. Ekspert rəyində də göstərilir ki, 2 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, iddiaçının yaşadığı 2 binanın 2 saylı mənzilinə su sımasının səbəbləri araşdırılmamışdır, onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılması sübut olunmur. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin faktiki hallarından gprünür ki, tərəflər Bakı şəhər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsindəki 12 saylı evdə yaşamaqla qonşudurlar. İddiaçı binanın 2 saylı mənzilində, cavabdeh isə 5 saylı mənzilində yaşayır. İddiaçı yaşadığı mənzilin mətbəxinə cavabdehin yaşadığı 5 saylı mənzildən su sızması nəticəsində mənzilinə ziyan dəydiyini bildirərək hazırkı iddiaçı qaldırmışdır. İddiaçının tələbi vurulmuş ziyana görə cavabdehdən 5000 manat pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsindəki 12 saylı evin 2-ci mənzilinə həmin evin 5-ci mənzilindən su axıdılması nəticəsində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal dəymiş maddi ziyanın məbləğidir. İddiaçının vəsatəti ilə təyin edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli 10/3947 nömrəli ekspert rəyi ilə 2 saylı mənzilə 1129 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş maddi ziyanın məbləği ilə bağlı digər heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi bunu nəzərə alaraq hazırkı iş üzrə ekspertiza rəyini mötəbər sübut kimi qəbul etmiş və cavabdehdən maddi ziyan kimi 1129 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlmişdir. Apelyator ekspert rəyinə istinad edərək göstərir ki, 2 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, iddiaçının yaşadığı 2 saylı mənzilə su sımasının səbəbləri araşdırılmamışdır, onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılması sübut olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki: - Bakı şəh, Qaradağ ray, Lökbatan qəs, Nərimanov küçəsindəki 12 saylı binanın 2-ci mənzilinə yuxarı mərtəbədəki 5-ci mənzildən suyun sızması müəyyən olunur. - 5 saylı mənzilin mətbəx və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə olunmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Göründüyü kimi, sınaq yolu ilə sanitar texniki qurğular və borular yoxlanılmış, onlardan su sızması halı müəyyən edilməsə də, 5 saylı mənzildən 2 saylı mənzilə su sızması müəyyən olunmuşdur. Həmçinin, cavabdeh özü də birinci instansiya məhkəməsində izahat verərkən bir dəfə qəza olduğu zaman evindən cavabdehin evinə su axıdıldığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qətnamənin yalnız iddianın təmin olunan hissəsində mübahisələndirildiyini, bu hissənin cəmi 1129 manat təşkil etdiyini, eləcə də iddianın təmin olunmayan hissəsinin iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən MPMnin 404-1-ci maddəsinin tələbinə müvafiq olaraq kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar