Məhkəmə qərarları › İş №2(103)-6151/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6151/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6151/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı deyil. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, iddiaçı müqavilə aidiyyətinə istinad edərək iddia ərizəsini Yasamal Rayon Məhkəməsinə verib. Mülki-Prosessual Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Tərəflər hazırkı işin ərazi aidiyyəti ilə bağlı müddəaları 13.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 5.4 və 5.5-ci bəndlərində müəyyən ediblər: 1-ci, mübahisə Bakı şəhəri məhkəmələri vasitəsilə həll ediləcək; 2-ci, mübahisə iddiaçının (tələbkarın) fəaliyyət göstərdiyi rayonun məhkəməsinə verilə bilər. 1-ci qayda əhəmiyyətsizdir, çünki Bakı şəhərinin hansı məhkəməsinin nəzərdə tutulduğu göstərilməyib. 2-ci qayda isə iddia ərizəsini Yasamal Rayon Məhkəməsinə vermək səlahiyyəti vermir, çünki iddiaçının hüquqi ünvanı Sumqayıt şəhərində yerləşir. O cümlədən cavabdeh Laçın rayonunda qeydiyyatdadır. Beləliklə, ərazi aidiyyətinə görə hazırkı iddia ərizəsinə Yasamal Rayon Məhkəməsində baxılmalı deyil. Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar