Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6152/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Ağayev Namik Elxan oğlunun cavabdeh Abbasov Vidadi Cavad oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2066/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ağayev Namik Elxan oğlu cavabdeh Abbasov Vidadi Cavad oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abbasov Vidadi Cavad oğlundan 10.700 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 24 iyun 2020ci il tarixdə notariat qaydasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə 10700 manat məbləğində borc pul vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh hər ay 1700 manat iddiaçıya ödəməli di. Müqavilənin müddəti 01.07.2021-ci il tarixə kimi nəzərdə tutulmuşdur. Müqavilə imzalandığı vaxtdan bugünədək heç bir pul ödənilməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Borcun ödənilməsi barədə yazılı şəkildə cavabdehə pretenziya məktubu ilə müraciət olunmuşdur. Buna görə də, o, pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2066/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan borc pul almamış, notariat kontorunun depozit hesabına yatırılan pul məbləği iddiaçının özünə aiddir, sadəcə ona hədə qorxu gələrək müqavilə bağlamağa məcbur etmişdir. Həmçinin, məhkəmə notariat kontorunu və Yasamal rayon Polis İdarəsini üçüncü şəxs qismində işə cəlb etməmişdir. Qeyd edir ki, o, iddiaçıdan 10700 manat məbləğində pul almamış və iddiaçı ona o pulu verməmişdir. Kredit müqaviləsi hansı notariat ofisində bağlanması barədə ona sənəd təqdim edilməlidir. İddiaçı onu böhtan xarakterli, ondan pul almaq məqsədilə Yasamal Rayon Polis İdarəsinə şikayət edərək, dələduzluq yolu ilə ondan 10000 manat pul aldığı barədə şikayət vermişdir. Bundan sonra iddiaçı ondan Bakı şəhəri Baş Polis İdarəsinə şikayət verərək eyni qaydada ondan pul tələb etmişdir. Polis idarəsində heç-bir sübut olmadığı halda, işin hansı qaydada bağlanması ona məlum olmadığı halda, sadəcə ona təsir edərək, hədə-qorxu ilə notariat ofisinə apararaq, notariusun yanında öz pulunu notariusun depozit hesabına ödəyərək, həmin hesabdan da saxtakarlıq yolu də öz pulunu özünə götürərək süni formada onu özünə borclu etmişdir. Hesab edir ki, bu hissədə tam araşdırılma aparılmalıdır, notarius üçüncü şəxs qismində işə cəlb edilməli, video görüntülər məhkəməyə təqdim edilərək, iş materialları araşdırma ilə bağlı istintaq orqanına göndərilməlidir. Qeyd edilənlərdən aydın görünür ki, MM-nin 390, 390.1-ci maddələrinin tələbi pozulmuşdur. Eləcə də sözügedən müqavilə təsir altında, saxtakarlıqla, ona heç bir pul vəsaiti verilmədən, notariusla əlbir olaraq iddiaçı öz pulunu öz adına onu özünə qanunsuz hədə-qorxu ilə borclu etmək məqsədilə bağladığı kredit müqaviləsi və notariusun depozit hesabına öz pulunu qoyaraq, özü tərəfindən götrürərək həmin pula onun əli toxunmadan özündə saxlayaraq ona qarşı qaldırdığı iddia ərizəsində MM-nin 385.1, 386.1, 425.1, 428.4, 439.1, 739.1, 739.2, 740.2-ci maddələrinə istinad edilməsi əsassızdır. Çünki, müqavilə qanunsuz bağlanılmış və ona pul verilməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bununla belə, o, bu xahişini əsaslandırmamış və məhkəmə bu səbəbdən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və notarial qaydada təsdiq edilmiş 24.06.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Ağayev Namik Elxan oğlu Abbasov Vidadi Cavad oğluna 10700 manat məbləğində pul borc vermişdir. Borc alan krediti 01.07.2020-ci il tarixədək 1700 manat, qalan 9000 manat məbləğini isə hər ay 750 manat ödəmək şərtiylə 01.07.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının Vidadi Abbasova qarşı tələbi 24.06.2020-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Vidadi Abbasov üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində borc pul götürmədiyini irəli sürsə də, bu halı təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya, həmçinin, cavabdehin müqaviləni hədə qorxu nəticəsində imzaladığı arqumentlərinidə əsassız hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdehin hədə qorxu altında müqaviləni imzalaması mülahizəsi öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2066/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6152/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6152/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver