Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6152/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 327G nömrəli kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15.200 (on beş min iki yüz) manat məbləğində kredit verilmişdir.
2. “Borcalan”a verilən vəsaitdən istifadə müddəti 36 (otuz altı) ay olmuş və kredit vəsaitin istifadə müddəti 16 avqust 2016-cı il tarixdə bitmişdir.
3. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 327G saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq “X5 5minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, banLGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobil ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə bağlı İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh aid sənədlər S-AVK-1435 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir.
5. İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin – Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə (elektron məhkəmə informasiya sisteminə əsasən) xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmış, iddiaçı “X2 edilməsi Agentliyi” MMC ərizə ilə 12 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin restrukturizasiyası müqaviləsinin bağlanması ilə əlaqədar Cəmiyyətə müraciət etmədiyinə istinad edərək, iddianın baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(009)-2430/2019 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair iddiaçı “X2 edilməsi Agentliyi” MMC-nin ərizəsi geri qaytarılmış və iddiaçıya (iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra) ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 9735,51 (doqquz min yeddi yüz otuz beş manat əlli bir qəpik) manat, faiz borcu üzrə 2504,82 (iki min beş yüz dörd manat səksən iki qəpik) manat olmaqla, cəmi 12240,33 (on iki min iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 248,08 (iki yüz qırx səkkiz manat səkkiz qəpik) manat və ödənilmiş 126,72 (bir yüz iyirmi altı manat yetmiş iki qəpik) məbləğində dövlət rüsumunun, o cümlədən müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ödənilmiş 50 (əlli) manatın İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “X5 5-minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, banLGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1435 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 327G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15200 (on beş min iki yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X5 5-minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, banLGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobil xx.xx.2013-cü il tarixdə, 327G saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 097417 nömrəli «ipoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 15200 (on beş min iki yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3 bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3.bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 9735,51 (doqquz min yeddi yüz otuz beş manat əlli bir qəpik) manat, faiz borcu üzrə 2504,82 (iki min beş yüz dörd manat səksən iki qəpik) manat olmaqla, cəmi 12240,33 (on iki min iki yüz qırx manat otuz üç qəpik) manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia müddətinə riayət edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 2430/2019 saylı qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamasıda qeyd edilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırırlar ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.2). Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.3). Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 4076 saylı bildiriş məktubu göndərilsə də cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edirlər ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-923/2022 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddəti ötürülməklə iddia ərizəsi məhkəməyə verildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-923/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcunun olmasını qəbul etsə də, iddiaçının iddia müddətini ötürməsi əsası ilə hesab edir ki, həmin borc ondan tutulmamalıdır.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
22. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli Qərarı:
24. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı:
25. «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.».
26. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı: 27.«Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.»
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı:
28. «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.»
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Belə ki, iş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə, o cümlədən cavabdehin nümayəndəsinin etiraf xarakterli izahatı ilə mübahisəsiz qaydada müəyyən edilir ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 327G nömrəli kredit müqaviləsi bağlannmış, müqaviləyə əsasən Cavabdeh illik 18% olmaqla, 36 ay müddətinə 15.200 (on beş min iki yüz) manat məbləğində kredit verilmiş, onların arasında bağlanmış eyni tarixli digər müqavilə ilə Cavabdeh məxsus olan “X5 5-minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, ban LGWDBE172DC655471, rəngi - yaşıl metalik) avtomobil kredit müqaviləsinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müəyyən müddət ödəniş etdikdən sonra bank qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişləri dayandırmış, nəticədə onun banka 9735,51 manat əsas, 2504,82 manat faiz borcu olmaqla, cəmi 12.240,33 manat borcu yaranmışdır.
33. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, "xxxx" ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.
34. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5-ci bəndindən görünür ki, kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Kredit vəsaitinin istifadə müddəti 16 avqust 2016-cı il tarixdə bitir.
35. Hazırkı iddia tələbi həmin kredit müqaviləsinə əsasən irəli sürüldüyündən, Mülki qanunvericiliyin tələblərinə əsasən bu iddia üzrə müddətin axımı da müqavilədə nəzərdə tutulmuş onun icrası müddətinin bitdiyi 16 avqust 2016-cı il tarixdən başlanmış və 3 illik iddia müddəti 16 avqust 2019-cu il tarixdə başa çatmışdır.
36. İş üzrə iddiaçı isə 14 avqust 2019-cu il tarixdə, yəni iddia müddətinin bitməsinə iki gün qalmış məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
37. Qeyd edilən işin baxılmamış saxlanması Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə əlaqədar olmuşdur.
38. Həmin Fərmanın tətbiqi ilə bağlı qəbul edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 27 mart 2019-cu il tarixli Qərarının 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması müəyyən edilmişdir.
39. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün bildiriş məktubu xx.xx.2020-ci il tarixdə yəni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu üçün müəyyənləşdirilmiş son tarixdən təxminən 8 ay sonra göndərilmiş, lakin cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir.
40. Göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanmasına səbəb olmuş hal, yəni adıçəkilən Fərmanın tətbiq edilməsi ilə bağlı tədbir görülmüş, lakin zəruri nəticə əldə edilməmiş və iddiaçı borc tələbi ilə bağlı iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını 2021-ci ilin oktyabr ayında, yəni borcun restrukturizasiyası ilə bağlı bildirişin göndərilməsindən bir ildən də artıq müddət keçdikdən sonra xahiş etmişdir.
41. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilmədikdən və iddiaçıya eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququ izah edildikdən sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə yəni, təxminən 6 ay sonra müraciət etmişdir.
42. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən borc tələbinə dair iddia ərizəsi 2019cu ildə baxılmamış saxlandıqdan sonra həmin ərizənin baxılmamış saxlanmasına səbəb olmuş hal - Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə bağlı tədbirlər başa çatdıqdan və tərəflər arasında borcun restrukturizasiyasına dair razılıq əldə edilmədikdən sonra iddiaçı yenidən məhkəməyə ağlabatan müddətlər çərçivəsində müraciət etməmiş və bunu hər hansı bir üzrlü səbəblə əsaslandıra bilməmişdir. Bununla da iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür.
43. Ona görə də, cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti düzgün tətbiq edilərək iddia rədd edilmişdir.
44. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
45. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-923/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.