Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6153/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "Atrabank” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, e-2(001)-2242/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "Atrabank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 258 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 30% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1.900 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Eyni zamanda, iddiaçı "Atrabank” ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür.
3. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, yaranmış borc məbləği haqqında məlumat verilmiş və borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda kredit müqaviləsi üzrə yaranmış borcun tam şəkildə qaytarılmasının təmin edilməsi üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
4. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı ilk dəfə xx.xx.2019-cu il tarixdə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin müqavilə üzrə cavabdehlərdən 1.613,72 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 777,62 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% faiz dərəcəsi ilə hesablanmış 224,18 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.374,03 ABŞ dolları məbləğində cərimə, cəmi 3.989,55 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
5. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8698/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır.
6. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2762/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.
7. Qeyd edilən fərmanın icrası qaydasında əsas borcdan 569,53 ABŞ dolları məbləğində pul silinmişdir. Bundan sonrakı dövr ərzində də cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.613,72 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1.590,76 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% faiz dərəcəsi ilə hesablanmış 346,06 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.276,09 ABŞ dolları məbləğində cərimə, cəmi 4.826,63 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilk dəfə qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə 2019-cu ilin noyabr ayında, yəni iddia müddəti ötürülməmiş qaldırmışdır. Lakin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırki iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə baxılmamış saxlanılmışdır. Buna baxmayaraq, cavabdehlər, xüsusilə də Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması üçün iddiaçıya müraciət etməmişdir. Bununla belə, iddiaçı hazırki iddianı qaldırmaq üçün iddia müddətini ötürməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadına uyğun olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi (pretenziya) qaydasına əməl etmiş, lakin bunun bir nəticəsi olmadığından hazırki iddia ilə yenidən məhkəməyə müraciət etmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, e-2(001)- 2242/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin Cavabdeh1 iddia müddətinin ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim etməklə hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edir. Bu da öz növbəsində bu ərizəyə hüquqi qiymət verilməsinə, o cümlədən bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2016-cı il tarixdə bitmiş, bu müqavilə üzrə son ödəniş isə xx.xx.2015-ci il tarixdə olmuşdur. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə xx.xx.2019-cu il tarixdə (tələb etmə müddətini pozmadan) iddia qaldırsa da, sonradan həmin iddia xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanılmış, bununla da iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir Bundan sonra isə iddiaçı hazırki iddianı yalnız 2 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia tələbi “kredit müqaviləsi üzrə Cavabdeh1 borcun tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin dəlillərini, o cümlədən hazırki iddianın xx.xx.2019-cu il tarixdə məhkəmə qaydasında baxılmamış saxlanılması ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilk dəfə hazırki cavabdehlərə qarşı eyni kredit müqaviləsi üzrə yaranmış kredit borcunun və əldən çıxmış faydanın tutulması tələbinə dair iddianı xx.xx.2019-cu il tarixdə qaldırmışdır. Bu müqavilə üzrə tələb etmə müddətinin xx.xx.2019cu il tarixdə bitməsi nəzərə alındığı halda, iddiaçı müddət etibarı ilə iddia müddətini ötürməmişdir. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8698/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır. Belə ki, qeyd edilən Fərmana uyğun olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu restrukturizasiya olunmalı olan kreditlərə aid edilmişdir. Bununla belə, həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2019cu il tarixdə, yəni kredit müqaviləsi üzrə iddia müddətinin bitməsinə 1 ay 12 gün qalmış kəsilmişdir. Lakin həmin iddianın məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılması və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadla bu nəticə ilə razılaşması xx.xx.2019-cu il tarixədək (iddia irəli sürülən tarix) başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsini şərtləndirmişdir. İddia qaldırılan tarixədək də iddia müddətinin bitməsinə 1 ay 12 gün qalması nəzərə alındığı halda, müqavilə üzrə iddia müddəti xx.xx.2020-ci il tarixdən 1 ay 12 gün sonra bitmişdir. Məhkəmə o halı da nəzərə almışdır ki, iddianın baxılmamış saxlanılmasının konkret hüquqi əsası və səbəbi olmuşdur. Bununla bağlı qeyd edilən qərardadda iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Başqa sözlə, fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Bu baxımdan məhkəmə Fərmanın icrası müddətinin xx.xx.2019-cu il tarixdə bitməsini nəzərə alıb, qeyd etmişdir ki, həmin tarixədək zəruri prosedurlara sərf edilmiş və iddia müddətinə daxil edilməli olmayan ağlabatan müddət məhz xx.xx.2019-cu il tarixi ilə məhdudlaşdırılmalıdır. Halbuki, araşdırma zamanı həmin qərardadın icrası ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbirin görülməsi, o cümlədən iddiaçının (kreditorun) borcun restrukturizasiya olunması barədə müqaviləni bağlamaq təklifi ilə cavabdehə (borcluya) hər hansı formada müraciət etməsini təsdiq edən hər hansı sübut mövcud deyil və mövcud ola da bilməzdi. Belə ki, iddiaçı qeyd edilən qərardadı mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin vaxt isə Fərmanın icrası müddəti artıq bitmişdir. Bununla belə, müddətin axımının xx.xx.2020-ci il tarixdən davam etməsi əsas götürüldüyü halda, hətta həmin tarix əsas götürülməklə iddia müddətinin qalan hissəsi altı aya qədər uzadıldığı halda (halbuki, belə bir hal mövcud deyil) belə kredit müqavilə üzrə iddia müddəti ötmüş olur. Belə ki, hazırki iddia yalnız xx.xx.2022-ci il tarixdə qaldırılmışdır. Başqa sözlə, xx.xx.2020-ci il tarixli qərardad qəbul edildikdən sonra iddiaçı hər hansı hərəkət etməmiş və bu tarixdən 2 ildən artıq müddət ötdükdən sonra hazırki iddianı qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi “kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edilən “kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması” tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini nəzərə alıb, hesab etmişdir ki, iddia üzrə əlavə tələb qismində çıxış edən “kredit müqaviləsi üzrə borcun cavabdeh (zamin) Cavabdeh2 tutulması” tələbi üzrə də iddia müddəti keçmişdir və bu səbəbdən bu tələb də rədd edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilmədiyi təqdirdə də, zamin Cavabdeh2 qarşı iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından rədd edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu baxımdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək (kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir) iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə (4 ildən artıq müddət keçdikdən sonra) iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu müddət hətta iddiaçı ilk dəfə, yəni xx.xx.2019-cu il tarixdə iddia qaldırılan vaxt artıq bitmişdir. Bununla belə, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 369.1, 372.1, 373.2, 375.2, 376, 377.2, 380.1, 381.1, 477.0.4, 554.1, 554.3, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası MM-nin “iddia müddətinin bərpası” adlı 382-ci maddəsinə əsasən, idiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Belə ki, qeyd olunan normada fiziki şəxs olan iddiaçıdan bəhs edilsə də, normanın analogiyasını aparsaq və nəzərə alsaq ki, MPM-in 50.1-ci maddəsinə əsasən, “prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.”, belə nəticəyə gəlmək olur ki, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq iddiaçı özündən asılı olmayan səbəblərdən iddia müddətini ötürsə, məhkəmənin üzrlü saydığı müstəsna hallarda şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Cavabdehlə bank arasında xx.xx.2015-ci il tarixində kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2016-ci il tarixdə başa çatmışdır. Tərəflərindən 3 illik iddia müddəti keçməmiş 13 noyabr 2019-cu ildə iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edilmişdir. Lakin Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixlin Fərmanın icrası ilə əlqadər mülki iş xx.xx.2019-cu il, 2(001)- 8698/2019 saylı qərardad ilə baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilmişdir və fərmanın icrası ilə bağlı müvafiq tədbirlər tərəflərindən görülmüşdür. Lakin hal-hazıradək cavabdeh göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturzasiya məbləğini qəbul etmir. Həmçinin fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmişdir. Və tərəflərindən yenidən 01 mart 2022-ci ildə Binəqədi rayon məhkəməsinə muraciət olunduqda cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti tətbiq edilərək iddia təmin edilməmişdir. Məhkəmə baxış zamanı mülki iş barədə iddia müddəti keçmədən, vaxtında məhkəməyə müraciət edilməsi və işin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlqadər işin baxılmamış saxlanılması barədə xx.xx.2019-cu il, 2(001)-8698/2019 saylı qərardad tərəflərindən təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edilir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, iş üzrə qəbul edilmiş qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır. Fərman vətandaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Hesab edilir ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu hallar birinci instansiya məhkəməsində tərəflərindən verilən izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri əsasız olaraq nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən tərəflər arasında bağlanılmış 25 iyun 2015-ci il tarixli kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 12 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və kredit müqaviləsinin şərtləri pozulmuşdur. Nəticədə cavabdehin müqavilə üzrə 4826,63 ABŞ dolları borcu qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti bitməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtləri nəzərə alınmamış və əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlinmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "Atrabank” ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə restrukturizasiya olunması məqsədilə cavabdehə təklif göndərilmiş, lakin cavabdeh həmin təklifə məhəl qoymamışdır. Digər tərəfdən restrukturizasiya olunan münasibətlərə iddia müddətinin tətbiq edilməsi əsassız olmuşdur. Belə ki, müqavilənin restrukturizasiya edilməsi üçün prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır. Digər tərəfdən hesabdan çıxarışdan görünür ki, cavabdehin kredit borcundan silinmə olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməsi yanlış olmuşdur.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə cavabdehlərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
22. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
28. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
29. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 18 ay təşkil edir və xx.xx.2016-ci il tarixdə bitmişdir.
30. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdeh ilə bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2016-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-ci il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı üçün məhkəməyə müraciət etmək tarixi son olaraq xx.xx.2019-cu il tarixə qədər olmuşdur. Hazırki iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür.
33. İddiaçının tələbində eləcə də apellyasiya şikayətində iddia müddəti ilə bağlı göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk olaraq xx.xx.2019- cu il tarixdə iddia qaldırsa da, sonradan həmin iddia xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardad ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
35. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən isə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
36. Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətinin axımı kəsilmişdir, bu zaman isə iddia müddətinin bitməsinə 1 ay 12 gün qalmışdır. İddia ərizəsi xx.xx.2019-cu il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.
37. Belə olan halda fasilə xx.xx.2020-ci il tarixdə bitmiş və iddia müddəti yenidən başlamışdır. İddiaçı isə göstərilən tarixdən 2 ildən artıq müddət ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki iddia müddətinin bitməsinə ilk olaraq iddia ərizəsi verilən zaman 1 ay 12 gün qalmışdı. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. 38.Həmçinin qeyd edilməlidir ki, “kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması” tələbinin iddia müddəti tətbiq edilməklə rədd edildiyindən, iddia üzrə əlavə tələb qismində çıxış edən “kredit müqaviləsi üzrə borcun cavabdeh (zamin) Cavabdeh2 tutulması” tələbi üzrə də iddia müddəti keçmişdir. Eyni zamanda hazırki iddiaya iddia müddəti tətbiq edilmədiyi təqdirdə də, zamin Cavabdeh2 qarşı iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından rədd edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu baxımdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək (kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir) iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə (4 ildən artıq müddət keçdikdən sonra) iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu müddət hətta iddiaçı ilk dəfə, yəni xx.xx.2019-cu il tarixdə iddia qaldırılan vaxt artıq bitmişdir. Bununla belə, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
39. Göründüyü kimi birinci instansiya məhkəməsi də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almaqla ilkin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
40. İddiaçı apellyasiya şikayətində həmçinin bildirmişdir ki, “analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası məlum fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır.” Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kredit müqavilələri üzrə yaranan münasibətlərdə qanunvericiliyin yuxarıda istinad edilən normalarında hər hansı bir ağlabatan müddətdən deyil, dəqiq və aydın ifadə edilmiş müddətlərdən bəhs edilir. 41.Bundan başqa apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsində məhz fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpasından bəhs edilir ki, hazırda iddiaçı hüquqi şəxsdir və həmin maddədə göstərilən “iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.)” hallar hazırki iş üzrə iddiaçıya aid edilə bilməz. 42.İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 12 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir”. Bununla bağlı qeyd edilməlidir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə hazırda iddia müddəti ötürülmüş hesab edilməlidir.
43. Həmçinin iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı cavabdehin borcundan silinmə olmasını bildirməklə 05 may 2022-ci il tarixli arayışa istinad etsə də, iş materiallarında olan hesabdan çıxarışdan (İ.V 71) görünür ki, 569.53 manat məbləğində ödəniş, Mərkəzi Bank tərəfindən məhz restrukturizasiya ilə bağlı həyata keçirilmişdir. Bu isə cavabdehin borcun etirafı barədə edilən hərəkəti deyil, çünki ödəniş cavabdeh tərəfindən edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 44.Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. 45.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 46.Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 47.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 49.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 50.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, e-2(001)-2242/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov