Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6155/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1660/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı barədə şifahi razılaşma əldə edilib. Bununla əlaqədar, İddiaçı qızıl-zinət əşyalarını satmaq məqsədilə Cavabdeh vermişdir.
2. Əsgərova X3 Rəna Ramiz qızından nisyə alqı-satqı müqaviləsi əsasında aldığı həmin qızılzinət əşyalarını başqa şəxslərə satıb əldə etdiyi vəsaitin bir hissəsini sonuncuya vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan 7450 (yeddi min dörd yüz əlli) manatı və ya həmin qiymətə olan qızıl-zinət əşyalarının alınması və İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, İddiaçı uzun müddət tanışı olan Cavabdeh ilə 2021-ci il fevral ayında şifahi formada razlığa gəlib özünəməxsus və dəyəri cəmi 15.650 manat olan qızılzinət əşyalarını satmaq məqsədilə Cavabdeh verəcəkdir, Cavabdeh isə həmin qızıl-zinət əşyalarını müştərilər tapıb satacaq və əldə etdiyi pul məbləğini tam şəkildə İddiaçı verəcəkdir. Şifahi formada razılıqdan sonra İddiaçı razılaşdırılan qızıl-zinət əşyalarını, yəni 1 ədəd qızıl dəstini (sırğa, üzük və kulonlu boyunbağı), 1 ədəd ağ qızıl dəstini (ağ qızıl sırğalar, üzük və boyunbağı), 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl tros sep və 1 cüt qızıl sırğaları Bakı şəhəri, 5-ci mkr, Memar Əcəmi metrostansiyası yaxınlığında fəaliyyət göstərən "LC Waikiki" mağazasının yaxınlığında Cavabdeh təhvil vermişdi. Cavabdeh həmin qızıl-zinət əşyalarını götürərək satmış, lakin pulun yalnız 8.200 manat hissəsini bir neçə dəfəyə iddiaçıya qaytarmışdır. Qalan 7450 manat isə bugünədək iddiaçıya geri qaytarılmamış, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Belə ki, tərəflər arasında olan 2021-ci il avqust-oktyabr tarixli "Whatsapp" yazışmalarında Cavabdeh sözügedən qızıl-zinət əşyalarını təhvil aldğını və qalıq pul məbləğini geri qaytarmadığını təsdiq etmişdir. Həmin yazışmalar tərəflər arasında münasibətin mövcud olduğunu və cavabdehin iddiaçıya aldığı qızıllara görə pul borclu olduğunu təsdiq edir. Bundan əlavə, İddiaçı Cavabdeh əməllərində dələduzluq cinayət tərkibinin mövcudluğunun araşdırılması və pulun qaytarılmasına köməklik edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-yə müraciət etmiş və şikayət üzrə araşdırma aparılmışdır. İş materiallarında olan Cavabdeh izahatından göründüyü kimi, cavabdeh qızıl-zinət əşyalarını İddiaçı təhvil aldığını etiraf etmişdir, lakin o, pulu tam şəkildə qaytardığını bildirsə də, bunu sübut edə bilməmiş, heç bir sübutu polis şöbəsinə təqdim edə bilməmişdir. Mülki məsələ olduğuna görə iş üzrə araşdırmanın məhkəmədə aparılması tövsiyə edilmiş və iş üzrə araşdırma başa çatmışdır. Polis Şöbəsindən vəkil sorğusu əsasında aldığı xx.xx.2021-ci il tarixli 083-18602 saylı məktub və əlavə edilmiş arayış, ərizə, izahatlar, məktublardan (iş materiallarından) göründüyü kimi, Cavabdeh borclu olduğu pulun bir hissəsini nağd şəkildə iddiaçının oğlu X2 verdiyini, qalan pulu isə onun oğlunun kartına yüklədiyini bildirmişdir. Halbuki cavabdehin polis şöbəsindəki izahatın pulu qaytarması barədə hissəsi tamamilə yalandır, heç bir sübuti əsası yoxdur. İddiaçının oğlu X1 ödəniş kartına 5 ay, hər ay 900 manat olmaqla, cəmi 4500 manat məbləğində pul ödənilmişdir. Daha sonra cavabdeh ödənişi etməkdən imtina etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1660/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 1800 (min səkkiz yüz) manatın tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilmıməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə cavabdehə iddia etdiyi dəyəri 15650 manat məbləğində qızıl əşyalarının verməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin iddiaçı qızıl əşyalarının dəyərinin 15650 manat olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Lakin cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, eyni zamanda məhkəmə iclasında verdiyi izahatı ilə iddiaçıdan 10000 manat dəyərində qızıl əşyalarını almasını, həmin puldan borcunun 750 manat qalmasını etiraf etmişdir.
7. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdehə 15650 manat dəyərində qızıl verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, qızıl əşyalarının dəyərinin 10000 manat olmasının cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir.
8. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
10. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəf dəyəri 15.650 manat olan qızıl-zinət əşyalarını satmaq məqsədilə Cavabdeh verməsini qeyd edir, lakin iddiaçı həmin qızıl əşyalarının dəyərinin 15650 manat olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf qızıl əşyalarının dəyərinin 10000 manat olmasını qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Eyni zamanda, iddiaçı qızıl əşyalarının dəyərindən 8200 manat qaytarılmasını etiraf etmiş və cavabdeh tərəfin bu hissədə pulun qaytarılmasını sübut etmə yükündən azad etmişdir.
12. Belə olan halda, 10000 manat məbləğində qızıl əşyalarının dəyərindən 8200 manat çıxılmaqla 1800 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
13. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
15. İddiaçı rayon məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, o və uzun müddət tanıdığı Cavabdeh 2021-ci ilin fevral ayında iddiaçıya məxsus ümumi dəyəri 15.650 manat olan qızıl-zinət əşyalarının cavabdehə satılması, sonuncunun isə həmin əşyaların dəyərini hissə-hissə iddiaçıya ödəməsi barədə şifahi formada razılığa gəlmişlər. Bundan sonra İddiaçı razılaşdırılan ümumi dəyəri 15.600 manat olan qızıl-zinət əşyalarını, yəni 1 ədəd qızıl dəstini (sırğa, üzük və kulonlu boyunbağı), 750-əyyar, (40 qr 6.000 manata) 1 ədəd ağ qızıl dəstini (ağ qızıl sırğalar, üzük və boyunbağı), 750-əyyar (53 qr 1 karatlıq brilyant qaşlı 8.000 manata), 1 ədəd qızıl bilərzik , 585 əyyar, 1 ədəd qızıl üzük, 585 əyyar, 1 ədəd qızıl tros qolbağ 583 əyyar, 1 cüt qızıl sırğaları 585 əyyarlı (1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl tros qolbağ, 1 ədəd qızıl tros qolbağ, 1 cüt qızıl sırğalar, ümumi 15 qr 1.650 manata) Bakı şəhəri, 5-ci mkr, Memar Əcəmi metrostansiyası yaxınlığında fəaliyyət göstərən "LC Waikiki" mağazasının yaxınlığında Cavabdeh təhvil vermişdir. Cavabdeh həmin qzıl-zinət əşyalarını götürərək satmış, lakin pulun yalnız 8.200 manat hissəsini, o da hissə-hissə iki dəfəyə 2.500+2500 manat olmaqla 5.000 manatını nəğd şəklində, 4.500 manatını isə iddiaçının oğlunun bank hesabına köçürməklə iddiaçıya qaytarmışdır. Qalan 7.450 manat məbləğində pul isə bu günədək iddiaçıya geri qaytarılmamış, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Belə ki, tərəflər arasında 2021-ci ilin avqust-oktyabr ayları üzrə "Whatsapp" yazışmalarında Cavabdeh sözügedən qızıl- zinət əşyalarını iddiaçıdan təhvil aldığını və qalıq pul məbləğini geri qaytarmadığını təsdiq etmişdir. Həmin yazışmalar tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olduğunu və cavabdehin iddiaçıya aldığı qızıllara görə pul borclu olduğunu təsdiq edir. Bundan əlavə, İddiaçı Cavabdeh iddiaçıya münasibətdə dələduzluq cinayətini törətdiyi üçün iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PB-yə müraciət etmiş və şikayət üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında İddiaçı qızıl-zinət əşyalarını aldığını, həmin əşyaların dəyərinin 10.000 manat olduğunu və bu məbləğin də tam şəkildə iddiaçıya ödədiyini göstərmişdir. Göründüyü kimi, Cavabdeh polis bölməsində də iddiaçıdan qızıl-zinət əşyalarını aldığını etiraf etmişdir. Lakin əşyaların dəyərini iddiaçıya ödəməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. (vəkil sorğusuna əsasən Polis Şöbəsindən əldə olunmuş xx.xx.2021-ci il tarixli, 083-18602 saylı məktub, arayış, ərizə, izahatlar, məktublar iş materiallarına əlavə edilmişdir) Həmin araşdırma nəticəsində tərəflər arasında mübahisənin mülki münasibətlərdən irəli gəldiyi əsası ilə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırki iş üzrə keçirilən məhkəmə iclaslarında isə cavabdeh tərəf verdiyi izahatlarda, Cavabdeh iddiaçıya borclu olduğu puldan 5.000 manat (ayrı-ayrılıqda 2.500+2.500) nağd şəkildə iddiaçının oğlu Fəridə verdiyini, 4.500 manatın sonuncunun bank kartına köçürdüyünü, hazırda iddiaçıya borclu qaldığı məbləğin 750 manat təşkil etdiyini bildirmişdir. Qızıl-zinət əşyalarının dəyərinin tam qaytarlıması barədə cavabdehin bildirdikləri tamamilə yalandır və heç bir sübuta söykənmir. Belə ki, cavabdeh iddiaçıya məxsus ümumi dəyəri 15.650 manat olan qızıl-zinət əşyalarından yalnız 8.200 manat hissəsini, o da hissə-hissə iki dəfəyə 2.500+2500 manat olmaqla 5.000 manatını nağd şəklində, 4.500 manatını isə iddiaçının oğlunun bank hesabına köçürməklə iddiaçıya qaytarmışdır. Qalan 7.450 manat məbləğində pul isə bu günədək iddiaçıya geri qaytarılmamış. Daha sonra cavabdeh ödənişi etməkdən imtina etmişdir. Bundan əlavə, cavabdeh tərəfin həm Nəsimi RPİ-nin 19cu PB-də verdiyi izahatında həm də,məhkəmədə verdiyili yazılı və şifahi izhatlarında bildirmişdir ki, o, ikin olaraq 5.000 manatı nağd şəkildə, 4.500 manatı isə iddiaçının oğlu Fəridin bank kartına ödəmişdir. Burada belə bir sual ortaya çıxır. Əgər cavabdeh tərəf qızılzinət əşyalarının dəyərini tam şəkilə ödəmişdirsə, Bank hesabına son köçürmə tarixidən (son köçürmə xx.xx.2021) sonrakı tarixlərdə (2021 sentyabr ayı "Whatsapp" səs yazısı) cavabdehin iddiaçıya göndərdiyi səs yazılarında isə cavabdeh borcunu ödəyəcəyini iddiaçıya yenə də vəd edir, ondan möhlət istəyir. İddianı qismən təmin edən Nərimanov rayon məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə ümumi dəyəri 15.650 manat məbləğində qızıl-zinət əşyalarının verdiyini iddia etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Lakin cavabdeh həmin əşyaların dəyərinin 10.000 manat olmasını qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Eyni zamanda, iddiaçı qızıl əşyalarının dəyərindən 8.200 manat pulun qaytarılmasını etiraf etmiş və cavabdeh tərəfin bu hissədə pulun qaytarılmasını sübut etmə yükündən azad etmişdir. Belə olan halda, 10.000 manat məbləğində qızıl əşyalarının dəyərindən 8.200 manat çıxılmaqla 1.800 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Belə ki, cavabdeh həm Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PB-də verdiyi izahatında, həm məhkəməyə təqdim olunmuş səs yazılarında, habelə cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi şifahi və yazılı izahatlarda Cavabdeh iddiaçının bildirdiy sayda və çeşiddə qızıl-zinət əşyalarının verildiyini etiraf etmişdir. Həmin sayda və çeşiddə qızıl-zinət əşyalarının cavabdehə verilməsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Cavabdeh bu hissədə iddianı qəbul edir. Cavabdeh Könül Əskərovanın qəbul etmədiyi hissə qızıl-zinət əşyalarının dəyəri və iddiaçıya həmin əşyalarla bağlı borcunun qalmasıdır. Qızıl-zinət əşyalarının dəyərinin 15.650 manat olması ilə məhkəməyə hər hansı sübutun təqdim edilməməsi fikri ilə bağlı i s ə bildirir ki, tərəfindən məhkəməyə təqdim edilən (tərəflər arasında) WhatsApp yazışmalarında, cavabdehin sözügedən qızıl-zinət əşyalarını 15.650 manata almasını öz səsi ilə etiraf etmişdir. Buradan belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi səs yazılarını sübut kimi qəbul edərək işə əlavə etsə də, bu səs yazılarına qulaq asmamış, hətta qətnamədə bu sübuta istinad etməmişdir. Həmçinin məhkəmə qətnaməsində cavabdehin izahatına istinad edərək bildirir ki, sözügedən qızıl-zinət əşyalarını cavabdeh 15.650 manata deyil 10.000 manata iddiaçıdan nisyə almışdır. Lakin cavabdeh həmin qızıl-zinət əşyalarının məhz 10.000 manata alması ilə bağlı m ə h k m ə y ə heç bir sübut təqdm etməmişdir. Buna baxmayaraq məhkəmə yalnız heç bir sübuta dayanmayan cavabdehin nümayəndəsinin sözlərinə əsaslanaraq müzakirə olunan hissədə cavabdehin mövqeyini əsaslı, idddiaçının dəlillərini isə əsassız hesab etmişdir. Halbuki, məhkəmə iş materiallarında olan səs yazılarına qulaq assaydı, cavabdehin həmin qızıl-zinət əşyalarını 15.650 manata almasını öz səsi ilə təsdiq etidiyini müəyyən edərdi. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarına görə Whatsapp yazışmaları sübut kimi qəbul edilir. Cavabdehin bildirdiklərindən belə məlum olur ki, o, iddiaçının oğluna ilkin olaraq 5.000 manatı, daha sonra isə bank vasitəsi ilə 4.500 manat köçürmüşdür. Bank hesabına sön köçürmə tarix (son köçürmə xx.xx.2021) köçürməsindən sonrakı tarixlərdə (2021 sentyabr ayı "Whatsapp" səs yazısı) cavabdehin iddiaçıya göndərdiyi səs yazılarında isə cavabdeh borcunu ödəyəcəyini iddiaçıya yenə də vəd edir, ondan möhlət istəyir. Əgər cavabdehin dediyi kimi borcun tam ödəyib qurtarmışdısa, nə üçün yenidən borcunu ödəyəcəyi barədə iddiaşıya vədlər verir, möhlət istəyirdi? Əgər cavabdeh borcu tam şəkildə ödəmişdirsə, nəyə görə və hansı borcun qaytarılması üçün iddiaçıdan vaxt istəmişdir. Bütün bunlar məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Bundan başqa, cavabdeh 19-cu Polis Bölməsində verdiyi izahatda göstərmişdir ki, o iddiaçının bildirdiyi say və çeşiddə qızıl-zinət əşyalarını almaqla qeyd etmişdir ki, həmin əşyaların dəyəri 10.000 manat olmuş və o, bu məbləği tam şəkildə iddiaçıya ödəmişdir. Hazırki iş üzrə cavabdehin təqdim etdiyi yazılı etirazda və cavabdehi təmsil edən vəkilin məhkəmə iclaslarında verdiyi izahatlarda isə göstərilmişdir ki, cavabdeh və iddiaçı qızıl-zinət əşyalarının dəyərinin 10.000 manat olması barədə razılaşmışlar. Cavabdeh də həmin puldan 5.000 manatı (ayrı-ayrılıqda 2.500+2.500) nağd şəkildə iddiaçının oğlu Fəridə vermiş, 4.500 manatı sonuncunun bank kartına köçürmüş, 750 manatı hazırda iddiaçıya borclu qalmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcun qaytarılması ilə bağlı bir-birinə zidd izahatlar vermişdir. Lakin izahatlarda olan bu ziddiyət də məhkəməni narahat etməmiş, bu hal cavabdehin məhkəmə qarşısında səmimi olması ilə bağlı məhkəmədə şübhə yaratmamışdır. Həmçinin bildirir ki, ticarət sahəsində malın nağd alışı ilə nisyə alışı arasında xeyli fərqin olması hər kəsə bəlli olan haldı. Cavabdehin qızılları məhz 15.650 manata alması onları nağd deyil nisyə alması ilə əlaqədardır. Göründüyü kimi məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, işi tam, hərtərəfli və düzgün araşdırmamış nəticədə iş üzrə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.
16. Cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddia tələbinin 750 manat məbləğində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsi iddia tələbinin qismən təmin olunmuş hissəsində əsassız və qanunsuzdur. Məhkəməyə təqdim etdiyi yazılı "iddia ərizəsinə etiraz"da, habelə məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının alqı-satqısına dair onunla arasında olmuş hadisələri və faktları məhkəməyə düzgün formada təqdim etməmiş, ondan əlavə pul almaq məqsdi ilə faktların bir çoxunu təhrif etmişdir. Belə ki, iddiaçının qeyd etdiyi ərazidə ondan qızıl-zinət əşyaları qəbul etməmişdir. Həmin vaxt onunla sövdələşsələr də, hər hansı razılığa gəlməmişlər. Zinət əşyalarını çəkisinə uyğun olaraq, nisyə satıb pulunu hissə-hissə qaytarmaq yolu ilə razılıq əldə olunduqdan sonra iddiçı İddiaçı oğlu Fərid vasitəsi ilə ona 3 dəfə zinət əşyaları göndərmişdir. İddia ərizəsində qeyd olunan ağ qızıldan olan dəst - çəkisi 50 qram, digər dəst qızıl isə - çəkisi 40 qram olduğundan, hər qramı 100 manatdan olmaqla iddiaçıya 9000 mant məbləğdə pulu bir neçə ay ərzində ona verməyə razılaşmışlar. Digər ayrı-ayrı predmet şəklində olan əşyaların ümumi cəkisi 12,5 qram idi. Onların satış qiymətini bir qramı 80 manat olmaqla 1000 manata razılaşıblar. Bu qaydada İddiaçı 3 dəfəyə aldığı 10.000 matatlıq qızıl-zinət əşyaları satıb pulunu verməyə onunla razılaşıblar. İddiaçının oğlu Fərid, qeyd olunan qızıl dəstlərini ayrı-ayrı vaxtlarda gətirib 8-ci kilometr qəsəbəsində yaşadığı binanın qarşısında verəndə, iki dəfə 2.500 manat olmaqla, ona cəmi 5.000 manat pulu dərhal verib. Qalan 5.000 manat puldan 4250 manatını hissə-hissə, iddiaçının oğlu Fəridə məxsus pul kartına, habelə İddiaçı kredit götürüyü "Bank BTB"-də olan hesabına müxtəlif vaxtlarda köçürmüş, aralarında mübahisə yaranan vaxta ona 750 manat borcu qalmışdır. Mübahisələndirilən qətnamənin 5-cı səhifəsinin 3-4-cü abzaslarında məhkəmə qeyd edir ki, "məhkəmə müəyyən edir ki, iddiaçı tərəf dəyəri 15.650 manat olan qızıl-zinət əşyalarını satmaq məqsədilə Cavabdeh verməsini qeyd edir, lakin iddiaçı həmin qızıl əşyalarının dəyərinin 15650 manat olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf qızıl əşyalarının dəyərinin 10000 manat olmasnı qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Eyni zamanda, iddiaçı qızıl əşyalarının dəyərindən 8200 manat qaytarılmasını etiraf etmiş və cavabdeh tərəfin bu hissədə pulun qaytarılmasını sübut etmə yükündən azad etmişdir. Belə olan halda, 10000 manat məbləğində qızıl əşyalarının dəyərindən 8200 manat çıxılmaqla 1800 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir." Məhkəmənin apardığı bu əsaslandırması ilə qismən razı deyil. Hesab edir ki, təqdim etdiyi ödəniş qəbzinə və verdiyi izahatına məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmənin diqqətinə çatdırmışdır ki, İddiaçı ödədiyi pul: - 2 dəfə 2500 manat olmaqla cəmi 5000 manat (iddiaçı bunu qəbul edir); - oğlu Fərid Bağırovun bank kartına köçürdüyü, müxtəlf vaxtlarda müxtəlf məbləğlərdə pullar, cəmi 3200 (iddiaçı bunu qəbul edir); - iddiaçının "Bank BTB"-də olan kreditinin bağlanmasına 1 dəfə 500 manat, 2-ci dəfə 550 manat olmaqla cəmi 1050 manat olmuşdur. Beləliklə, İddiaçı götürdüyü qızıl-zinət əşyalarına görə ona 9250 manat məbləğində pul vermiş, razılaşdığı məbləğdən 750 manat borcu qalmışdır. Lakin məhkəmə qeyd olunan məzmunda izahatını tam qəbul etməmiş, İddiaçı əvəzində 500 və 550 manat olmaqla, 2 dəfə "Bank BTB"-yə ödədiyi 1050 manat pulu nəzərə almamış və qəbul ediyi qətnamədə həmin məzmundan izahatını və təqdim etdiyi sübutu düzgün qiymətləndirməmişdir. İddiaçı əvəzinə "Bank BTB"-yə pul ödəməyinə dair qəbzi etiraz ərizəsinə əlavə etmişdir. Qəbzin məzmunundan görünür ki, qeyd olunan məbləğdə pul yaşadığı evinə çox yaxın ərazidə, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanda yerləşən "Rahat Market mağazasında qurulmuş terminaldan istifadə olunmaqla "Bank BTB"-yə köçürülüb. Həmin pul məbləğinin onun tərəfindən köçürülməsinin təsdiqi kimi onu göstərə bilər ki, iddiaçının oğlu Fərid Bağırovun bank kartına da qeyd etdiyi ərazidə, eyni terminaldan pul keçirmişdir və bu iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş bank çıxarışı sənədlərindən aydın görünür. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, qətnamə ilə müəyyən olunandan məbləğdən də artıq pulu İddiaçı ödəmişdir. Mübahisənin bu halı məhkəmənin gəldiyi yekun nəticə üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, məhkəmə həmin halı aydınlaşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və(və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
22. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
25. Tərəflərin apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), cavabdehin apellyasiya şikayətinin obyektini isə təmin edilən iddianın bir hissəsi, yəni 1050 manat hissəsi (çünki cavabdeh apellyasiya şikayətində təmin edilən iddia məbləğinin 750 manat hissəsini mübahisələndirmir), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. İddiaçının şikayətinin predmeti də qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, cavabdehin şikayətinin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş 1050 manat hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
26. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissələrdə düzgün olmuşdur.
28. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 29.Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
30. Tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlanması və iddiaçının həmin əşyaları cavabdehə təhvil verməsi işin mübahisəsiz halıdır. Çünki, bunu tərəflərin heç biri təkzib etmir. İşin mübahisəli halı isə həmin əşyaların dəyəri, başqa sözlə tərəflərin razılaşdırdıqları qiymət ilə bağlıdır.
31. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə verdiyi qızıl-zinət əşyalarının dəyərinin 15650 manata razılaşmalarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiişdir. Cavabdeh də məhz bu hala, yəni həmin əşyaların dəyərinin 15650 manata razılaşdırılması halına etiraz edir və bu əşyaları 10000 manata nisyə aldığını etiraf edir. Deməli, qızıl-zinət əşyalarının nisyə satılmasnı 15650 manata razılaşmalarını sübut etmək yükü iddiaçının üzərinə düşür. Ancaq iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etmir. Onun izahatı isə digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir digər sübut işdə mövcud deyil.
32. İddiaçı apellyasiya şikayətində cavabdehin səs yazısında qızıl-zinət əşyalarının 15650 manata razılaşdırdıqlarını etiraf etdiyini göstərsə də bu dəlillər də təsdiq olunmamışdır. Çünki, apellyasiya baxışı zamanı həmin səs yazısı dinlənildi və cavabdehin belə bir etiraf etməsi öz təsdiqini tapmadı. Başqa sözlə, nə yazışmalarda, nədə səs yazısında cavabdehin etirafı, yəni aldığı qızıl-zinət əşyalarının dəyərini 15650 manata razılaşdırmalarını etiraf etdiyi açıq-aşkar təsdiq olunmadı. Bununla yanaşı, qızıl-zinət əşyalarının real bazar dəyərinin hansı məbləğdə olmasından asılı olmayaraq hazırki iş üzrə sübut edilməli hal onların real bazar dəyəri deyil, məhz tərəflərin nisyə-alqı satqı müqaviləsi bağlanarkən razılaşdırdıqları qiymətin sübut edilməsi idi ki, bununla bağlı da yuxarıda hüquqi dəyərləndirmə aparıldı. Buna baxmayaraq, apellyasiya baxışı zamanı qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın keçirilməsi də tərəflərə təklif edildi, lakin hər iki tərəf ekspertizanın keçirilməsinə etiraz etdi və hər bir tərəf özünün bəyan etdiyi məbləğin razılaşdırdıqlarını əsas götürülməsini məhkəmədən xahiş etdi.
33. Bundan başqa, iddiaçı hazırki tələb ilə bağlı cinayət təqibi qaydasında da polis orqanlarına şikayət etmiş və həmin şikayət üzrə araşdırma zamanı da cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsi əsasında cəmi 10000(on min) manat dəyərində qızıl-zinət əşyaları aldığını etiraf etmişdir. Deməli, cavabdeh səs yazısında və yazışmalarında iddiaçıdan aldığı qızıl əşyalarının dəyərinin 15650 manat olduğunu etiraf etmiş olsaydı, cinayət təqibi üzrə icraat zamanı da həmin qiyməti etiraf etməli idi. Ancaq cavabdehin belə bir etirafının olması ümumiyyətlə həmin araşdırma üzrə də təsdiq olunmamışdır.
34. Aldığı qızıl əşyalarına görə iddiaçıya 1800 manat deyil, 750 manat borcu qalması halını sübut etmək yükü isə cavabdehin üzərinə düşür. Çünki, alıdığı 10000 manat dəyərində olan qızılzinət əşyalarına görə iddiaçıya 8200 manat deyil, cəmi 9250 manat ödəməsini və 750 manat borcu qalmasına dair cavabdeh məhkəməyə mötəbər sübut təqdim etməlidir. Ancaq cavabdeh də bəyan etdiyi bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək isə hələ onların həqiqi olması demək deyildir. 35.Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Bu cür nisyə alqı-satqı müqavilələri bağlayan zaman da könüllü olaraq müqavilənin şərtləri ilə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi qaydada bağladıqları nisyə alqı-satqı müqaviləsinə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcunun qalmadığını yaxud hazırki işdə olduğu kimi daha az borcunun qaldığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli və həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətləri üzrə sübut edilməli hallarla bağlı sübutetmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə düzgün nəticəyə gəlməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi hər iki apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında yaranmış həqiqi münasibətlərə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən qızılzinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlansa da iddiaçı satdığı əşyaların dəyərinin bəyan etdiyi qiymətə razılaşmalarına, cavabdeh isə iddiaçıya razılaşdırdıqları məbləğdən 9250 manat ödədiyinə və 750 manat borcunun qalmasına dair mötəbər sübut təqdim etməmişdir. Məhz bu amillər də birinci instansiya məhkəməsinə iş üzrə bu cür düzgün nəticəyə gəlməyə əsas vermişdir.
37. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1660/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1660/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh tərəfindən isə kassasiya şikayəti verilə bilməz.