Məhkəmə qərarları › İş №2(103)-6159/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6159/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6159/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh "xxxx" QSCyə qarşı “əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bügunədək zərərin əvəzinə ödənilməmiş və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bügunədək zərərin əvəzinə ödənilməmiş və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı8, İddiaçı5, İddiaçı7, İddiaçı1, İddiaçı3, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh “Bakı Elektriktökmə ASC-yə qarşı əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bugünədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı9, İddiaçı2, İddiaçı5, İddiaçı3, X8 və İddiaçı8 əlillik dərəcəsindən aslı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin "xxxx" ASC tərəfindən hesablanaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Kəmalə Əmirxanova) ilə iddia təmin edilmiş, cavabdeh Bakı "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləğinin tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 ödənilməsi, qətnamə elan olunduğu tarixdən hər ay əlillik dərəcəsindən asılı olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsinin Bakı "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, məhkəmə, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" qaydalarına əhəmiyyət verməmiş və həmin qaydalarda edilən dəyişikləri nəzərə almamışdır. Göstərilən Qaydalarda dəyişiklik edilərək qeyd olunmuşdur ki, bu qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənclərin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilsin (Bənd 3.1). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "xxxx" mərkəzləri tərəfindən həyata keçirilir (Bənd 5.3). Bundan başqa aylıq müavinətlərin məbləği artırılmışdır. Hal-hazırda iddiaçılar AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarından dövlət büdcəsinin vəsaiti hesabına aylıq 200- 250 manat müavinət almaqla yanaşı əvvəlki məhkəmə aktlarına istinad edərək, ASCdən də 2-ci dəfə müavinət almağa çalışırlar. "Bakı Elektriktökmə” ASC dövlət müəssisəsi olduğuna görə müavinət dövlət büdcəsi hesabına AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "xxxx" mərkəzləri tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi H.Süleymanlı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ailə üzvlərinə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Məhkəmə bu fərmana əhəmiyyət verməmişdir. Qaydalara xx.xx.2019-cu il tarixdə dəyişiklik olmuşdur, 2011-ci ildən 2019-cu ilə qədər onlar tərəfindən, edilmiş dəyişikliyə görə 2019-cu ildən müavinətin təyin edilməsi və ödənilməsi AR ƏƏSMN-nin yerli orqanları və "xxxx" mərkəzləri tərəfindən həyata keçirilir. Aylıq müavinətlərin məbləği artırılmışdır. İddiaçılar onsuz da 200-250 manat müavinət alırlar, bununla yanaşı əvvəlki məhkəmə aktlarına istinad edərək onlardan 2-ci dəfə müavinət almağa çalışırlar. Həmçinin bildirdi ki, cavabdeh müəssisə dövlət müəssisəsidir.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı8, İddiaçı5, İddiaçı7, İddiaçı1, İddiaçı3 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, onlar “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ailə üzvlərinə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları ilə bağlı mülahizə vermişlər, mülahizələrində iddiaçılarn hansı tarixdən hansı məbləğdə müavinət aldıqları göstərilibdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili olan qaydalara edilən 2019-cu il tarixli dəyişikliyə istinad edərək, müavinətin "xxxx" mərkəzləri tərəfindən edilməsi barədə dəlili ilə razılaşmayaraq bildirdi ki, 2019-cu ildə qaydalara sadəcə olaraq, yerli orqanları sözlərindən sonra “"xxxx" mərkəzləri” sözləri əlavə edilmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Hazırda "xxxx" ASC dövlət müəssisəsi olduğundan onun tərəfindən hər ay əlillik dərəcəsindən asılı olaraq iddiaçılara ödənilməli məbləğin 2019-cu il tarixli dəyişikliyə istinad edərək onun tərəfindən ödənilməməsi barədə dəlili tamamilə əsassızdır, çünki qeyd edilən dəyişiklik Qaydaların 5.2-ci bəndinə əsasən, özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələrinə aiddir.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı4 və İddiaçı9 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı6 Dövlət Sosial Müdafiə Fondundan Peşə əmək qabiliyyətini itirmiş işçi kimi 120 manat məbləğində müddətsiz sosial müavinət, İddiaçı9 180 manat müddətsiz sosial müavinət, İddiaçı2 240 manat müddətsiz sosial müavinət, İddiaçı8 180 manat müddətsiz sosial müavinət, İddiaçı1 240 manat müddətsiz sosial müavinət, İddiaçı4 180 manat müddətsiz sosial müavinət, İddiaçı5 180 manat müddətsiz sosial müavinət, İddiaçı7 180 manat müddətsiz sosial müavinət alır.

11. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005- ci il tarixli qətnaməsinə əsasən əmək fəliyyətini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə əmək zədəsi almış və peşə xəsəliyinə tutulmuş işçilərə zərəin əvəzinə görə ödənişlər üzrə borcun hesablanaraq iddiaçılar İddiaçı6, X4, X6, X7, X9, X5, İddiaçı2, X10, İddiaçı8 və qeyrilərinə ödənilməsinin təmin edilməsi "xxxx" ASC-yə həvalə edilmişdir.

12. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinətin ödənilməsi” tələbi üzrə iddiası təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 3600 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, qətnamədən kassasiya şikayəti verilə bilməməsi qeyd edilmişdir.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki:

14. İddiaçı6 80 faiz və daha əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 60 manat, xx.xx.2016-cı ildən 66 manat, xx.xx.2022-ci ildən 240 manat, xx.xx.2023-cü ildən 276 manat;

15. İddiaçı9 60 faizdən 79 faizədək əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 50 manat, xx.xx.2016-cı ildən 55 manat, xx.xx.2022-ci ildən 180 manat, xx.xx.2023-cü ildən 207 manat;

16. İddiaçı2 80 faiz və daha əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 60 manat, xx.xx.2016-cı ildən 66 manat, xx.xx.2022-ci ildən 240 manat, xx.xx.2023-cü ildən 276 manat;

17. İddiaçı8 60 faizdən 79 faizədək əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 50 manat, xx.xx.2016-cı ildən 55 manat, xx.xx.2022-ci ildən 180 manat, xx.xx.2023-cü ildən 207 manat;

18. İddiaçı1 80 faiz və daha əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2010-cu ildən 60 manat, xx.xx.2016-cı ildən 66 manat, xx.xx.2022-ci ildən 240 manat, xx.xx.2023-cü ildən 276 manat;

19. İddiaçı4 60 faizdən 79 faizədək əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 50 manat, xx.xx.2016-cı ildən 55 manat, xx.xx.2022-ci ildən 180 manat, xx.xx.2023-cü ildən 207 manat;

20. İddiaçı7 60 faizdən 79 faizədək əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 50 manat, xx.xx.2016-cı ildən 55 manat, xx.xx.2022-ci ildən 180 manat, xx.xx.2023-cü ildən 207 manat;

21. İddiaçı3 30 faizdən 59 faizədək əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 40 manat, xx.xx.2016-cı ildən 44 manat, xx.xx.2022-ci ildən 150 manat, xx.xx.2023-cü ildən 170,5 manat;

22. Məmmədov (Mamedov) İbrahim Süleyman oğlu 60 faizdən 79 faizədək əmək qabiliyyətini itirmiş işçi kimi xx.xx.2011-ci ildən 50 manat, xx.xx.2016-cı ildən 55 manat, xx.xx.2022-ci ildən 180 manat, xx.xx.2023-cü ildən 207 manat; Tətbiq edilən maddi hüquq normaları:

23. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın:

24. 1.2.1 -ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir.

25. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir.

26. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

27. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir.

28. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət (peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə - 33 manat; peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə - 44 manat; peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə - 55 manat; peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə - 66 manat; həlak olduqda - 77 manat) verilir (bənd 3.1).

29. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2).

30. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5.1).

31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2).

32. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "xxxx" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

44. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Mülki iş materiallarından aydın olur ki, iddiaçılar X1 bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş və istehsalatda əmək qabiliyyətinin itirilməsi səbəbindən ona verilmiş əlillik dərəcəsindən aslı olaraq cavabdeh "xxxx" ASC hər ay onlara ödənc etməyə borclu olmuşdur. Cavabdeh "xxxx" ASC aylıq ödəncləri 2010-cu ilin sonuna qədər ödəmiş olsa da 2011ci ilin yanvar ayından etibarən əsassız və qanunsuz olaraq iddiaçılara aylıq ödənclərin verilməsi dayandırılmış, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmişdir.

49. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, Qaydalara edilmiş dəyişikliyə görə 2019-cu ildən müavinətin təyin edilməsi və ödənilməsi AR ƏƏSMN-nin yerli orqanları və "xxxx" mərkəzləri tərəfindən həyata keçirilir, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

50. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və bildirir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

51. Həmin Qaydaların 5.3-cü bəndində bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "xxxx" mərkəzləri tərəfindən həyata keçirilir.

52. Deməli, Qaydalardan məlum olur ki, 5.2-ci bəndində göstərilən özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "xxxx" mərkəzləri tərəfindən həyata keçirilir.

53. Hazırkı halda cavabdeh ASC-nin dövlət müəssisəsi olması mübahisəsizdir (i/v 138).

54. Belə olan halda məlum olur ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

55. Kollegiya onu da qeyd edir ki, cavabdehə qarşı iddiaçılarla eyni statuslu başqa bir şəxsin analoji iddiası da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hazırda qüvvədə olan qətnaməsi ilə təmin edilmişdir. Nəticə:

56. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar