Məhkəmə qərarları › İş №2(103)-6161/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6161/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6161/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında razılaşma protokolu olmuşdur. Razılaşma protokoluna əsasən, cavabdeh X1 iddiaçıya qarşı yaranmış borcunu hər ay ardıcıl surətdə 500 manat məbləğində qaytarmağı öhdəsinə götürmüşdür.

2. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh yaranmış 14226 manat məbləğində əsas borcdan 450 manat hissəsini İddiaçı ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14226 manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 829,85 manat və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 135,17 manat dövlət rüsumu olmaqla, cəmi 15191,02 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdən fiziki şəxs fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində (VÖEN **********) hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək Çörək sexi işlədir. Cavabdeh 2014-cü il tarixdən iddiaçının rəhbərlik etdiyi Çörək sexinə qeyri-rəsmi şəkildə işçi kimi işə qəbul olmuşdur. Cavabdeh 2022-ci il tarixədək işlədiyi müddət ərzində özünə məxsus olan avtomobillə özünün tanıdığı və işlədiyi müvafiq mağazalara çörək daşımış və nəticədə 14226 manat borcu yaranmışdır. Daha sonra 2022-ci il tarixdə öz istəyi ilə işdən ayrılmışdır. Cavabdeh işdən ayrıldıqdan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ilə aralarında razılaşaraq iddiaçıya olan borcunu, yəni 14226 manatı hər ay 500 manat ödəmək şərti ilə razılaşma protokolu tərtib olunmuş və hər kəs öz imzası ilə təsdiq etmişdir. İddiaçı qeyd edir ki, razılaşma protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmasına baxmayaraq, cavabdeh öhdəliyini icra etməmişdir və ona dəfələrlə borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məlumat verilsə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.

5. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh 14226 manat məbləğində əsas borcundan 450 manat məbləğində ödəniş etdiyindən o, iddia tələbinin həcminin azaldılaraq 13776 manat məbləğində əsas borc, müqavilə bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 829,85 və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 135,17 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) Cavabdeh 13776 (on üç min yeddi yüz yetmiş altı) manat əsas borc, əsas məbləğin ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5%-lə hesablanmış 829,85 (səkkiz yüz iyirmi doqquz manat səksən beş qəpik) manat pul və ödənilmiş 135,17 (bir yüz otuz beş manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 425.1, 442, 448.1, 739.1, 739.2, 740.2, 882.1, 882.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq iddiaçının bildirdiyi və təqdim etdiyi sübutlara qiymət vermiş, işin həqiqi hallarını araşdırmamışdır. İlk öncə iddiaçının iddia tələbində qeyd etdiyi məsələyə diqqət yetirək ki, iddiaçı özü də etiraf edir ki, cavabdehi qeyri-rəsmi olaraq işlətmiş, onun əməyini istismar etmişdir. Belə bir sual ortaya çıxır, iddiaçı cavabdehi işlətdiyi, əməyini istismar etdiyi müddətdə ona əmək haqqı vermişdirmi?! Qeyd edilməlidir ki, iddiaçı cavabdehi qeyri-rəsmi olaraq işə götürərkən cavabdehin özünəməxsus maşınla çörək paylamağı bunun müqabilində isə ona 200 manat benzin pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin əməyi 8 il boyu istismar edilmişdir. Cavabdeh işlədiyi müddətdə iddiaçı tərəfindən ona cəmi 2 il müddətində benzin pulu verilmiş, qalan 6 il müddətinə isə benzin pulu verilməmiş, aralarında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. 6 il müddətinə ödənilməli olan benzin pulunun məbləği isə 14440 (on dörd min dörd yüz qırx) manat (6x12x200) təşkil edir. Məgər iddiaçının özünün cavabdehə borcu olduğu halda cavabdehin zəifliyindən istifadə edərək, yalan əqdə (razılaşma protokolu) imza etdirməklə özünə borclu çıxartmağı qanunidirmi?! Cavabdeh bu ahıl yaşında maddi imkansızlıq ucbatından gecələr gözətçilik edir, ailəsini saxlayır, başqa dolanacaq yeri və köməyi yoxdur. Özünü və ailəsini dolandırmağa belə aylıq maaşı kifayət etmir. Hesab edir ki, iddiaçı tərəfindən belə bir vəziyyətdə olan şəxsi olmayan borcla yükləmək ən azından vicdana sığmayan məsələdir. Bu kimi vacib məqamlar birinci instansiya məhkəməsində nəzərə alınmamış və araşdırılmamışdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borcun yaranma səbəbini araşdırmadan, hesablanmış penyanı da təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə heç bu halı nəzərə almadan iddiaçının tələb etdiyi tam şəkildə təsdiqləmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edərkən mülki hüquqi münasibətlər düzgün müəyyən edilməmişdir. Qərarın əsaslandırıcı hissəsində məhkəmə borc müqaviləsindən irəli gələn öhdəlikləri tənzimləyən normalara istinad etmişdir. Halbuki tərəflər arasında olan münasibət heç vaxt borc münasibəti olmamışdır. Tərəflər heç zaman digərinə borc verməmiş, aralarında borc üzrə razılaşma olmamış olmamış, yazılı borc müqaviləsi bağlanmamışdır. Lakin məhkəmə tərəfindən qətnamə əsaslandırlarkən borc müqaviləsini tənzimləyən normalarla əsaslandırılmışdır. Cavabdeh tərəfindən məhkəmədə iddiaçıya borcu olduğu müəyyən edilsə də, həmin borcun nə qədər olması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, Cavabdeh məhkəmədə verdiyi şifahi izahatda iddiaçıya qarşı borcu olduğunu, həmin bordan yalnız 450 manat ödədiyini bildirsə də, məhkəmə tərəfindən həmin borc məbləğinin nə qədər olduğu araşdırılmamışdır. Cavabdeh borcun etirafı haqqında razılaşma protokolunu imzalayan zaman, orda ümumi məbləğ qeyd edilməmiş, sadəcə olaraq borcu olması barədə qeyd olmuşdur. Borcun məbləği sonradan iddiaçı tərəfindən real məbləğdən dəfələrlə çox göstərilmiş, məhkəmə tərəfindən isə təmin edilmişdir. Məhkəmə həmin məbləğin nə qədər olmağını araşdırımamışdır. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilkdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ünvanlayaraq üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2 borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

19. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

20. Maddə 882.1 borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

21. Maddə 882.5 əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “tərəflər arasında razılaşma protokolu”ndan görünür ki, İddiaçı Hacı oğlu yazıb bildirir ki, Bakı şəhəri Hökməli kəndində yaşayan Cavabdeh ona məxsus “çörək sexi”ndə çörək daşıma fəaliyyəti ilə məşğul olmuş və nəticədə daşıdığı çörəyin müqabilində onda 14226 manat borc məbləği yaranmışdır. X1 bu borcu razılaşma müqabilində hər ay ardıcıl surətdə 500 manat məbləğində ona qaytarılmasını təmin edəcək öhdəlik verir. İddiaçı öz növbəsində hər ay geri qaytarılan pulları öz imzası ilə təsdiq etmək barədə öhdəlik götürür. Ödəniləcək pulları mütəmadi olaraq hesablanacaq və yuxarıda göstərilən 14226 manat məbləğindən Cavabdeh xeyrinə silinəcəkdir. Bu razılaşma əsasında sonra Cavabdeh tərəfindən ödənilmiş pullar 14226 manat məbləğində olduqda, İddiaçı bu razılaşmanı ləğv etmək haqqında öhdəçilik götürür. Bu razılaşmanı tərəflər öz imzaları ilə təsdiq edirlər. Razılaşma pozulduğu halda İddiaçı razılaşmanın məcburi yerinə yetirilməsi haqqında Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququnu özündə saxlayır. Tərəflər razılaşmanı öz imzaları ilə təsdiq etmişdirlər.

32. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh yaranmış 14226 manat məbləğində əsas borcdan 450 manat hissəsini İddiaçı ödəmişdir.

33. Kollegiya apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir edir ki, tərəflər arasında olan mülki münasibətləri tənzimləyən razılaşma protokolunun etibarsızlığı ilə bağlı hər hansı sübut təqdim edilməmiş, razılaşma protokolu məhkəmə qaydasında etibarsız hesab edilməmiş, protokolun tərəflərin imzası ilə təsdiq edilməsinə şübhə yaradacaq hər hansı hal mövcud deyildir. Eyni zamanda razılaşma protokolu cavabdehin “yazılanları oxudum, öz imzamla təsdiq edirəm” əlyazma qeydi ilə imza edilmişdir. Həmçinin, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Hazırkı halda cavabdeh tərəfin iddianı qəbul etməsi ilə bağlı şübhəli vəziyyət mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfindən edilmiş 22 may 2023-cü il tarixli ödəmə razılaşma protokolundan irəli gələn öhdəliklə bağlı olmuşdur.

34. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və borcunun olduğunu etiraf edir. Borcundan 450 manat ödəniş etmişdir. Birdəfəlik ödəniş etmək imkanı yoxdur, borcu hissə-hissə ödəyə bilər.

35. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar