Məhkəmə qərarları › İş №2(103)-6168/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6168/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6168/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3187/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2647,46 manat məbləğində əsas, 401,65 manat məbləğində faiz, 397,12 manat cərimə borcu, həmçinin dövlət rüsumu kimi ödənilmiş 54,86 manat olmaqla, cəmi 3501,09 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə 24 ay müddətinə qaytarılmaq şərti ilə 5000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli 393-ABC-0146-23 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 3.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun Əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixə 2647,46 manat əsas, 401,65 manat faiz, 397,12 manat cərimə borcu olmaqla, ümumilikdə 3446,23 manat kredit borcu vardır. Bоrcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq sonuncu bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3187/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehdən 2647,46 manat məbləğində əsas, 401,65 manat məbləğində faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 3149,11 manat məbləğində pul vəsaitinin və 51,49 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 3,37 manat hissəsinin iddiaçının özünə aid edilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad olunması, iş üzrə hərtərəfli və obyektiv araşdırmanın aparılmaması, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, məhkəmə iclasında iştirakının təmin olunmaması, ümumiyyətlə icraatdan məlumatsız olması, qətnamədən yalnız icra şöbəsində xəbər tutması, məhkəmədə iştirakı təmin olunsa idi, ekspertizanın təyin olunması barədə vəsatəti verəcəyi və s. kimi əsaslandırılmışdır. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 394-1-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, apellyasiya şikayəti ilə bağlı tərəflərin əlavə və vəsatəti, etirazı, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Bununla yanaşı, işə iddia icraatı qaydasında baxılması halı da müəyyən edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən iddianın təmin olunmayan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 393-ABC-0146-23 saylı krеdit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə istehlak yönümlü 24 ay müddətinə qaytarılmaq şərti 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 29 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli 393-ABC-0146-23 saylı kredit müqaviləsinə əsasən 25 fevral 2025ci il tarixə 2647,46 manat əsas, 401,65 manat faiz, 397,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3446,23 manat məbləğində borcu vardır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 393-ABC-0146- 23 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 24 ay müddətinə qaytarılmaq şərti ilə 5000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən müəyyən dövrlərdə ödənişlər olunsa da, sonradan cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq öhdəlik tam icra olunmamış, nəticədə cavabdehin bank qarşısında icra olunmamış öhdəliyi qalmışdır. Eləcə də, xx.xx.2025-ci il tarixli iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 2647,46 manat məbləğində əsas, 401,65 manat məbləğində faiz, 397,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3446,23 manat məbləğində borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun düzgün hesablanmamasını, ödənişlərin nəzərə alınmamasını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və s.) görünür ki, kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Cavabdeh apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin işdə olan sübutlarda (hesabdan çıxarış və s.) göstərilənlərdən daha artıq ödənişlərinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eləcə də, cavabdehin izahatı (bildirdikləri) özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, cavabdeh birinci instansiya məhkəməsində iştirakının təmin olunmamasını göstərsə də, işdən görünür ki, icraat sadələşdirilmiş formada aparılmış, cavabdehin ünvanına poçt vasitəsilə rəsmi qaydada məhkəmə bidirişləri və digər sənədlər göndərilmiş, lakin cavabdeh qanunla müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etiraz təqdim etməmişdir. MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bununla yanaşı, cavabdeh rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya icraatı zamanı da hər hansı vəsatət, etiraz və ya sübut təqdim etməmişdir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmiçnin qeyd edilməlidir ki, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır (3149,11 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3187/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3187/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar