Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-617/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3658/2014 saylı, 23.09.2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Məmmədov Orxan Ramiz oğlu, Cavabdeh2 və X5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 26846,09 manat əsas məbləğ, 328,12 manat faiz, ümumilikdə 27174,21 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin 32 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış mənzilin hesabına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzili satıldıqda həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X9 ilə yaşayan digər şəxslər 1 ay ərzində evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2013-cü il tarixli NA-165/2013 saylı kredit müqaviləsinə əsasən evin təmiri məqsədilə istifadə etmək üçün cavabdehə 06 ay müddəinə 44000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün 05.10.2013-cü il tarixli, NA-165/2013 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzili ipotekaya qoyularaq yüklü edilmiş, ipoteka müqaviləsi AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına alınaraq, bu barədə MH seriyalı, 02700074 saylı çıxarış verilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, gecikdirilmiş əsas kredit borcunu və hesablanmış faizləri ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud surətdə pozmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq, bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Hal-hazırda Cavabdeh1 banka 26846,09 manat əsas məbləğ, 328,12 manat faiz, ümumilikdə 27174,21 manat borcu vardır. “Dərə Ələyəz” MTK tərəfindən verilmiş 127 saylı arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzildə Cavabdeh2, X9 qeydiyatdadırlar. Cavabdehlər Cavabdeh2 və X13 oğlu tələb ipoteka predmetinə yönəldikdə mənzili tərk etmələri barədə öhdəlik götürmüşlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3658/2014 saylı, 23.09.2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 oğlundan 26846 (iyirmi altı min səkkiz yüz qırx altı) manat 09 (doqquz) qəpik əsas borc, 328 (üç yüz iyirmi səkkiz) manat 12 (on iki) qəpik faiz borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 27204 (iyirmi yeddi min iki yüz dörd) manat 21(iyirmi bir) qəpik "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat olmaqla, açıq hərracdan satılması, mənzilin açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 və X9 tərəfindən boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin tələbin ödənilməsindən artıq olduqda, qalıq məbləğin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Xəyal Sarıyev). Qətnamədən maraqlı şəxs X11 apellyasiya şikayəti verərək, qətnamənin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh2 ilə maraqlı şəxsin nikahı 30.06.1995-ci ildə Lənkəran şəhər nikah evində 106 nömrə ilə qeydiyyata alınmış və onlara 356954 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Bu nikahdan onların 2 oğlu dünyaya gəlmişdir. Birgə nikah dövründə V.Əliyevin vəsaiti hesabına ünvan 1 ünvanında 2 otaqlı mənzil alınmışdır. Bu mənzilə dair Cavabdeh2 adına MA seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Daha sonra onlar arasında fikir ayrılığı yarandığından 9 ildir ki ayrı ünvanlarda yaşayırlar. Hazırda V.Əliyevə bəlli olmuşdur ki, Cavabdeh2 həmyerlisi və rəfiqəsi Əzizə Məmmədovanın həyat yoldaşı Ramiz Məmmədov və oğlanları Cavabdeh1 tərəfindən aldadılmış və birgə nikah dövründə əldə etdikləri mənzili V.Əliyevin razılığı olmadan bank qarşısında yüklü etmişdir. Borc qərəzli şəkildə ödənilmədiyindən bank öz növbəsində borclu Cavabdeh1 köməyi ilə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakı ələ keçirmək niyyətindədir. Cavabdeh1 məsələyə mülki xarakter gətirməsi üçün tezbazar məhkəməyə ərizə yazaraq ona və Cavabdeh2 qarşı qaldırılan iddianı etiraf etdiyini bildirmişdir. R.Məmmədov və Ə.Məmmədova oğlanları (məhkum olunan) Cavid Məmmədovun o zaman sahib olduqları “Viləş Bank”ın 2013-cü ildə dövlətə xeyli miqdarda vergi borcu yarandığından, sonuncu barəsində istintaq getdiyi və bu səbəbdən də zərəri bağlamaqdan ötrü onlara borca pul lazım olduğunu, bu pulun qısa müddət ərzində "xxxx" ASC-dən çıxara biləcəklərini, lakin çıxarışı olan girov qoyulmasına mənzil lazım olduğunu Cavabdeh2 bildirmişlər. Sonuncu isə sadəlövhlüyündən 5-6 ay müddətində mənzilinin girov qoyulmasına razılıq verməklə bankal 05.10.2013-cü il tarixində NA- 165/013 saylı ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra 25 aprel 2014-cü ildə tanımadıqları X12 adlı şəxs Cavabdeh2 əvəzinə 05.10.2013-cü il tarixli NA-165/013 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşma imzalamışdır. Mütəşəkkil dəstə üzvləri olan Cavabdeh1, Məmmədov Ramiz Əlisa oğlu Cavabdeh2 hüquqlarını müdafiə edəcəyi bəhanəsi ilə ondan etibarnamə də alaraq, çox güman ki, onu öz xeyirlərinə istifadə etmişlər. İpoteka və borc müqavilələri Bakı şəhəri, Yasamal rayonu, 5 saylı notariat kontorunda bağlansa da, Əliyev Vasif adından icra olunan və bu notariat işlərinə əlavə olunan 02.10.2013-cü il tarixli və 24.04.2014-cü il tarixli saxta razılıq ərizələri guya şəxsən maraqlı şəxs Əliyev Vasifin iştirakı ilə icra olunmuş və Bakı şəhəri, Nərimanov rayonu, 9 saylı notariat kontorunda notarius Ələkbərova.S.R. tərəfindən təsdiq edilmişdir. Bu razılıq ərizələrinin surətləri ilə tanış olanda maraqlı şəxs Əliyev Vasif imzanın başqa şəxslər tərəfindən digər notariat kontorunda icra olunaraq sənədin saxtalaşdırıldığını aşkar etmişdir. O, bildirmişdir ki, bugün də kiril qrafikası ilə yazdığı halda, ərizələrdə latın əlifbası ilə yazılmışdır. Bunlar qanunsuz və cinayət xarakterli əməllərdir və hüquqi qiymət verilməlidir. Maraqlı şəxs apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və “İpoteka haqqında” Qanunun 8.1, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Prosessual Məcəllənin 265.4, 385, 394.1ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi Haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Mahmudova apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəçməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin və maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarından 04 oktyabr 2013-cü il tarixli, NA-165/013 saylı təminatlı kredit müqaviləsinə 01 saylı əlavədən görünür ki, Cavabdeh1 müqavilə üzrə ödənişi 6 ay ərzində hər ayın 04-də həyata keçirilməli idi. İş materiallarındakı 05 oktyabr 2013-cü il tarixli, NA-165/013 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayan "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli, NA-165/013 saylı təminatlı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 3.3 bəndinə əsasən ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyəri 65000 manat, likvid dəyəri 55000 manat məbləğində qiymətləndirilir. İş materiallarından MA Seriyalı,0053767 №-li Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 125A, mənzil 32 tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1133 nömrəli reyestr kitabının 102707 nömrəli vərəqində, ********** nömrə ilə 08.04.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından MX Seriyalı, ******* saylı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 125A, mənzil 32 "xxxx" ASC-nin “Kredit İnvest” filialının xeyrinə 6 ay müddətinə ipoteka ilə yüklü edilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1133 nömrəli reyestr kitabının 102707 nömrəli vərəqində (Reyestr nömrəsi: **********25-05301-093018), ********** nömrə ilə 18.10.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından X3 notariat qaydasında təsdiq edilmiş 03.10.2013-cü il tarixli ərizəsinə əsasən X2 Ruhəngiz Nizami qızının adına olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 125A saylı evin, 32 saylı, 2 otaqlı mənzilini ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəkdir. İş materiallarındakı Cavabdeh2 Kamil qızına ünvanlanmış 21 iyul 2014-cü il tarixli, 10/526-14 saylı bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 125A saylı evin, 32 saylı, 2 otaqlı mənzilinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanması bildirilmişdir. İş materiallarındakı Cavabdeh1 ünvanlanmış 05.03.2014-cü il tarixli, 10/139-14 saylı bildirişlərdən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməyəcəyi təqdirdə, Bank müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmə orqanları vasitəsi ilə tələbin ipoteka predmetinə yönəldilməsini xahiş edəcəkdir. İş materiallarından Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 10/525-14 saylı, 21 iyul 2014-cü il tarixli məktubdan görünür ki, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bank qarşısında yüklü edilmiş və Cavabdeh2 Kamil qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 125A saylı evin, 32 saylı, 2 otaqlı mənzilinə yönəldilməsi üçün Cavabdeh2 21 iyul 2014-cü il tarixli bildiriş göndərildiyi bildirilərək, “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 36.3 maddəsinə əsasən qeyd olunan bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarından 04.10.2013-cü il tarixli, 19 saylı qəbzə əsasən "xxxx" ASC-nin “Kredit İnvest” filialı tərəfindən Cavabdeh1 44000 manat məbləğində kredit verilmişdir. İş materiallarından "xxxx" ASC-nin 21 iyul 2014-cü il tarixli, 10/527/14 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 04 oktyabr 2013-cü il tarixli, NA-165/013 saylı təminatlı kredit müqaviləsinə əsasən banka 21 iyul 2014-cü il tarixinədək 26846,09 manat əsas məbləğ, 328,12 manat faiz borcu, cəmi 27174,21 manat ödnilməmiş borcu vardır. Cavabdeh1 tərəfindən 17153,91 manat əsas borc, 4777,20 manat faiz borcu ödənilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır: Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə görə predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Həmin qanunun 59.3 maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC-nin “Kredit İnvest” filialı arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli, NA-165/013 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh1 aldığı 44000 manatın təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilini 05.10.2013-cü il tarixli, NA-165/2013 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməməsinə görə digər Cavabdeh2 öz mülkiyyətində olan mənzili ilə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlak mülkiyyətçi Cavabdeh2 ilə X6 birgə nikah dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maraqlı şəxs apellyasiya şikayətində onun Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri mübahisəli mənzilin ipoteka qoyulmasına razılq vermədiyini və müqavilədəki imzanın ona aid olmamasını iddia etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılan zaman iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 34-cü vərəqində olan 24 aprel 2014-cü il tarixli ərizənin aşağı hissəsində imza qrafasında Əliyev.V yazısının qarşısında olan imzanın və mülki işin 2-ci cildinin 36-cı vərəqində olan 02.10.2013cü il tarixli ərizənin aşağı hissəsində imza qrafasında Əliyev Valeh yazısının qarşısında olan imzanın X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən, həmin ekspert rəyinə sübut kimi istinad edilməsini istisna edən hal mövcud deyildir. Məhkəmə kollegiyası iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən vurğulayır ki, ipoteka qoyulmuş və hazırda mübahisələndirilən mənzil Cavabdeh2 ilə maraqlı şəxs V.Əliyevin birgə nikah dövründə əldə edildiyindən onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə araşdırması zamanı kollegiya Ailə Məcəlləsinin 37.2-ci maddəsinə qeyd edilən diqqətəlayiq halları aşkar etmədiyindən hesab edir ki, mübahisəli mənzil üzrə Əliyev Valeh və Cavabdeh2 Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən payları bərabərdir. Bu səbəbdən də, hazırda mübahisələndirilən mənzilin ipoteka qoyulmasına Əliyev Valehin razılığının olmaması iş materialları və ekspert rəyinə əsasən müəyyən olunduğundan kollegiya hesab edir ki, ipoteka müqaviləsi X10 münasibətdə etibarsız hesab edilməlidir. Kollegiya mübahisəli mənzilin ipoteka qoyulmasına Cavabdeh2 özünün razılığının olmasını, bankın vicdanlı əldə edən olmasını və bankın verdiyi kreditin təminatsız qalmaması hallarını nəzərə alaraq hesab edir ki, ipoteka müqaviləsi tam etibarsız hesab edilməməli, yalnız X6 ipoteka predmeti olan əmlakda 2/1 pay hüququnun olması nəzərə alınaraq yalnız Əliyev Valehə münasibətdə etibarsız hesab edilməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməli, 05.10.2013-cü il tarixli, NA-165/2013 saylı ipoteka müqaviləsi qismən etibarsız hesab edilərək, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilinin 2/1 hissəsinə yönəldilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X6 apellyasiya şikayəti qismən, təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3658/2014 saylı, 23.09.2014-cü il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3658/2014 saylı, 23.09.2014cü il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilinin 2/1 hissəsinə yönəldilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-617/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-617/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver