Məhkəmə qərarları › İş №2(103)-6170/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6170/2022

02.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6170/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(004)-100/2022 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(004)- 100/2021 saylı qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh-yə qarşı maneələrin aradan qaldırılması və torpağın yerində ölçülməsi tələbinə dair ilk, Cavabdehnin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(004)-100/2022 saylı qərardadı ilə prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və müddətin bərpası barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə heç bir üzrlü səbəb olmadan müddəti bərpa etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(004)-100/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(004)-100/2021 saylı qətnaməsi 10 noyabr 2021-ci il tarixdə İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən sifarişli poçt qəbzinə imza edilməklə alınmış, 19 noyabr 2021-ci il tarixdə dövlət rüsumu ödənilərək qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət elektron məhkəmə sistemi vasitəsilə və qanunla müəyyən olunmuş formada verilmədiyinə görə apellyasiya instansiyası məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilərək şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(004)- 100/2021 saylı qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad 23 fevral 2022-ci il tarixdə İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən sifarişli poçt qəbzinə imza edilməklə alınmış və 26 yanvar 2022-ci il tarixli 2(004)-100/2021 saylı qərardadın ləğv olunması barədə şikayət verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(004)-100/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(004)-100/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı1 nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən qətnamədən ilk dəfə apellyasiya şikayəti verilərkən qanunla müəyyən olunmuş 1 aylıq müddət buraxılmadığından, habelə şikayət elektron məhkəmə sistemi vasitəsilə verilmədiyinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarıldığından, sonrakı dövrdə isə prosessual müddət qərardadlardan şikayətlər verilməsi və şikayətlərə baxılması ilə əlaqədar pozulduğundan, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(004)-100/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar