Məhkəmə qərarları › İş №2(103)-6171/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6171/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6171/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1573/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı AZ-İV 15342 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 iyun 2018-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ № 452410 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı pozulmuşdur. Bu barədə 04 mart 2023-cü il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əliyev, qadına Nuriyeva soyadı verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2410/2023 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, 05 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-173/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişidirilərək, iddiaçı Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh qızı birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. Diaqnoz: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh 200 manat və 311,36 manat olmaqla pensiya ödənişi alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manat sabit pul mələğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-173/2023 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladının onun yanında saxlanılması və cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2410/2023 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Yaşayış minimumu uşaqlar üçün 2024-cü il üzrə 235 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan alimentin məbləği 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda cavabdehin uşağın saxlanması üçün ödədiyi alimentin məbləği 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan kifayət qədər azdır. Bu isə uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun pozulmasına səbəb olur. Hesab edir ki, uşağın saxlanılması xərcləri yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 235 manat müəyyən edilməlidir. Hansı ki, uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat müəyyən edilsə də, hazırki bazar qiymətlərini nəzərə alınsa, uşağın gündəlik qidalanma, geyim xərclərini ödəmir. X1 2024-cü ilin sentyabr ayında da məktəbə başladığından ona çəkilən xərclər hazırda xeyli artmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun oğludur və əvvəl gözdən əlil olduğu üçün üçüncü qrup əlil hesab edilmişdir. İndi isə oğlu əmək qapiliyyətsizdir, işləmir və birinci qrup əlildir. Oğlundan məhkəmə qətnaməsinə əsasən 150 manat məbləğində aliment tutulur və həmin alimenti də o özü ödəyir, belə ki, oğlunun aldığı pensiya müalicəsinə və dərmanlarına xərclənir. O özü də onkoloji xəstədir, alimentin məbləği artırılarsa, bu onsuz da ağır olan maddi vəziyyətlərini daha da ağırlaşdıracaqdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1573/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2410/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 05 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, alimentin yeni qaydada tutulmasının hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Məhkəmə, alimentin tutulmasının uşağın qayğısına qalmaq və onu tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyini, uşağın mənafeyini və onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması, iddiaçının səhhətində baş vermiş dəyişikliyi, onun əmək qabiliyyətsiz olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(007)-2410/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78, 112-ci maddələrinə, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 19-cü maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli e-2(009)-1573/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, tərəflər 07 may 2015-ci il tarixində nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da sonradan bu münasibətlər pisləşmiş və ailə münasibətlərini qoruyub saxlaya bilməmişlər. Elə buna görə də cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-173/2023 nömrəli qətnaməsi ilə nikaha xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 173/2023 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, birgə nikahdan olan övladının anasının yanında qalması və uşağın saxlanılması üçün hər ay, 193 manat olmaqla, sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir. Daha sonra Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 2410/2023 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 150 manat sabit pul məbləğində alment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şikayətçi sağlamlığının 90 %-ni itirmişdir. Beyin arteriyalarının dəqiqləşdirilmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı keçirmişdir. Bunun da sağalması mümkün deyil, əllilik və ya sağlamlıq imkanları müddətsizdir, əmək qabiliyyəti yoxdur, ona 1-ci qrup əlilik dərəcəsi təyin olunmuşdur. Həmişə həkim nəzarətindədir, dərman perapatları qəbul edir. Dərman preparatları baha olduğundan aldığı pensiya ona çatmır. Onun 30 manat pensiyası artırılmışdır. Onu da Səbail Rayon Məhkəməsi cavabdehin xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə mülki işi tam araşdırmadan qətnamə qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2410/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən 05 iyun 3018-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli e-2(009)-1573/2024 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız təyin olunan aliment məbləği ilə bağlı hissəsində mübahisələndirdiyindən qətnamə yalnız təyin edilmiş alimentin məbləği ilə bağlı hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini nəzərə alıb onların birgə nikahlarından olan 6 yaşlı yeganə uşaqlarının saxlanması üçün iddiaçının alimentin artırılması tələbini qismən təmin edərək hər ay 180 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh apellyasiya şikayətində yeganə övladının saxlanması üçün təyin olunan alimenti ödəyə bilməyəcəyini qeyd etsə də, kollegiya hesab edir ki, artırılmış alimentin məbləği yetkinlik yaşına çatmayanların saxlanması üçün müəyyən olunan yaşayış minimumundan da aşağı olduğundan, yaş həddinə görə saxlanılması üçün kifayət qədər vəsait tələb olunan övladını cavabdeh də saxlamaq vəzifəsi daşıdığından apellyasiya şikayətinin dəlilləri əsassızdır. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsə də, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından olan 6 yaşlı bir uşağın saxlanmasına görə artırılmış alimentin məbləğini 180 manat olmaqla müəyyən etmiş, iddiaçı məhkəmə aktını mübahisələndirməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1573/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar