Məhkəmə qərarları › İş №2(103)-6172/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6172/2025

05.12.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6172/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, mənzilə köçürülmə”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda və öhdəlikdə payın müəyyən edilməsi, uşağa çəkilmiş tibbi və digər xərclərin ödənilməsi” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5497/2025 saylı 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Məmmədova (Əliyeva) Elnarə Süleyman qızı xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.

3. xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə blok 1, 4-cü mərtəbədə yerləşən iki otaqlı, tam sahəsi 77,60 kv.m, yaşayış sahəsi 41,41 kv.m olan 102 saylı mənzilinə dair müqavilə bağlanılmış, "xxxx" MTK mənzili təhvil verməyi, Cavabdeh mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli aylıq ödəniş qrafikindən görünür ki, cəmi məbləğ 27936 manat olmaqla, ilkin ödəniş 8000 manat olmuş, qalıq 19936 manatın 30 ay ərzində, 29 ay hər ay 664 manat, 30-cu ay 680 manat ödənilməsi nəzərdə tutulmuşdur.

5. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 konsultasiya olunub və terapiya keçməyə başlamışdır, terapiyalar davam etmişdir, seanslar üçün xx.xx.2025-ci il tarixindən arayış verilən tarixə cəmi 1965 manat ödəniş edilmişdir.

6. xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 36 ay müddətinə illik 12,9 faiz dərəcəsi ilə 30000 manat məbləğində istehlak məqsədi ilə kredit götürmüşdür.

7. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, eyni tərəflər arasıda məhkəmənin icraatında nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment tələbinə dair mülki iş mövcuddur. Həmin tələblərlə bağlı mediasiyanın tətbiqi barədə təklif xx.xx.2025-ci il tarixdə göndərilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 54 B, M4, 2 saylı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə rəsmi nikahı xx.xx.2017ci ildə bağlanmış, cavabdehin ona qarşı nikahın ləğvi, uşağın onun yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Xətai Rayon Məhkəməsinin icraatındadır, cavabdehlə birgə yaşadıqları müddətdə ipoteka yolu ilə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 54 B, M4, 2 saylı iki otaqlı mənzilini əldə etmişlər, ipoteka və sair xərcləri birlikdə işləyib ödəmişlər, indiyədək də cavabdehlə həmin mənzildə birlikdə yaşayırlar, cavabdeh ona qarşı nikahın pozulmasına dair iddia qaldırdığından, o da mənzilin ona düşən hissəsini tələb edir. 10.Daha sonra ilkin İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, ünvan 2 ünvana köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırlmışdır ki, onunla Cavabdehova birgə aktiv nikah dövründə hər ikisinin vəsaiti ilə aldıqları mənzil ümumi mənzilləridir, həmin mənzil əldə edilərkən kimin çox, kiminsə az vəsait ödəməsinin heç bir fərqi yoxdur. Cavabdeh bank kreditini 25 sentyabr 2025-ci ildə götürmüşdür, həmin vaxt o, Cavabdeh ilə birgə təsərrüfat aparmırlardı, faktiki olaraq hazırkı vaxta qədər ayrılıqda yaşayırlar, arada qızıyla görüşmək üçün həftədə bir dəfə mənzilə gəlib-gedir. Həmin məbləg ailə ehtiyacları üçün yox, Cavabdeh qardaşının ehtiyacları üçün götürülən kreditdir. O, qarşılıqlı iddiadakı 30 min manatlıq kredit borcu ilə bağlı ona qarşı verilmiş tələblə qəti olaraq razı deyildir, cavabdeh onların ailəsini məhz həmin kreditə görə dağıtmışdır, belə ki cavabdeh daim bankdan kredit götürmək istəsə də ona mane olmuş, xx.xx.2025-ci ildə bankdan götürdüyü bank kreditindən onun xəbəri yoxdur,çünki cavabdehin həmin krediti götürən vaxtlarda onlar faktiki olaraq ayrılmışlar və bir yerdə yaşamırlar. Onun ailədən getməsi də məhz kredit almaqda Cavabdeh mane olmaq istəməsidir.Çünki bilmişdir ki, cavabdeh həmin krediti ailəsi üçün yox, öz qardaşı üçün almaq istyəyir. O,ailədən gedən kimi Cavabdeh həmin krediti götürmüşdür, həmin kredit müqaviləsində imzası yoxdur. Beləliklə, Cavabdeh qarşılıqlı iddia üzrə irəli surduyu tələblər əsassızdır və təmin edilməməlidir. Əksinə, o, iddia tələbinin həcmini artıraraq mübahisəli mənzilə köçürülməsini tələb edir. 12.Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayına qədər (10 ay) üçün aylıq 1009.38 (bir min doqquz, 38 qəp.) manat, ümumilikdə 10x1009.38=10093.8 (on min doxsan üç, 80 qəp) manat məbləğin yarısı, yəni 5046.9 (beş min qırx altı, 90 qəp) manatın iddiaçıdan cavabdehin xeyrinə tutulması, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq kredit borcunun ½ hissəsinin, yəni 11037.39 (on bir min otuz yeddi, 39 qəp) manatın iddiaçıya aid edilməsi, qızı X7 tibbi xərclərinin ödənilməsi üçün tərəfindən ödənilmiş 1950 manatın yarısı yəni 975 (doqquz yüz yetmiş beş) manat iddiaçıdan cavabdehin xeyrinə tutulması, qızı X7 müxtləlif ehtiyacları üçün tərəfindən xərclənmiş 4378.8 (dörd min üç yetmiş səkkiz, 80 qəp) manatın yarısı, yəni 2189.4 (iki min yüz səksən doqquz, 40 qəp) manat iddiaçıdan cavabdehin xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 54 B, M4, m2 ünvanında yerləşən mənzil üzərində İddiaçı 1/4 və Cavabdeh 3/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar, nikahdan xx.xx.2018-ci ildə X9rı doğulmuşdur.Ər– arvad münasibəti pozulmuşdur, bu səbəbdən nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət edilmiş və hal-hazırda məhkəmə işi (e2(011)-3831/2025) davam etməkdədir. Cari ilin mart ayından etibarən faktiki olaraq ayrı yaşayırlar, birgə nikah dövründə cavabdeh tərəfindən ailə ehtiyacları üçün kredit götürülmüşdür. Kredit № CL- EE004366567 saylı, xx.xx.2024- cü il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" bankdan götürülmüş və ümumi kredit məbləği 30000.00 (otuz min) manat təşkil etmişdir. Tərəflər faktiki olaraq 2025-ci ilin mart ayından ayrılmışlar və ayrı yaşayırlar. Bu dövrdə Cavabdeh tərəfindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayına qədər (10 ay) üçün aylıq 1009.38 (bir min doqquz, 38 qəp.) manat, ümumilikdə 10x1009.38=10093.8 (on min doxsan üç, 80 qəp) manat ödənilmişdir. Həmin ödənilmiş məbləğin yarısı, yəni 5046.9 (beş min qırx altı, 90 qəp) manat İddiaçı onun xeyrinə tutulmalıdır. Həmçinin, bundan sonra qalıq kredit borcunun ½ hissəsi, qalıq ümumi 22024.79 (iyirmi iki min iyirmi dörd min, 79 qəp) manat məbləğində borcun yarısı, yəni 11037.39 (on bir min otuz yeddi, 39 qəp) manat qalıq borc İddiaçı aid edilməlidir. X2 nitqində qüsur olduğu üçün mütəmadi olaraq loqoped yanına getməkdədir. 2025-ci ilin mart ayından münasibətlərinin korlanması ilə əlaqədar uşaq həm loqoped, həm də psixoloq yanına getmək məcburiyyətində qalmışdır. 2025-ci ilin mart ayından bu günə qədər uşağın bütün tibbi xərclərini Cavabdeh ödəmişdir, hal-hazırda tərəfindən ödənilmiş məbləğ 1950 (bir min doqquz yüz əlli) manat təşkil edir. Məbləğin tam yarısını, yəni 975 (doqquz yüz yetmiş beş) manatı İddiaçı onun xeyrinə tutulmalıdır. Həm birgə nikah dövründə həm də mart ayından bu günə qədər uşağın bütün ehtiyacları onun tərəfindən ödənilir, bu məqsədlə uşağın müxtləlif ehtiyacları üçün tərəfindən 4378.8 (dörd min üç yetmiş səkkiz, 80 qəp) manat xərclənmişdir. Həmin ödənilmiş məbləğin yarısı, yəni 2189.4 (iki min yüz səksən doqquz, 40 qəp) manat İddiaçı onun xeyrinə tutulmalıdır. İddiaçının ərizəsində qeyd etdiyi ünvan 4 ünvanında yerləşən mənzil isə, iddiaçının qeyd etdiyi kimi birgə nikah dövründə əldə edilməmişdir. Belə ki, mənzilin alınması ilə bağlı 0290 saylı müqavilə 25 aprel 2017-ci il tarixdə, yəni tərəflərin birgə nikaha daxil olmadığı vaxta əldə edilmişdir. Nikah isə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. 25 aprel 2017-ci il tarixli, 0290 saylı müqavilə üzrə mənzilin ümumi dəyəri 27936 manat olmuşdur. Cavabdeh müqavilə şərtlərinə görə 8000 (səkkiz min) manat olmaqla ilkin ödəniş və may-avqust aylarına görə ayı 664 (altı yüz altmış dörd) azn olmaqla 2656 (iki min altı yüz əlli altı) manatı mənzil üçün ödəmişdir. Beləliklə, o, nikaha qədər mənzil məbləğinin təxminən 40%-ni ödəmişdir. Bu səbəbdən ilkin iddia ərizəsində qeyd etdiyi kimi mənzilin ½ hissədə bölünməsi mümkün deyil. İddiaçı mənzil payının ən yaxşı halda 30% münasibətdə sahiblənə bilər. Mənzilin bütün dəyəri onun əmək haqqı və atasının maliyyə vəsaitinə əsasən ödənilmişdir. Yəni, İddiaçı mənzilin alınmasında hər hansı maliyyə vəsaiti xərcləməmişdir. 14.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 sentyabr 2025-ci il tarixli, e-2(011)-5497/2025 nömrəli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) birgə nikah dövründə əldə edilmiş mənzil üzərində payların müəyyən edilməsi tələbinə dair ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzil üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, mənzilə köçürülmə hissəsində ilkin iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzilə köçürülməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia uşağa görə çəkilmiş əlavə xərclərin ödənilməsi hissəsində təmin edilməsi, İddiaçı 975 manat tutularaq Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzil üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payları müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, payların müəyyən edilməsi zamanı mənzil haqqının həqiqətən kim tərəfindən ödənildiyinə dair sübutlara hüquqi qiymət verməmişdir. Əmlak üzərində pay hüquqlarını müəyyən edərkən hakim bu daşınmaz əmlakın həqiqətəndə ailə ehtiyacları üçün istifadə olunduğunu müəyyən etməmiş və əmlak üzərində pay hüquqlarını müəyyən etmişdir. Həmçinin uşağın psixi və nevroloji müalicə aldığına dair müvafiq sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə pay hüququnun olmasını əsas gətirərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m2 ünvanında yerləşən mənzilə köçürülməsi qərarını vermişdir. Məhkəmə Cavabdeh tərəfindən tərəflərin birgə nikahından doğulmuş uşağa çəkilən xərclərin eləcə də tibbi xərclərin yarısının İddiaçı tutulması ilə bağlı qarşılıqlı iddianı yalnız tibbi xərclərin bölünməsi hissəsində təmin etmişdir. Bu hissədə hakim yetkinlik yaşına çatmayan uşağın saxlanılması, gündəlik təlabatlarının qarşılanması xərclərində digər valideynin iştirakını təmin etmək üçün qanunvericilik həmin xərclərin sonradan bölünməsi barədə deyil, aliment tələbi ilə bağlı iddia qaldırmaq və alimentin məhkəməyə müraciət edildiyi vaxtdan təyin edilməsi hüququnu tanımışdır. Hazırda tərəflər arasında nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatındadır. Bu hissədə hakim aliment tələbinin nə vaxt müəyyən edildiyini müəyyən etmədən daha əvvəllər mövcud olmuş xərcləri nədənsə tanımaqdan imtina etmişdir. Hesab edirik bu cür yanaşma həm uşaq, həm valideynin hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Qarşılıqlı iddia tələbinin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyində İddiaçı 1/2 hissədə payının tanınması və həmin kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən edilmiş ödənişlərin yarısının İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində qarşılıqlı iddia təmin edilməmişdir. Belə ki, birgə nikah dövründə yaranmış öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Çox qəribədir ki, yuxarıda mövcud olan əmlak üzərində pay hüquqlarını müəyyən edərkən hakim bu daşınmaz əmlakın həqiqətəndə ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən etməmiş və əmlak üzərində pay hüquqlarını müəyyən etmişdir. Əgər daşınmaz əmlakla bağlı hissədə heç bir tərəf daşınmaz əmlakın həqiqətən də ailə ehtiyacları üçün istifadə olunduğunu müəyyən edən sübut gətirməyibsə hakim isə əmlak paylarını müəyyən edibsə, bəs onda niyə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyində payların müəyyən edilməsində hakim sübut olmamasına istinad edir. Qeyd etmək istərdik ki, qarşı tərəf kredit müqaviləsinin götürülməsindən və xərclənmə istiqamətindən xəbərdar olduğu barədə müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Qətnamədə eyni hüquqi hala iki fərqli yanaşmanın tətbiqi həm maddi, həm də prosessual hüquqların pozulmasıdır. Odur ki, birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18.İddiaçı və cavabdeh məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 24.Hazırkı işdə həm ilkin həm də qarşılıqlı iddia qismən təmin olunduğundan və qətnamə iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ilkin iddianın təmin edilmiş qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticələri və iş materiallarına verilmiş hüquqi qiymətləndirməni araşdıraraq hesab edir ki, mübahisəli mənzilin dəyərinin ödənilməsində tərəflərin faktiki payları birinci instansiya tərəfindən düzgün müəyyən edilmişdir. Belə ki, mənzilin ümumi dəyəri 27 936 manat olmaqla, bunun 9 992 manatının nikaha qədər Cavabdeh tərəfindən ödənilməsi və qalan 17 944 manatın isə nikah dövründə tərəflərin bərabər paylarla ödəməsi nəzərə alınaraq mənzil üzərində 2/3 hissədə Cavabdeh, 1/3 hissədə Firuz Gülməmməd oğlunun mülkiyyət payının tanınması birinci instansiya tərəfindən əsaslı nəticədir. Həmçinin məhkəmənin İddiaçı paylı mülkiyyətçi kimi mənzilə köçürülməsi barədə tələbini təmin etməsi də Mülki Məcəllənin paylı mülkiyyət hüququna dair tələblərinə uyğun hesab olunur. 27.Yetkinlik yaşına çatmayan uşağın gündəlik saxlanma xərclərinin sonradan bölünməsi tələbinin təmin edilməməsi, yalnız tibbi xərclərin bölünməsi hissəsinin qəbul olunması da qanunvericiliyin alimentin yalnız məhkəməyə müraciət edildiyi vaxtdan təyin edilməsi qaydasına uyğun olduğundan kollegiya tərəfindən düzgün qiymətləndirilmiş sayılır. Bu səbəblə birinci instansiya məhkəməsinin həmin hissələr üzrə nəticələri apellyasiya instansiyası tərəfindən dəyişdirilməsinə ehtiyac olmayan əsaslı hesab edilir. 28.Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri mənzil üzrə payların müəyyən edilməsi ilə bağlıdır. Şikayət edən tərəf iddia etmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 B, M4, m.2 ünvanında yerləşən mənzilin alınmasında kimin faktiki olaraq vəsait ödədiyini araşdırmamışdır.

29. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında mənzilin alınmasına dair ödənişlərin qaynağı, tərəflərin nikahdan əvvəl və nikah dövründə qazandıqları şəxsi və ümumi vəsaitlərin nisbəti birinci instansiya tərəfindən hərtərəfli araşdırılmışdır. Qətnamədə nikahdan qabaq cavabdehin ödədiyi 9992 manatın şəxsi vəsait hesab edilməsi və nikah dövründə mənzilin dəyərinə düşən 8972 manatın ümumi vəsaitin ½ hissəsi olması Ailə Məcəlləsinin 32-ci maddəsinə tam uyğun qiymətləndirilmişdir. Şikayətçinin “mənzil haqqının kim tərəfindən ödənilməsi barədə sübutların nəzərə alınmaması” barədə iddiasını təsdiqləyən yeni və yaxud qiymətləndirilməmiş sübut təqdim edilməmişdir. Bununla bağlı apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya tərəfindən mənzil üzrə 1/3 – ər, 2/3 – arvad paylarının müəyyən edilməsi maddi hüquq normalarına tam uyğundur və dəyişdirilməsinə əsas yoxdur. 30.Cavabdeh apellyasiya şikayətində birgə nikahdan doğulmuş uşağın psixi və nevroloji müalicə aldığı üçün atanın həmin mənzilə köçürülməsinin mümkün olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası qeyd edir ki, birinci instansiya qətnaməsində tərəflərin mənzil üzərində pay hüququnun mövcudluğu müəyyən olunmuş və Mülki Məcəllənin 228 və 229-cu maddələrinə əsasən payçının öz payına uyğun istifadə hüququna malik olduğu təsdiq edilmişdir. Uşağın səhhətinə dair təqdim edilmiş sənədlər iş materiallarına əlavə edilsə də, bu sənədlərdə atanın həmin mənzildə yaşamasının uşaq üçün real, aşkar və birbaşa təhlükə yaratdığına dair tibbi rəy mövcud deyil. Ailə Məcəlləsi uşaqla ünsiyyət məsələləri və valideynin yaşayış yerinə dair məhdudiyyətləri yalnız məhkəmənin ayrıca icraatında və konkret sübutlar əsasında tətbiq edilməsini nəzərdə tutur. Bu səbəbdən birinci instansiyanın ər-arvadın pay hüququ əsasında iddiaçının həmin mənzilə köçürülməsi haqqında qənaəti qanuna uyğundur və dəyişdirilməsini tələb edən hüquqi əsas yoxdur. 31.Cavabdeh uşağa çəkilmiş gündəlik və tibbi xərclərin yarısını tanımadan aliment mexanizminə istinad edilməsində birinci istansiya tərəfindən səhvliyə yol verildiyini bildirmişdir. Ailə Məcəlləsinin 76 və 78-ci maddələri yetkinlik yaşına çatmayan uşağın saxlanılması ilə bağlı xərclərin alimenti tənzimlədiyini müəyyən edir. Belə ki, uşağın saxlanılması üzrə ümumi və gündəlik xərclərin sonradan bölüşdürülməsi institut kimi mövcud deyil; həmin xərclərin əvəzinin tutulması yalnız aliment tələbi qaldırıldığı andan mümkündür. Hazırda aliment və uşağın himayəsi barədə işin ayrıca icraatda olması da bunu təsdiq edir. Bu baxımdan birinci instansiya yalnız tibbi xərclərin bölünməsi hissəsini təmin etməklə tamamilə düzgün nəticəyə gəlmişdir. Qalan hissədə tələbin rədd edilməsi qanunvericiliyə uyğundur. 32.xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyi barədə şikayətçi bildirir ki, birinci instansiya eyni hüquqi hala iki fərqli yanaşma tətbiq etmişdir. Apellyasiya instansiyası qeyd edir ki, Ailə Məcəlləsinin 32 və 34-cü maddələrinə əsasən nikah dövründə yaranmış öhdəliklərin ümumi hesab edilməsi üçün iki şərt olmalıdır: 1. öhdəlik nikah dövründə yaranmış olsun; 2. borc ailə ehtiyacları üçün istifadə edilsin.

33. İş materiallarında kredit üzrə əldə olunan vəsaitin ailə ehtiyacları üçün xərclənməsi barədə iddia sübut olunmamışdır. Qarşı tərəfin xəbərdar olması faktı isə borcun ailə ehtiyacına xidmət etdiyini avtomatik təsdiq etmir. Daşınmaz əmlakın alınmasında payların müəyyən edilməsi ilə kredit öhdəliyinin mahiyyəti fərqli hüquqi münasibətlərdir və onların sübut standartı eyni deyil. Tərəflər kredit pulu ilə məhz ailə üçün hansı əmlakın və ya xidmətin əldə edildiyini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu səbəbdən kredit öhdəliyində 1/2 payın tanınmasından imtina edilməsi maddi hüquqa tam uyğundur.

34. Materiallardan görünür ki, kredit müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanmış, tərəflər arasında ailə münasibətlərinin gərginləşməsi və faktiki ayrılığın formalaşdığı dövr isə xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət olunması ilə təsdiqlənir. Bu iki tarix arasında keçmiş təxminən beş aylıq müddət ərzində kredit vəsaitinin ailənin ümumi tələbatlarına və ya birgə təsərrüfatın xeyrinə istifadə edildiyini göstərən heç bir yazılı sənəd, qəbz, bank hərəkəti və ya digər obyektiv sübut təqdim edilməmişdir.

35. Cavabdehin “atasının ev təmirinə pul verdiyi, bu səbəbdən kreditin götürülüb qaytarıldığı və öhdəliyin ümumi sayılması” barədə izahları faktlarla və sübutlarla dəstəklənmədiyi üçün məhkəmə tərəfindən hüquqi əhəmiyyətli sübut kimi qəbul edilə bilməz. Ailə Məcəlləsinin 32-ci maddəsi birgə borcun mövcudluğunu təsdiqləmək üçün vəsaitin ailə ehtiyaclarına yönəldilməsini iddia edən tərəfin sübut etməsi öhdəliyini birbaşa nəzərdə tutur. İş materiallarında bu tələbi təmin edən hər hansı dəlil mövcud olmadığından kreditin ailənin maraqlarına sərf edildiyi qənaətinə gəlmək üçün hüquqi əsas yoxdur. Bu səbəbdən, götürülmüş kredit vəsaitinin tərəflərin birgə mənafeyi üçün istifadə edildiyini təsdiq edən sübutların olmaması şəraitində mübahisəli kredit öhdəliyinin “ümumi borc” kimi qiymətləndirilməsi əsassız hesab olunur, cavabdehin bu barədə irəli sürdüyü iddialar isə hüquqi cəhətdən inandırıcı və sübuta yetirilmiş sayılmır. 36.Məhkəmə iş materiallarına əlavə edilmiş İddiaçı yazılı izahatını (ərizəsini) da qiymətləndirmiş və müəyyən etmişdir ki, həmin izahat kredit öhdəliyinin ailənin ümumi tələbatları üçün götürüldüyünü sübut etmir.

37. Belə ki, cavabdeh öz ərizəsində kredit götürülən dövrdə tərəflərin faktiki olaraq ayrı yaşadıqlarını, kredit müqaviləsinin bağlanmasından əvvəl razılığının alınmadığını, kreditin hansı məqsədlə və ailə xərcləri üçün istifadə olunduğuna dair məlumatının olmadığını, habelə kredit müqaviləsində onun imzasının mövcud olmadığını göstərmişdir. Cavabdehin kreditdən “xəbərdar olması” barədə ümumi ifadəsi isə Ailə Məcəlləsinin 32 və 34-cü maddələrində nəzərdə tutulmuş ümumi borcluluq şərtlərindən heç birini təsdiq etmir və borcun ailə ehtiyacları üçün götürüldüyünə dair hüquqi əhəmiyyətli sübut hesab oluna bilməz. Məhkəmə hesab edir ki, təqdim edilmiş bu ərizə kreditin nikah dövründə ailə tələbatlarına sərf olunmasını sübut etmir və əksinə, borcun şəxsi öhdəlik xarakteri daşıdığını təsdiq edən dəlil kimi qiymətləndirilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun bölünməməsi barədə nəticəsi düzgün hesab edilir və dəyişdirilməsi üçün əsas yoxdur. 38.Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. 39.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). 40.Göstərilənlərə əsasən Mülki Prosessual Məcəllənin 372, 382, 385.2, , 389, 392, 393, 402 və 404- 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5497/2025 saylı 04 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar